Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün tələbə qəbulu elan edilir | Təhsil Elanları
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün tələbə qəbulu elan edilir
Bölmə:Elanlar 134 dəfə oxunub
06.04.2023

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün bakalavriat səviyyəsi üzrə 3 yer ayrılıb.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 6-14 aprel 2023-cü il tarixlərində tələb olunan sənədləri info@dim.gov.az elektron poçt ünvanına göndərməklə, mövzu bölməsində “MDBƏİ” yazmaqla qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər qeyd olunan elektron poçt ünvanına aşağıdakı sənədlərin fotosurətlərini göndərməlidirlər:

1. Şəxsiyyət vəsiqəsi;

2. Cari ildə orta məktəbi bitirən məzunların bitirdiyi məktəbdən yarımillik qiymətləri göstərilən arayış;

3. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədi;

4. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi (oğlanlar);

5. Əlaqə məlumatları.

Müsabiqədə iştirak etmək hüququna orta məktəbin rus bölməsini bitirən, 2023-cü il iyulun 30-dək 19 yaşı tamam olmayan, attestat qiymətləri (cari ilin məzunlarının yarımillik qiymətləri) 4 və 5 olan, II ixtisas qrupu üzrə sənəd verəcək şəxslərin attestatında riyaziyyat, rus dili və xarici dil fənləri, III ixtisas qrupu üzrə sənəd verəcək şəxslərin isə attestatında rus dili və xarici dil fənləri üzrə yarımillik qiyməti 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.

Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

5 və 12 mart tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunduqdan sonra, buraxılış imtahanında topladığı balı DİM tərəfindən müəyyən olunacaq müsabiqə şərtini ödəyən abituriyentlərlə (2022-ci il məzunları – ötən ilki nəticə əsasında) onlayn müsahibə keçiriləcək (tarixi barədə məlumat veriləcək). Müsahibədə namizədlərin ümumi dünyagörüşü, Azərbaycan və ingilis dilləri üzrə danışıq bacarıqları yoxlanılacaq.

Abituriyentlər müsabiqədə beynəlxalq münasibətlər, regionşünaslıq, iqtisadiyyat, hüquqşünaslıq, jurnalistika, reklam və ictimaiyyətlə əlaqələr ixtisaslarından biri üzrə iştirak edə bilərlər.

Abituriyent kimi göstəriciləri ən yüksək olan və onlayn müsahibədən uğurla keçən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaqdır. 

İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.