Abituriyentlərin nəzərinə! - DƏYİŞİKLİK | Təhsil Elanları
Abituriyentlərin nəzərinə! - DƏYİŞİKLİK
Bölmə:Tələbə qəbulu 999 dəfə oxunub
25.11.2014

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinə qəbul imtahanlarında 4 ildir ki, açıq tipli test tapşırıqları tətbiq edilir. Testologiyada belə tapşırıqlar qəbul proqramını daha dərindən mənimsəmiş, riyazi təfəkkürü və analitik təhlil qabiliyyəti güclü olan abituriyentlərin hazırlıq səviyyəsini bir-birindən fərqləndirmək üçün nəzərdə tutulmuşdur. Qəbul imtahanlarında 2010-2014-cü illərdə hər ixtisas qrupunda iki fəndən açıq tipli test tapşırıqlarından istifadə olunmuşdur.

Tehsil.im xəbər verir ki, Qəbul imtahanlarında test bloklarına açıq tipli test tapşırıqlarının salınması pedaqoji ictimaiyyət tərəfindən mütərəqqi qiymətləndirmə vasitəsi kimi rəğbətlə qarşılanmışdır. Qeyd etmək lazımdır ki, TQDK-da fəaliyyət göstərən elmi-metodiki seminarlarda dəfələrlə açıq tipli test tapşırıqlarının sayının artırılması təklifləri səslənmişdir. Bunları nəzərə alaraq, 2015-ci ilin qəbul imtahanlarında uyğunluğu müəyyən etmək tapşırıqlarının sayının 1 ədəd azaldılması və hər ixtisas qrupunda üçüncü bir fəndən açıq tipli test tapşırıqlarının istifadəsi planlaşdırılır.

Qəbul imtahanlarında 2015-ci ildə hər ixtisas qrupunda üç fənn üzrə hər birində 4 ədəd test tapşırığının istifadəsi nəzərdə tutulur. Belə ki, I ixtisas qrupunda riyaziyyat, fizika və kimya; II ixtisas qrupunda riyaziyyat, coğrafiya və ana dili; III ixtisas qrupunda riyaziyyat, tarix və ana dili; IV ixtisas qrupunda isə riyaziyyat, kimya və biologiya fənlərindən açıq tipli test tapşırıqları təqdim olunacaq. Bununla yanaşı, qeyd etmək lazımdır ki, imtahanın məzmunu ilə bağlı tətbiq edilən bu yenilik test bloklarının mürəkkəblik dərəcəsinə təsir etməyəcək. Sual kitabçaları formalaşdırılarkən son illərdə olduğu kimi, test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə sayları dəyişməyəcəkdir. Qeyd edək ki, bu yeniliklə bağlı “Abituriyent” jurnalının 1-ci sayında model testlər dərc olunacaqdır.