Dövlət İmtahan Mərkəzi 1 oktyabr 2023-cü il tarixində xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzi 1 oktyabr 2023-cü il tarixində xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək
Bölmə:Xəbərlər 101 dəfə oxunub
29.09.2023

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.

Ərizəçilər ixtisasları üzrə proqramla müvafiq linklərə (“Müəllimlik”“Mühəndislik”“Hüquq”) keçid etməklə tanış ola bilərlər.

İmtahan 1 oktyabr 2023-cü il tarixində DIM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) kompüter vasitəsilə keçiriləcək. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.

İmtahan saat 10:00-da başlanır. Ərizəçi imtahanın başlanmasından ən az 1 saat öncə imtahan binasına gəlməlidir. İmtahan binasına daxil olarkən ərizəçi şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.

Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda ərizəçiyə imtahanın nəticələrinə dair arayış təqdim olunacaq. İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2-4 oktyabr 2023-cü il tarixlərində saat 14:00-dan 17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yaza bilərlər. Apellyasiya müraciətləri 4-6 oktyabr 2023-cü il tarixlərində telefon və ya elektron poçt vasitəsilə cavablandırılacaqdır.