Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - VAKANSİYALAR | Təhsil Elanları
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - VAKANSİYALAR
Bölmə:Dövlət qulluğu 679 dəfə oxunub
15.04.2019

Dövlət qulluğunun A (inzibati rəhbər) və B (inzibati icraçı) növünə aid vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

 

Müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti 2019-cu il 15 may tarixinə qədər davam edəcəkdir

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 6 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (79 vəzifə) və B (391 vəzifə) növünə aid olan 470 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi üzrə elan edir. Müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti 2019-cu il 15 may tarixinə qədər davam edəcəkdir.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilmişdir.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 15 may 2019-cu il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:  

 

  • struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
  • vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə. 

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (432 vəzifə) tərəfindən təqdim olunmuşdur.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilmişdir:

 

  • Kənd Təsərrüfatı Nazirliyi (432 vəzifə) – AC1 altqrupu üzrə 2, AC3 altqrupu üzrə 2, AC4 altqrupu üzrə 75, , BA4 altqrupu üzrə 3, BB3 altqrupu üzrə 255, BB4 altqrupu üzrə 95

  • Energetika Nazirliyi (13 vəzifə) – BA3 altqrupu üzrə 3, BA4 altqrupu üzrə 10

  • Şirvan Apelyasiya Məhkəməsi (18 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 17

  • Hesablama Palatasında BA2 altqrupu üzrə 1 vəzifə

  • Sumqayıt Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 2 vəzifə

  • Xətai  Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə 

Ümumilikdə, müsahibəyə çıxarılmış 470 vakant vəzifənin 1-i 4-cü təsnifata, 38-i 5-ci təsnifata, 2-si 6-cı təsnifata, 429-u isə 7-ci təsnifata aid olmaqla, 79-u AC, 37-si BA, 354-ü isə BB vəzifə qrupuna aiddir.