BDU-ya YENİ RƏHBƏR GÖNDƏRİLDİ | Təhsil Elanları
BDU-ya YENİ RƏHBƏR GÖNDƏRİLDİ
Bölmə:Xəbərlər 454 dəfə oxunub
21.12.2018

Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Dövlət Universitetinə rektor əvəzi göndərilib. 

Tehsil.im-in məlumatına görə,  bu barədə Təhsil naziri Ceyhun Bayramov bu gün əmr imzalayıb. Əmrə əsasən Firudin Qurbanov Bakı Dövlət Universitetinin (BDU) rektoru səlahiyyətlərini icra edəcək.

 Məlumatı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da təsdiqləyib. O modern.az-a  açıqlamasında bildirib ki, Firudin Qurbanov BDU-nun icraçı rektoru vəzifəsini daşımaqla yanaşı, Təhsil Nazirliyindəki nazir müavini postunda da qalacaq.

Firudin Qurbanovun sabah – dekabrın 22-də saat 10:00-da Baku Dövlət Universitetinin kollektivinə təqdim ediləcəyi bildirilib.

Qeyd edək ki, 2014-cü ildən təhsil nazirinin müavini işləyən Firudin Qurbanov 29 avqust 1952-ci ildə Ağsu rayonunda anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1974-1975-ci illərdə orduda xidmət edib. 1975-1982-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnsitututunda iqtisadçı, kiçik və baş elmi işçi vəzifələrində işləyib. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan vəzifələrində işləyib.

1989-1994-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində işləyib. 1994-2007-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman, Gənclər, İdman və Turizm Nazirliyində Elm və Təhsil şöbəsinin müdiri vəzifəsində işləyib.

2007-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib. Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2014-cü il tarixli müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının təhsil nazirinin müavindir.

Onu da xatırladaq ki, noyabrın 15-də Abel Məhərrəmov Prezidentin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi. Həmin müddət isə sabah başa çatır. Təhsil naziri Ceyhun Bayramovun Firudin Qurbanovun BDU-ya icraçı rektor təyin olunmasına dair əmri bu gün imzalaması da yəqin ki, bununla bağlıdır.