Ağdamda yeni arxeoloji materiallar aşkar edilmişdir | Təhsil Elanları
Ağdamda yeni arxeoloji materiallar aşkar edilmişdir
Bölmə:Xəbərlər 613 dəfə oxunub
05.08.2013

Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı “Palıdlı” nekropolunda aparılan arxeoloji qazıntı zamanı yeni materiallar aşkarlanmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərovdan aldığımız məlumata görə, “Palıdlı” nekropolunda eramızdan əvvəl XII-XI əsrlərə aid torpaq qəbir aşkar edilmişdir. Heç bir yerüstü əlamətə malik olmayan bu qəbir yeniyetməyə məxsusdur. Ətrafında müxtəlif tip keramika nümunələri – küplər və cam aşkar edilmişdir. Qoşa qulplu küpün və camın üzəri çıxıntılı, həmçinin çərtmə üsulu ilə, həndəsi naxışlarla örtülüdür.
Qeyd edək ki, “Palıdlı” nekropolunda tədqiqatlar 2009-cu ildən başlanmış, 20-dək qəbir açılmışdır. Eramızdan əvvəl XII-XI əsrlərə aid torpaq qəbirlərdə çoxlu miqdarda saxsı qablar, küplər, sərnic, bardaq, cam, nehrə, bəzək əşyaları aşkar edilmişdir. Tapıntılar nekropolda müxtəlif sosial təbəqədən olan insanların dəfn edildiyini göstərir.
“Palıdlı” nekropolunda tədqiqatlar davam etdirilir.

 

www.science.gov.az