Dövlət qulluqçusu olmaq istəyənlərə şad xəbər | Təhsil Elanları
Dövlət qulluqçusu olmaq istəyənlərə şad xəbər
Bölmə:Dövlət qulluğu 5936 dəfə oxunub
02.01.2015

Bundan sonra attestasiya zamanı dövlət qulluqçularına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi qadağan olunacaq.

“Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliklərdə bu məsələ öz əksini tapıb.

Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan qanunun 31.6-cı maddəsinə nəzərdə tutulan dəyişikliyə görə, bundan sonra attestasiya zamanı dövlət qulluqçularına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan suallar verilə bilməz.

Qanunun 31.5-ci maddəsinin yenilənmiş variantına görə, attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və bu qanunun 31.6-cı maddəsində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına ən geci 1 ay qalmış attestasiyadan keçən dövlət qulluqçularının nəzərinə çatdırılır.
“Dövlət qulluğu haqqında” qanunun 31.16-cı maddəsinə edilməsi nəzərdə tutulan dəyişikliklərə görə isə attestasiya vərəqələrinə attestasiyanın nəticələri (qiymət və tövsiyələr) ilə yanaşı, attestasiya zamanı verilən suallar və cavablar da yazılacaq.
Qanuna əlavə edilmiş 31.22-ci maddədə isə bildirilir ki, dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydaları icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Dəyişikliklər qəbul edilib. (modern.az)