“Maarifçi” tələbə-məzun təcrübə proqramının təqdimat mərasimi keçirilib | Təhsil Elanları
“Maarifçi” tələbə-məzun təcrübə proqramının təqdimat mərasimi keçirilib
Bölmə:Elanlar 301 dəfə oxunub
22.10.2023

Oktyabrın 20-də Azərbaycan Texniki Universitetinin Davamlı İnkişaf Mərkəzində Elm və Təhsil Nazirliyi, həmçinin Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə “Maarifçi” tələbə-məzun təcrübə proqramının təqdimat mərasimi keçirilib.

 

Təqdimat mərasimində giriş nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev proqramın mahiyyəti barədə məlumat verib.  

 

Çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Nərgiz İsmayılova və nazirliyin Korporativ idarəetmə sektorunun müdiri Şəhriyar Laçınov proqram barədə fikirlərini bölüşüblər.  

 

Daha sonra nazirliyin əməkdaşı Sara Mirzəyeva tərəfindən “Maarifçi” tələbə-məzun təcrübə proqramının məqsədləri, hədəf qrupu, gözlənilən nəticələri və fəaliyyətinin təşkili barədə təqdimat nümayiş etdirilib.

 

Təqdimat mərasimində həmçinin proqram barədə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

Qeyd edək ki, tələbələr, məzunlar üçün Elm və Təhsil Nazirliyi və qurumlarında təcrübə imkanları yaradan “Maarifçi” proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, iştirakçıların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır. 

 

Proqramda iştirak etmək istəyən şəxslər oktyabrın 20-dən https://t.ly/25uSR keçidi vasitəsilə müraciət ünvanlaya bilərlər.

 

Seçim prosesində uğur qazanan namizədlər proqram çərçivəsində Elm və Təhsil Nazirliyinin Aparatı, qurumları və regional təhsil idarələrində təcrübə keçmək imkanı əldə edəcəklər. Proqram çərçivəsində tələbə və məzunlar nazirliyin struktur bölmələrində həyata keçirilən layihə və proqramlarda, müxtəlif mövzular üzrə təlimlərdə, eləcə də təcrübəli rəhbər şəxslərlə mentorluq proseslərində iştirak imkanı qazanacaqlar.

 

Daha ətraflı: linktr.ee/maarifchihttps://t.ly/4GAhd