DP hesabına Birmingemdə oxuyan qızla MÜSAHİBƏ | Təhsil Elanları
DP hesabına Birmingemdə oxuyan qızla MÜSAHİBƏ
Bölmə:Müsahibələr 1153 dəfə oxunub
07.03.2016

Hər vaxtınız xeyir olsun! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) çərçivəsində müsahibə mərhələsindən uğurla keçən növbəti tələbə ilə müsahibəni təqdim edirəm. Əgər sizin də tanığınız tələbələr varsa, mənimlə əlaqə saxlaya bilərsiniz (şərhlər bölməsində). Buyurun, tanış olun, bu gün müsahibəmin qonağı Birmingem Universitetinin tələbəsidir. Gəlin onunla yaxından tanış olaq.

-Salam! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin. Özünüz haqqınızda qısa məlumat verin.

— Salam. Mən, Nərmin Kərimli 1993-cü ildə Bakı şəhərində anadan olmuşam. 2011-ci ildə N.Rəfiyev adlı 104 saylı orta məktəbi fərqlənmə ilə bitirmiş,  həmin ildə Azərbaycan Dillər Universitetinin Filologiya (İngilis dili və Ədəbiyyatı) ixtisasına qəbul olmuşam. 2015-ci ildə isə universiteti fərqlənmə ilə bitirmiş və “2007-2015 Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı”na müraciət edib müsahibədən müsbət nəticə əldə etmişəm. Hal-hazırda isə İngiltərənin Birmingem (Birmingham) Universitetində “İnternational studies in education” ixtisası üzrə magistr təhsil alıram.

— Təhsilinizi hansı ölkədə davam etdirmək istəyirdiniz?

— Seçdiyim ixtisas üzrə təhsilin keyfiyyətinin məhz İngiltərədə yaxsı olduğunu düşünürdüm və buna görə də seçimim bu ölkə oldu. Bundan əlavə, burada təhsil almağı məktəb illərindən qarşıma məqsəd qoymuşdum.

— Nəyə görə bu ixtisası və universiteti seçmisiniz?

— Təhsil sahəsində ixtisaslaşıb, gələcəkdə bu sahəsində işləmək və töhvə vermək istəyirəm. Həmçinin, təqaüd üçün müraciət edərkən seçdiyiniz ixtisasla sizin bakalavr ixtisasınız arasında uyğunluq olmalıdır. Əks halda müraciətiniz qəbul olunmur. Universitetə gəldikdə isə, əksər hallarda bir sıra universitetlərə mürəciət edirik, lakin, yekun seçim zamanı orda götürəcəyimiz modulları, metodları və bir sıra başqa fəaliyyətləri nəzərə alıb qərar veririk. Araşdırdığım zaman Birmingem universitetində keçəcəyim fənlərin mənim gələcək planlarımda daha faydalı olacağını düşünərək seçdim.

— Keçək DP-də müsahibə mərhələsinə. Müsahibə necə keçdi, Komissiyada kimlər var idi, təəssüratlarınız barədə oxucularımıza danışın. Müsahibə hansı dillərdə keçdi?

— Müsahibə təxmini 15-20 dəqiqə çəkdi. Komissiyanın üç üzvü əyləşmişdi. Ümumi abu-hava normal idi. Suallar Azərbaycan və İngilis dillərində oldu. İlk sual nə üçün magistr təhsilimi xaricdə davam etdirmək istədiyim haqqında idi. Daha sonra isə nə üçün bu ölkə?, bu ixtisas?, gələcək planlarım nədir?,qayıdıb gəldikdən sonra nə kimi töhvələr verməyi düşünürəm? Mən bu suala cavab verərkən seçimimi belə izah etdim: təhsil sahəsinə marağım var və  iş təcrübəm var, bu sahəyə öz töhfəmi vermək istəyirəm və birdə ali təhsil sahəsində gələcəkdə tələbələrə konsaltinq xidmətləri göstərmək fikrim olduğunu bildirdim. Ümumi dünyagörüşü ilə bağlı suallar, liderliklə bağlı fikirlərim, tarixi abidələr, Türkmənçay, Gülüstan müqavilələri,  20 Yanvar, Xocalı soyqırımı,  eləcə də digər rayonların işğal tarixləri kimi suallar soruşdular. Əsasən seçdiyim ixtisasın üzərində dayanıldı və təhsil haqqında Azərbaycanda qəbul edilmiş qanunlardan sual verildi. Orda əsas məqsəd tələbənin seçdiyi ölkəni, ixtisası nə dərəcədə yaxşı araşdırdığını öyrənməkdir. Əksər hallarda sizin verdiyiniz cavabdan asılı olaraq veriləcək suallar dəyişir.

— Müsahibənin cavabı nə vaxt bəlli olur?  Müsahibəyə necə hazırlaşmaq lazımdır? Sizin oxuculara tövsiyyəniz.

— Müsahibənin cavabı tələbədən tələbəyə dəyişir. Mənim cavabım 40 gündən çox çəkmişdi. Müsahibəyə hazırlaşarkən əsas seçdikləri ixtisası dərindən bilməlidirlər, çünki əsasən müsahibə bunun üstündə qurulur. Əsas məqsəd “nə üçün sizi seçməliyik?” sualına dolğun cavab verməkdir. Müsahibəyə getməzdən əvvəl bu sualın cavabına hazırlaşmaq lazımdır. Əgər həmin sahədə iş təcrübəsi varsa onda seçilmə şansı daha çox olar. Əvvəlki təcrübələrdən nümunələr gətirərək, onu gələcək planları ilə əlaqələndirsələr daha yaxşı olar. Daha sonra əsas məsləhətim təhsil almaq istədikləri universiteti və ölkəni yaxşı araşdırsınlar. Universitetin reytinqi,  ordakı tədris metodları, seçdikləri modullar, universitetin qazandığı nailiyyəltər, ümumilikdə orda sistem necədir, bu haqda məlumatlı olsalar daha yaxşıdır. Bunların hamınısı universitetin veb saytından asanlıqla əldə etmək mümkündür. Bundan əlavə, əvvəlki illərdə həmin univeristetdən məzun olmuş tələbələr ilə də məsləhətləşsinlər.

-DP haqqında bir çoxları tərəfindən narazılıq ifadə olunur. Hətta ABŞ Dövlət Departamentinin  2014-cü ilə olan “İnsan haqları” hesabatında DP-nin bəzi hallarda qərəzli olmağı və siyasi mənsubiyyəti nəzərə aldığını qeyd edilib. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.

— Narazılıqlar hər zaman var, amma bu o demək deyil ki, öz biliyi ilə keçmək mümkün deyil. Tanıdığım çox sayda savadlı tələbə var ki bu uğuru özləri əldə edib.

— Müsahibə verdiyiniz üçün təşəkkür edirik. Təhsilinizdə sizə uğurlar!

— Təşəkkürlər!

Nermin Kerimli - 1

TURAL TURAN