"Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı"nın modeli təqdim olunub | Təhsil Elanları
"Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı"nın modeli təqdim olunub
Bölmə:Xəbərlər 229 dəfə oxunub
05.03.2024

5 mart 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzində “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” və “Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı” modelinin təqdimatına həsr olunan tədbir keçirilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, Yunus Əmrə İnstitutu və digər təşkilatların nümayəndələri, müxtəlif ali təhsil müəssisələrinin professor-müəllim heyəti iştirak edib.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Bunun ardınca Vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açılıb. Müstəqilliyimizin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılır. Ölkə rəhbərliyinin Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları dilin istifadəsinə və tədqiqinə dövlət qayğısının bariz göstəricisidir.

Sədr bildirib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlara uyğun ölçülməsini nəzərdə tutan imtahanların təşkil edilməsi prioritet məsələ kimi müəyyən edilib. Bu məqsədlə Dövlət İmtahan Mərkəzi mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli hazırlayıb. Belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək. “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram artıq Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib.

“Bu proqram və imtahan modeli dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi (CEFR – The Common European Framework of Reference for Languages) və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirilib” – deyə sədr qeyd edib.

Daha sonra çıxış edən Azərbaycan Dillər Universitetinin baş müəllimi və proqramın həmmüəlliflərindən biri Səbinə Əliyeva proqramın yaranma zərurəti, əhatə dairəsi və qarşıya qoyulan hədəflər haqqında məlumat verib.

Dövlət İmtahan Mərkəzinin əməkdaşı Mehriban Cəfərsoy isə “Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı” modelinə aid təqdimatla çıxış edib.

Proqramın elmi redaktoru Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, dilçilik üzrə fəlsəfə doktoru Jalə Qəribova çıxışında proqramın qeydiyyatdan keçirilməsi və Şəhadətnamə alınmasını böyük uğur kimi qiymətləndirib və Azərbaycan dili bacarıqlarının yoxlanıb ölçülməsi ilə bağlı təcrübələrini bölüşüb.

Tədbirin sonunda mövzu üzrə müzakirə təşkil olunub və iştirakçıların sualları cavablandırılıb.