Azərbaycanda məktəblərə istehsalat və xidmət sahələri yaratmaq imkanı veriləcək | Təhsil Elanları
Azərbaycanda məktəblərə istehsalat və xidmət sahələri yaratmaq imkanı veriləcək
Bölmə:Xəbərlər 180 dəfə oxunub
04.12.2018

Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün ümumi təhsil müəssisələrinin nəzdində müvafiq istehsalat və xidmət sahələri yaradıla bilər.

“Report” xəbər verir ki, bu, yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsində qeyd olunub.

Qanun layihəsinin 31-ci (Ümumi təhsil sahəsində sahibkarlıq və innovasiva fəaliyyəti) maddəsinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə nizamnaməsində nəzərdə tutulmuş qaydada profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.

“Dövlət ümumi təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır. Ümumi təhsil müəssisəsi sahibkarlıq subyektləri ilə müqavilə əsasında, bu qanuna uyğun olaraq əlavə gəlir əldə edə bilər.

Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi daşımır. Əlavə maliyyə vəsaiti cəlb etmək imkanlarının artırılması məqsədilə ümumi təhsil müəssisələrində istehsal edilən məhsulların (xidmətlərin) qanuna uyğun olaraq satışı (göstərilməsi) həyata keçirilə bilər. Ümumi təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada sərbəst istifadə etmək hüququna malikdir.

Dövlət ümumi təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir”, – qanun layihəsində deyilir