UNEC-də ikili diplom və mübadilə proqramları uğurla reallaşdırılır | Təhsil Elanları
UNEC-də ikili diplom və mübadilə proqramları uğurla reallaşdırılır
Bölmə:Xəbərlər 248 dəfə oxunub
23.11.2018

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünyanın nüfuzlu universitetləri ilə bakalavr, magistr və MBA təhsili üzrə ikili diplom və mübadilə proqramları həyata keçirir. UNEC-dən AZƏRTAC-a bildirilib ki, bakalavr pilləsi üzrə Fransanın Montpelyer Universiteti, magistr pilləsi üzrə Litvanın Mikolas Romeris Universiteti, MBA üzrə İsveçrənin UBİS (University of Business and International Studies) Universiteti ilə ikili diplom proqramları reallaşdırılır. Eyni zamanda, UNEC London İqtisadiyyat Məktəbinin akademik dəstəyi ilə London Universitetinin beynəlxalq proqramlarına qoşulub. Proqramı müvəffəqiyyətlə bitirən tələbələr London Universitetinin və UNEC-in bakalavr diplomunu əldə edə bilirlər.

UNEC həm də bu istiqamətdə digər nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir. Belə ki, 2019/2020-ci tədris ilindən UNEC-də ABŞ-ın Linkoln Universiteti ilə bakalavr və MBA, Rusiyanın Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə bakalavr, Türkiyənin Uludağ Universiteti ilə magistratura pilləsi üzrə ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulub. Fransanın İCD Paris Biznes Məktəbi və Montpelyer Universiteti ilə MBA təhsili üzrə ikili diplom barədə razılaşmalar əldə olunub.

Hazırda UNEC-in 47 tələbəsi ikili diplom, “Erasmus+”, “Mövlana” proqramları və ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində təhsillərini Avropanın və Türkiyənin nüfuzlu universitetlərində davam etdirir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+” mübadilə proqramı və ikitərəfli əməkdaşlıq çərçivəsində 7 tələbə Almaniyanın Siegen Universitetində, 2 tələbə Fransanın Montpelyer Universitetində, 4 tələbə Litvanın Mikolos Romeris Universitetində təhsil alır. “Mövlana” proqramı ilə UNEC-in 24 tələbəsi Türkiyənin Haccəttəpə, Uludağ, Sakarya, Qazi, Yıldız Teknik, Atatürk, Səlcuk və Mersin universitetlərində mübadilədə iştirak edir.

UNEC-in ikili diplom proqramlarına qoşulan tələbələrin sayı da ildən-ilə artır. Hazırda UNEC-in 10 tələbəsi nüfuzlu Montpelyer Universiteti ilə ikili diplom proqramı çərçivəsində Fransada təhsilini davam etdirir.

Qeyd edək ki, 2017/2018-ci tədris ilində UNEC-in 5 tələbəsi Fransanın Montpelyer Universiteti ilə ikili diplom proqramının məzunu olub. İkili diplom proqramının ilk iştirakçılarına UNEC-in “Məzun günü”ndə Montpelyer Universitetinin diplomu təqdim edilib.