“Hər bir dövlət qulluqçusu bunu aydın şəkildə anlamalıdır” – Məleykə Abbaszadə | Təhsil Elanları
“Hər bir dövlət qulluqçusu bunu aydın şəkildə anlamalıdır” – Məleykə Abbaszadə
Bölmə:Xəbərlər 524 dəfə oxunub
25.01.2019

“Qiymətləndirmə və qərar qəbuletmə amili dövlət qulluğunda çalışan insanlar üçün daha böyük məna kəsb edir. Əgər hansısa özəl sahədə işləyən işçinin verdiyi qərar həmin şirkətin çalışdığı sahəyə şamil olunursa, dövlət qulluqçusunun qəbul etdiyi qərarın əhatə dairəsi daha geniş olur və onun verdiyi səhv qərarın nəticələri miqyas və əhatə baxımından digər insanların qərarı ilə müqayisə olunmazdır”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, hər bir dövlət qulluqçusu bunu aydın şəkildə anlamalıdır: “Bu baxımdan dövlət qulluğu vəzifələrinə seçim prosesində obyektiv qiymətləndirmənin aparılması özünün birbaşa təyinatından daha geniş kontekstdə dəyərləndirilməlidir. Bu proses ali təhsilin müxtəlif səviyyələrində tətbiq olunan mərkəzləşdirilmiş qəbul sistemini məntiqi cəhətdən tamamlayır və davamlı öyrənmənin, sağlam rəqabət qabiliyyətinin həyatda irəliləmənin əsas meyarı olması barədə cəmiyyətdə fikir formalaşdırır”.

DİM sədri əlavə edib ki, dövlət qulluğu sahəsinin inkişaf etdirilməsi birbaşa təhsil sistemi ilə bağlıdır: “Bu sahədə biz təkcə dövlət qurumları ilə deyil, ali təhsil ocaqları ilə də sıx əlaqələr qurmalıyıq. Ali təhsil müəssisələrimizdə təhsil əmək bazarının tələblərinə uyğun şəkildə təşkil olunmalıdır”.