Tarix fənnini necə sevdirək?! | Təhsil Elanları
Tarix fənnini necə sevdirək?!
Bölmə:Xəbərlər 665 dəfə oxunub
25.05.2023

    Məqaləyə necə başlayacığımı düşünürdüm qarşıma belə bir fikir çıxdı:- “Birinə verə biləcəyiniz ən böyük hədiyyə zamanınız,diqqətiniz,sevginiz və qayğınızıdır“( Joel Ostenn )Müəllim kimi fəaliyyətə başlayana qədər bu fikirlərin bir insan olaraq əhəmiyyətini anlayırdım ,ancaq müəllim olaraq işə başladığım gündən etibarən bunun fərqinə daha çox vardım. İlk sinfə daxil olduğum andan etibarən özümə belə bir sual vermişdim –Bu şagirdlər kim olacaq gələcəkdə və mənim bu şəxsiyyətlərin formalaşmasında rolum nədən ibarət olacaq?    Zamanımı,sevgimi,diqqətimi,qayğımı və biliyimi onlara ehtiyac duyduqları qədər verə biləcəmmi? Şagirdlərimin  ehtiyac duyduqları şey  üzümdəki zəhm və tələbkarlıq deyil sevgidən doğan təbəssüm,inam  və etibar idi.Bunu anlamaq çox zamanımı almamışdı. Şagirdlərimin birindən heç vaxt unutmayacağım bir söz eşitmişdim ilk dərs günlərimin birində-“Müəllim siz qışqıran müəllim deyilsiz” Artıq anlamışdım ki, tarixi sevmələri üçün ilk öncə məni sonra fənnimi sevməlidirlər. İşə ordan başladım . Dərslərimi onların istəklərini,maraq və təlabatlarını nəzərə alaraq qururdum. Tarixi sevməmələrinin səbəblərini araşdırırdım. Dərsi əzbərləyib danışırdılar və bu onlara heç nə qazandırmırdı ,heç bir bacarıq formalaşdırmırdı.Əksər şagirdlər tarixə mif kimi yanaşırdılar və dərsi sadəcə qiymət almaq xatirinə oxuyurdular.Bizə isə  düşünə bilən, yarada bilən və problem həll edə bilən fərdlər yetişdirmək lazım idi. Bunun üçün isə aktiv öyrənmə prosesi tətbiq etmək lazım idi.Aktiv öyrənmədə zehni qabiliyyətlər olan analiz etmə ,sintez etmə ,qiymətləndirmə, tətbiq etmə, qərarlar vermə kimi bacarıqlar formlaşdırmalıydıq

Aktiv təlim proqramı “məqsəd-proses-qiymətləndirmə”dən ibarətdir.

  • Məqsəd -məktəbdə şagirdin əldə etməsi arzu olunan davranış, münasibət və fikirlər.
  • Proses – tədqiqat, təcrübə ,fəaliyyət
  • Qiymətləndirmə-şagirdin  uğurunun müəyyən edilməsi və tədqiqat mərhələsində lazımi düzəlişlərin edilməsi .

Aktiv öyrənmə mühitində şagird öyrənməyə maraq göstərir və onu maraqlandıran məsələlərdə şəxsən iştirak edərək öyrənir.Şagird özü öyrənmə məsuliyyətini dərk edir və onda bu düşüncələr formlaşır:

- Mən bu material haqqında kifayət qədər nə bilirəm?

- Daha geniş və əhatəli məsələlər üzərində necə işləməliyəm?

- Bütün bunları necə öyrənə bilərəm?

- Mən hardan bilə bilərəm ki, dəqiq məlumatdır, həqiqətdir?

- Başqa bir tələbə məndən fərqli düşünə bilər.

  Bu gün sizə bu  faəl öyrənmə mühitini qura bilmək üçün öyrəndiyim və tətbiq etdiyim bir neçə üsulu paylaşacam .

1 Şairlər məclisi:

Mövzu: Səfəvi Dövlət İdarəçiliyi 8-ci sinif

Üsulun bu mövzuda tətbiqi zamanı  şagirdlər idarə qruluşuna daxil olan vəzifələrə və onların fəaliyyətinə dair şer yazırlar

1) Şagirdlər kiçik qruplara bölünür, hər bir qrup  üçün bir vərəq ayrılır.

2) Mövzu haqqında şeir yazmaq tapşırılır.

Şerlərindən bir nümunə:

Bir şah var idi hamıdan ali

Vəkil məlum edirdi  məsələdən hali

Orduya rəhbərlik edirdi əmir ül ümari

Mahalları idarə edirdi naibül vali

3) Qruplar sonra vərəqləri bir birinə ötürür , şerləri səsləndirirdikdən sonra  münasibət bildirirlər

 Sinifdə belə bir fəaliyyətin həyata keçirilməsi həm şagirdlərin əsas anlayışları dərk etməsinə, eyni zamanda öyrəndiklərini  uzun müddət unutmamağa imkan verir.Ən öməmlisi isə yaradıcı təfəkkürləri inkişaf edir.

2 .Sürətli dövrə

 İstənilən məlumatın sürətli nəzərdən keçirilməsini təmin edir. Xüsusilən dərsin qısa təkrarında çox təsirli olur..

Bu fəaliyyət üçün aşağıdakı yol izlənir:

1) Burada bir nəfərə söz verəndən sonra digərləri növbə ilə izləyir.

2)Şagirdə çox qısa 20 saniyə vaxt verilir,növbəsi çatan şagird  xatırlaya bilmirsə, simvolik olaraq “davam et” deyə bilər.

Sürətli dövrə hər bir tələbəyə danışmaq imkanı verir və bütün sinifdə maraq yaradır.

Bu, utancaq tələbələrə danışmaq imkanı verir. Özünəqapanıq olan şagirdlər belə sürətli düşünüb danışmağa çalışır. Məntiqi təfəkkür  inkişaf edir..

 Mövzu: “Nadir şah Əfşar imperiyası”

Şagirdlər sıra ilə sürətlə Nadir şahın həyata keçirdiyi islahatlara  aid tarixi hadisələri qeyd edirlər . Deyə bilməyən “davam et deyir” növbəti şagirdə keçilir.

Nümunə:

1-ci şagird Nadir Şah sədr əzəm vəzifəsini ləğv etdi 2-ci şagird vəzir vəzifəsini ləğv etdi. 3-cü xatırlamadı “davam et” deyir. 4-cü  Məşhəd şəhərini paytax etdi. Bu şəkildə davam edir.

3.Hər kəs müəllimdir

Bu üsulun tətbiqi zamanı  şagirdlər öyrəndiklərini nəzərdən keçirir, onlar haqqında suallar verir,

qiymətləndirmək və öyrətmək üçün imkanlar yaradır.

Mövzu: 6-cı sinif  tarix dərsi, “Tarix elminə giriş və mənbələr”

Bu fəaliyyət üçün aşağıdakı yol izlənir:

1)   Şagirdlərə kiçik kartlar və ya kağızlar paylanır.

2)    Mövzu haqqında suallar verilir və ya onların müzakirə olunmasını xahiş edilir.

3)   Kartlar toplanır və qarışdırılır , yenidən şagirdlərə  paylanır.

4)    Hər kəs aldığı kartda sual və ya müzakirə mövzusunu araşdırır və məsələnin həllinə dair fərziyyələr yazır

5)   Suallar və cavablar sinfə təqdim olunur və təqdimatlar müzakirə olunur.

Məsələn: Birinci kartda :Yazılı mənbə nədir?  İkinci kartda :Maddi mənbə nədir? Üçüncü kartda  Dastan,əfsanə hansı mənbəyə aiddir? Bu kimi  suallar kağızlara  yazılarak bu üsul tətbiq edilir.

4.Kim olduğunuzu tapın

 Bu üsulda şagirdlər öyrəndiklərini nəzərdən keçirir,üsul onlara düşünməyə və qiymətləndirməyə imkan verir. Üsulun tətbiqi:

1) Şagird sayı qədər kağıza məsələylə bağlı  bəzi yeniliklər, doğrular, yalnışlar, misallar, sübutlar, dəstkləyici düşüncələr, inkar edən düşüncələr, bənzətmələr  v.s yazılır.

2) Kağızlar şagirdlərin üstünə taxılaraq  onlara paylanılır.

3) Şagirdlər bir-bir  ayağa qalxır digər şagirdlər ayağa duran şagirdin  üzərindəki kağızda qeyd olunan yalnışı ,doğruyu,səbəbi ,sübutu və şəxsi tapmağa çalışırlar  .

 4) Daha sonra bütün cavablar dinlənir müzakirə edilir. Bu şəkildə tələbələr

doğru və yalnışa münasibət bildirir  müzakirə mühiti yaradırlar.

5.Xəzinəni tapın

  Mövzunun təqdimatı, mövzu ilə bağlı problemin nəzərdən keçirilməsi və həlli

kimi müxtəlif mərhələlərdə istifadə oluna bilər

Bu fəaliyyət üçün aşağıdakı yol izlənir:

Şagirdlər kiçik qruplara bölünür

Mövzu: “Qaraqoyunlu və Ağqoyunlu dövlətinin ali idarəetmə sistemi”.

1)   Dövlətin ali  idarəsində kimlər yer alır? Sual şagirdlərə yönəldilir

Mövzu ilə bağlı hazırlanmış fotoşəkillər əvvəlcədən sinif otağının müxtəlif yerlərində yerləşdirilir.

2) Hansı hissənin harada olduğunu göstərən təlimatlar və ya eskizlər

hazırlanır..

3) Hər qrupa təlimat və ya eskiz verilir.

4) Qruplar əllərindəki eskizlərə əməl edərək parçaları tapmağa çalışırlar.

5) Tapılan hər bir parça qrup şəklində araşdırılır və onun nə olduğu başa düşülməyə çalışılır.

Anlaşılmayan məqamlar müəllimdən soruşulur.

Üsulun nəticəsində şagirdləri aktiv fəaliyyətə sövq edilir,daha nəticəyönümlü düşünürlər və onlar arasında əməkdaşlıq formalaşır.

Öyrəndiklərinizlə kifayətlənməyin ,öyrəndiklərinizi oldduğu kimi qəbul etmək sizə heç nə qazandırmayacaq,onlara fərqli yanaşın,onlardan yeni biliklər yaradın.

 Müəllim olmaq sevgi işidir,sevginizi bol edin ,əziz həmkarlarım.

Afət Nəbiyeva
80 nömrəli tam orta məktəbin tarix müəllimi
Azərbaycan Maarifçilər Assosiasiyasının “Təhsil Səfiri”