Dövlət qulluğuna qəbul üzrə hesabatlar | Təhsil Elanları
Dövlət qulluğuna qəbul üzrə hesabatlar
Bölmə:Dövlət qulluğu 520 dəfə oxunub
26.10.2018

DİM-in saytının bu bölməsi dövlət qulluğu sahəsində görülmüş işlərin elektron hesabat şəklində işıqlandırılmasına həsr olunmuşdur

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu və digər kadr siyasəti məsələlərində daha mükəmməl və şəffaf modelə nail olmaq məqsədilə müntəzəm olaraq müvafiq tədbirlər həyata keçirilir. DİM-in əsas fəaliyyət istiqamətlərindən biri də bu sahədə vahid dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə əsasında şəffaf şəraitdə aparmaqdan ibarətdir.

Mərkəz ictimaiyyəti bu sahə ilə bağlı maarifləndirməyi və zəruri məlumatlarla təmin etməyi də əsas vəzifələrindən biri hesab edir. Mərkəzin rəsmi saytı vasitəsilə “dövlət qulluğuna qəbul üzrə elektron hesabatlar”ın təqdim edilməsini bu istiqamətdə görülən tədbirlərdən biri hesab etmək olar. Bu bölmə dövlət qulluğu sahəsində görülmüş işlərin elektron hesabat şəklində işıqlandırılmasına həsr olunub. Burada əsas məqsəd dövlət qulluğuna qəbul prosesinin şəffaflığının təmin edilməsinə, bu sahədə ictimai nəzarətin təşkilinə nail olmaqdır.

Hər bir şəxs Mərkəzin saytının “dövlət qulluğuna qəbul üzrə elektron hesabatlar” bölməsində 2017-ci ilin sonu və 2018-ci ildə keçirilmiş müsabiqənin müsahibəsi, ümumi müsahibə, daxili müsahibə, həmçinin dövlət qulluqçularının reyestri üzrə müxtəlif hesabatlarla tanış ola bilər.

Qeyd olunan dövrdə dövlət qulluğuna qəbul olmaq üçün 140-a yaxın elan üzrə müsabiqənin müsahibəsi, ümumi müsahibə və daxili müsahibələr keçirilmişdir. Təqdim olunmuş statistik hesabatlarda dövlət orqanlarının, vakant vəzifələrin, namizədlərin, baş tutmuş müsahibələrin, uğur qazanmış namizədlərin sayı və digər məsələlər öz əksini tapmışdır.

Məsələn, dövlət orqanları üzrə dövlət qulluğuna qəbul üzrə 2018-ci ildə keçirilən müsabiqə üzrə müsahibələrlə bağlı statistik məlumatdan görünür ki, 94 dövlət orqanı üzrə 3849 vakansiya təqdim olunub. Müsahibələrdə iştirak üçün 8433 namizəd qeydiyyatdan keçsə də, onlardan 2568 nəfər müsahibəyə gəlmiş və 979 namizəd uğur qazanmışdır. İşə təyinat alan namizədlərin sayı isə 457 nəfər olmuşdur.

Keçirilmiş “ümumi müsahibə”, “daxili müsahibə”lərlə əlaqədar statistik məlumatlarla da keçidlərdən tanış olmaq mümkündür.

Dövlət qulluqçularının Reyestri” bölməsi də Reyestrə daxil edilmiş statistik məlumatlarla zəngindir. Müsabiqənin müsahibə mərhələsi üzrə göstəricilərdən aydın olur ki, yuxarıda qeyd olunan dövr ərzində keçirilmiş uğurlu müsahibələrin sayı 992 olmuşdur. Onlardan 470 nəfər (47.4%) dövlət qulluğuna qəbul olunmuş, 211 nəfər (21.3%) ehtiyat kadrlar bazasına daxil edilmişdir. Dövlət orqanları tərəfindən dövlət qulluqçularının Reyestrinə isə həmin şəxslərin 393-ü haqqında məlumat daxil edilmişdir. Məlumdur ki, qanunvericiliyə əsasən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün dövlət orqanının rəhbərinə təqdim olunurlar. Hesabatdan aydın olur ki, hazırda 992 nəfərdən 18 nəfər üçün dövlət orqanının müvafiq qərarı gözlənilir, belə ki dövlət orqanı üçün qanunvericiliklə müəyyən olunmuş qərar qəbuletmə müddəti hələlik bitməmişdir. 263 nəfərlə (26.5%) bağlı isə dövlət orqanı tərəfindən müvafiq qərarın verilməsi gecikir.

Ümumi müsahibə”lər üzrə göstəricilərdən məlum olur ki, uğurlu müsahibələrin sayı 349, dövlət qulluğuna vəzifəyə təyin edilənlərin sayı isə 223 nəfərdir. “Daxili müsahibə”lərlə əlaqədar göstəricilər müvafiq olaraq 501 və 433 nəfərdir.

Xatırladaq ki, burada qeyd olunan, həmçinin digər məlumatlar açıqdır və Mərkəzin saytında avtomatlaşdırılmış rejimdə yenilənir. Hər bir namizəd, vətəndaş, araşdırma aparmaq istəyən ekspertlər, KİV nümayəndələri DİM-in saytına daxil olmaqla bu məlumatlarla tanış ola, o cümlədən istinad etməklə istifadə edə bilərlər.