İ.E.Repin adına Sankt-Peterburq Dövlət Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almaq istəyənlərin nəzərinə! | Təhsil Elanları
İ.E.Repin adına Sankt-Peterburq Dövlət Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almaq istəyənlərin nəzərinə!
Bölmə:Xəbərlər 882 dəfə oxunub
24.04.2019

Azərbaycan Respublikasının vətəndaşlarının Rusiyanın Sankt-Peterburq Dövlət Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda dövlət xətti ilə təhsil almaq imkanları var

Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin Elm və təhsil departamentinin məlumatına əsasən, Azərbaycan vətəndaşlarının ali təhsil müəssisəsinin rəngkarlıq, qrafika, heykəltəraşlıq, sənətşünaslıq, incəsənət tarixi və nəzəriyyəsi və memarlıq ixtisaslarına qəbul olunmaları üçün zəruri şərait yaradılıb. Qəbul olunan tələbələrin təhsil haqqı RF-nin büdcəsi hesabına Rusiya vətəndaşları üçün nəzərdə tutulmuş şərtlərlə ödəniləcəkdir. Bundan əlavə, tələbələrə aylıq təqaüd veriləcəkdir. Yataqxanaya ehtiyacı olan tələbələr üçün yataqxanada yer ayrılacaq və onlardan ayda 400 rubl məbləğində yataqxana xərci alınacaqdır.

Sənətşünaslıq ixtisası üzrə qəbul yalnız aspiranturaya aparılır. İncəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə qəbul bakalavr və magistr səviyyələri üzrədir. Digər ixtisasların isə bakalavr səviyyəsinə qəbul aparılır. Qəbul imtahanları 2019-cu il iyul ayının 1-dən etibarən başlayacaqdır. Qəbul qaydaları ilə bağlı zəruri məlumatlar institutun internet saytında yerləşdirilib.

Tələbə qəbulu Sankt-Peterburq VII Beynəlxalq Mədəniyyət Forumu nəticəsində əldə olunmuş razılığa əsasən Rusiya-Azərbaycan mədəni əməkdaşlığının genişləndirilməsi tədbirləri çərçivəsində həyata keçirilir.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, əlavə məlumatı RF Mədəniyyət Nazirliyinin Elm və təhsil departamentindən ala bilərlər (8 495 629 10 10*6969 Bukrinskaya M.A.).