Dövlət Qulluğuna qəbulla bağlı imtahanlar başladı | Təhsil Elanları
Dövlət Qulluğuna qəbulla bağlı imtahanlar başladı
Bölmə:Dövlət qulluğu 1466 dəfə oxunub
12.11.2014

26 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 49 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 340 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanı mərhələsi başlayır. 

Tehsil.im-in Komissiyanın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, imtahan noyabrın 13-də ilk olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Mədəniyyət və Turizm Nazirliyi üzrə keçiriləcək. Ən çox namizədin qeydə alındığı dövlət orqanları Ekologiya və Təbii Sərvətlər Nazirliyi (878 namizəd) ilə Mədəniyyət və Turizm Nazirliyi (394 namizəd) olub.  Test imtahanı qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilib.

Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndəriləcək.

Birinci mərhələdə namizədlərin Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətlər, qanunvericilik, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılacaq. Test imtahanlarının nəticələri imtahan başa çatdıqdan sonra namizədlərə təqdim ediləcək. Həmçinin nəticələr Komissiyasının rəsmi internet saytında yerləşdirilməsi nəzərdə tutulur.

Komissiya tərəfindən 17 oktyabr və 4 noyabr tarixdə elan edilmiş müsabiqə üzrə qeydiyyat davam edir. Oktyabrın 17-də elan edilmiş müsabiqə üzrə qeydiyyat noyabrın 17-də, noyabrın 4-də elan edilmiş müsabiqə üzrə qeydiyyat isə dekabrın 5-də başa çatacaq.