Dövlət qulluğuna qəzul üzrə yeni vakansiyalar elan edilir | Təhsil Elanları
Dövlət qulluğuna qəzul üzrə yeni vakansiyalar elan edilir
Bölmə:Dövlət qulluğu 713 dəfə oxunub
04.01.2019

Müsahibədə iştirak etmək üçün qeydiyyat 4 fevral 2019-cu il tarixinə qədər davam edəcəkdir

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla, ümumilikdə 14 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (26 vəzifə) və B (296 vəzifə) növünə aid olan 322 vakant inzibatı vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edir. Müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti 4 fevral 2019-cu il  tarixinə qədər davam edəcəkdir.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilmişdir.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 4 fevral 2019-cu il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:  

 

  • struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

  • vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

 

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (162 vəzifə) tərəfindən təqdim olunmuşdur.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilmişdir:

 

  • Təhsil Nazirliyi (162 vəzifə) – AC3 altqrupu üzrə 22, BA4 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 55, BB4 altqrupu üzrə 83;

  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi (67 vəzifə) –AC1 altqrupu üzrə 1, BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 17, BB4 altqrupu üzrə 46;

  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (20 vəzifə) –AB4 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 2, BB1 altqrupu üzrə 11, BB2 altqrupu üzrə 3, BB3 altqrupu üzrə 1 vəzifə;

  • İqtisadiyyat Nazirliyi (9 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 7, BB3 altqrupu üzrə 1 vəzifə;

  • Şirvan Apelyasiya Məhkəməsində (18 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 17 vəzifə;

  • Qaradağ Rayon Məhkəməsində BB4 altqrupu üzrə 11 vəzifə;

  • Şəki Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 17 vəzifə;

  • Bakı Ağır Cinayətlər Məhkəməsində BB2 altqrupu üzrə 2 vəzifə;          

  • Lənkəran Ağır Cinayətlər Məhkəməsində BB2 altqrupu üzrə 2 vəzifə;

  • Şəmkir Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə;

  • Hacıqabul Rayon Məhkəməsində BB3 altqrupu üzrə 1 vəzifə;

  • Şamaxı Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə;

  • 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 1 vəzifə;

  • Xətai Rayon Məhkəməsində BB4 altqrupu üzrə 6 vəzifə.

 

Ümumilikdə, müsahibəyə çıxarılmış 322 vakant vəzifənin 48- i 5-ci təsnifata,47- si 6-cı təsnifata, 227-si isə 7-ci təsnifata aid olmaqla, 1-i AB, 25-i AC, 46-sı BA, 249-u isə BB vəzifə qrupuna aiddir.