“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” təsdiq edilmişdir. | Təhsil Elanları
“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” təsdiq edilmişdir.
Bölmə:Dövlət qulluğu 601 dəfə oxunub
24.11.2018

Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018- ci il tarixli Sərəncəmı ilə dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” təsdiq edilmişdir. 

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 53 nömrəli Fərmanına əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında yaradılmış Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının fəaliyyəti nəticəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 2001-ci il 1 sentyabr tarixində qüvvəyə minmişdir, bununla da Azərbaycanda dövlət qulluğu islahatlarının təməli qoyulmuşdur. 

 

Azərbaycan Respublikasının hərtərəfli inkişafı dövlət qulluğunda daha genişmiqyaslı və strukturlu islahatlar yolu ilə dövlət orqanlarının effektivliyinin artırılmasını və dövlət qulluğu sisteminin müəyyən sahələrinin təkmilləşdirilməsini nəzərdə tutan yeni sənədin – dövlət qulluğunun inkişafına dair strategiyanın hazırlanmasını zəruri etmişdir. 

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” (bundan sonra – Strategiya) dövlət idarəetməsinin ən mühüm institutlarından biri olan dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl, mərhələli tədbirləri müəyyən edən sənəddir.

Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.

Strategiyanın fəliyyət planında bir sıra əsas inkişaf istiqamətləri üzrə müvafiq hədəflər və həmin hədəflərə çatmaq üçün həyata keçirilməsi tələb olunan tədbirlər planı müəyyənləşdirilmişdir.

 

Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi, dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və icrasına nəzarət, dövlət orqanlarının struktur bölmələrinin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı islahatlar aparılmasını nəzərdə tutur.

Strategiyanın icrası 2019−2021-ci və 2022−2025-ci illəri əhatə edən iki fəaliyyət planının həyata keçirilməsi ilə təmin edilir. 

Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018- ci il tarixli “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” təsdiq edilməsi haqqında Sərəncamına əsasən, Strategiyanın həyata keçirilməsi və icrasının monitorinqi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi müəyyən edilmişdir. Monitorinqin keyfiyyətinin təmin edilməsi məqsədilə Mərkəz fəaliyyət planlarında nəzərdə tutulan tədbirlər üzrə indikativ göstəricilər, hesabat formaları hazırlayır və tədbirlərin nəticələri müvafiq indikativ göstəricilər vasitəsilə qiymətləndirilir.

Fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə məlumatlar ildə bir dəfə ümumiləşdirilmiş hesabat formasında Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. Strategiyanın əsas icraçıları Azərbaycan Respublikasının Nazirlər Kabineti, Dövlət İmtahan Mərkəzi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.