Elmin İnkişafı Fondu 2-ci “Mobillik qrantı”müsabiqəsinin nəticələrini elan etmişdir | Təhsil Elanları
Elmin İnkişafı Fondu 2-ci “Mobillik qrantı”müsabiqəsinin nəticələrini elan etmişdir
Bölmə:Xəbərlər 617 dəfə oxunub
05.08.2013

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu qrantların verilməsi üzrə 2013-cü il üçün 2-ci “Mobillik qrantı” müsabiqəsinin nəticələrini elan etmişdir. Müsabiqənin keçirilməsində məqsəd alimlərin elmi fəaliyyətini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə (beynəlxalq konfrans, simpozuim və seminarlarda) şifahi məruzələrlə çıxış etmək, ixtisasardırma məqsədilə qısamüddətli təcrübəkeçmədə iştirak etmək, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulmasına imkan yaratmaqdır.
Qeyd edək ki, “Mobillik qrantı” 2013-cü ildə təsis edilmişdir və artıq 1-ci müsabiqə çərçivəsində 15 layihə reallaşdırılmışdır. Ümumi maliyyələşdirilmə həcmi 49600 manat olan 1-ci müsabiqə çərçivəsində Azərbaycandan olan alim və mütəxəssislər İsveç, İspaniya, Şotlandiya, İngiltərə, Bolqarıstan, Belarus və Türkiyədə 8 yüksək səviyyəli elmi tədbirlərdə iştirak etmiş, həmçinin Almaniya, Hollandiya, İngiltərə, Rusiyada ixtisasartırma məqsədilə 7 qısamüddətli təcrübəkeçmədə olmuşlar.
Nəzərə çatdımaq lazımdır ki, Elmin İnkişafı Fondu digər analoji qrantlardan fərqli olaraq nəinki ənənəvi səyahət xərclərini, eyni zamanda tədbirin qeydiyyatı, viza, sığorta, təcrübəkeçmənin baş tutduğu təşkilatla bağlı və digər xərcləri də ödəyir.
2 avqust tarixində Elmin İnkişafı Fondu 2-ci “Mobillik qrantı” müsabiqəsinin nəticələrini açıqlamışdır. Cari müsabiqə üzrə ümumi maliyyələşdirilmə məbləği 67200 manat olmaqla 13 qalib layihə müəyyənləşdirilmişdir. Bu layihələr çərçivəsində Koreya, İtaliya, Çex Respublikası, Rusiya, Ukrayna və Türkiyədə 11 elmi təcrübəartırma baş tutacaqdır.
2 layihə üzrə isə Avstriya və Rusiyada keçiriləcək beynəlxalq konfranslarda ölkəmiz təmsil olunacaqdır. Adıçəkilən layihələr AMEA-nın Geologiya, Zoologiya, Mikrobiologiya institutlarını, Şamaxı Astofizika Rəsədxanasını, Azərbaycan Tibb Universitetini, Bakı Dövlət Universitetini, Bakı Slavyan Universtietini və Azərbaycan Dövlət Pedaqoji Universitetini əhatə edir.
Statistika göstərir ki, “Mobillik qrantı” müsabiqələrində gənc alimlər daha fəal iştirak edirlər və 1-ci müsabiqədə elmi tədbirlərdə iştirak tipli layihələr üstünlük təşkil edirdisə, 2-ci müsabiqədə əksər layihələr təcrübəartırma xarakterlidir. “Mobillik qrantı”nın ölkədə kadr potensialının formalaşdırılmasında xüsusi rolu vardır.
Elmin İnkişafı Fondu bu yaxınlarda 2013-cü il üçün 3-cü “Mobillik qrantı” müsabiqəsini elan edəcəkdir. Müsabiqənin ildə ən azı 3 dəfə elan edilməsi alimlərə daha çox elmi tədbir və təcrübəartırmalarda iştirak imkanı yaradır.

 

www.science.gov.az