Ünsiyyətdə sendviç metodu | Təhsil Elanları
Ünsiyyətdə sendviç metodu
Bölmə:Elanlar 481 dəfə oxunub
21.04.2021

Ünsiyyət həyatımızın əsas tərkib hissəsidir. Həyatımızın hər mərhələsində – evdə, məktəbdə, işdə, avtobusda v.s mühitlərdə bir sıra insanlarla ünsiyyət etməyə ehtiyac duyuruq. Və bu danışıqlar zamanı müəyyən fikirləri birbaşa demək qarşı tərəfi çətin vəziyyətə sala bilər və bu, eyni zamanda bizim üçün də o qədər asan olmur.

Əgər fikir bildirdiyiniz adam tanımadığınız adamdırsa və ya az tanıdığınız adamdırsa, bu zaman bir başa tənqidə keçmək istənilən effekti verməyəcək. Ona görə də, danışıqlarda hər hansı bir məsələyə tənqidi fikir bildirmək üçün ən ideal metod sendviç metodudur.

Metodun mahiyyəti ondan ibarətdir ki, tənqidi fikir söyləyərkən ilk öncə xoşunuza gələn məqamları qeyd edin, daha sonra neqativ və ya inkişaf etdirilməli olan cəhətləri qeyd edin və daha sonra əvvəl qeyd etdiyiniz müsbət fikirləri təkrar edərək fikrinizi yekunlaşdırın. Yəni tənqidi fikirləri pozitiv fikirlərlə bəzəyərək qarşı tərəfi incitməyəcək şəkildə söyləyin. Tənqidi fikrə keçərkən “amma, ancaq, lakin” bu kimi ifadələrdən istifadə etmək əvəzinə “və” bağlayıcısı daha məqsədə uyğundur. Çünki “amma ancaq lakin” kimi ifadələrdən istifadə əvvəl deyilən fikirlərin yalan, şişirdilmiş olması düşünülə bilər. “Və” bağlayıcısı isə həmin fikrin davamı kimi qəbul edilir. Yəni neqativ və ya tənqidi fikirləri iki müsbət cəhət arasında sanki gizlədərək təqdim edin. Bu, iki çörək arasındakı ətə bənzədildiyindən bu metod sendviç metodu adlanır. Bu metod danışıqlarda çox effektlidir. Bu metoddan istifadə edərkən fikrinizi bildirdiyiniz zaman, bu, qarşı tərəfi incitməyəcək və onlar bunu normal hal kimi qəbul edəcəklər.