Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün müsahibə mərhələsi yekunlaşıb, ümumi intellekt səviyyənin yoxlanılması və təlim mərhələləri isə davam edir | Təhsil Elanları
Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün müsahibə mərhələsi yekunlaşıb, ümumi intellekt səviyyənin yoxlanılması və təlim mərhələləri isə davam edir
Bölmə:Xəbərlər 199 dəfə oxunub
27.11.2023

Məlumat üçün qeyd edək ki, zal nəzarətçisi sertifikatı əldə etmək üçün müsahibə mərhələsi 24 noyabr tarixində yekunlaşıb, müsahibə üçün qeydiyyatdan keçmiş 3190 namizəddən indiyədək 2060 nəfəri müsahibə mərhələsindən uğurlu nəticə əldə edərək növbəti mərhələlərdə iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsindən uğurla keçən namizədlərdən 49 nəfər Vətən Müharibəsi iştirakçısıdır və onlardan artıq 44 nəfər ümumi intellekt səviyyənin yoxlanması üçün test imtahanında iştirak edərək uğur qazanıb. Qeyd edək ki, Vətən Müharibəsi iştirakçıları sertifikatlaşdırma prosesinin nəzərdə tutulmuş bütün ödənişlərindən azaddırlar.

Müsahibə mərhələsində uğur qazanan 2060 namizəddən 1628 nəfəri ümumi intellekt səviyyənin yoxlanılması imtahanında iştirak edib və onlardan 1525 nəfər uğurlu nəticə əldə edib. Ümumi intellekt səviyyənin yoxlanması üçün imtahan 1 saat davam edir və namizədlər imtahandan dərhal sonra nəticələri ilə tanış olurlar. Bu imtahan namizədlərdə söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatları müqayisə etmə və ümumiləşdirmə, vizual məlumatı təhlil etmə, eləcə də riyazi təfəkkürün inkişaf səviyyəsini qiymətləndirməyə imkan verir.

Namizədlərin nəzərinə çatdırırıq ki, ümumi intellekt səviyyənin yoxlanması üçün test imtahanı 2 dekabrda yekunlaşdırılacaqdır.

Ümumi intellekt səviyyənin yoxlanması üçün imtahanda minimum 40% nəticə göstərən namizədlərə birinci təlimdə iştirak etməklə bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə sms göndərilir.

Qeyd edək ki, ümumi intellekt səviyyənin yoxlanması imtahanında məqbul nəticə əldə edən 1525 namizəddən 763 nəfəri birinci təlim üçün qeydiyyatdan keçmiş və onlardan 758 nəfər bu təlimdə iştirak edib.

Birinci təlim “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” adlanır. Bu təlim imtahan prosesinə aid stres və təlaş, imtahana cəlb olunan tərəflərin psixoloji portretləri, ilkin təəssüratın imtahan gedişatına təsiri, imtahan prosesində ünsiyyət xüsusiyyətləri və imtahana psixoloji hazırlıq mövzularını əhatə edir.

Məlumat üçün qeyd edək ki, birinci təlimdə iştirak edən namizədlərə “DİM tərəfindən keçirilən imtahanlar, imtahan proseduru və zal nəzarətçilərinin fəaliyyəti” adlanan ikinci təlimdə iştirak etməklə bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə sms göndərilir. Bu təlimdə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir və fikir mübadiləsi aparılır.

Zal nəzarətçilərinin sertifikatlaşdırılması prosesi ilə bağlı suallarınız yaranarsa, imtahan@dim.gov.az ünvanına elektron poçt göndərə, 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.