Dillər və Slavyan universitetləri arasında çəpər davası – Qadın rektor PA-ya şikayət edəcək | Təhsil Elanları
Dillər və Slavyan universitetləri arasında çəpər davası – Qadın rektor PA-ya şikayət edəcək
Bölmə:Xəbərlər 531 dəfə oxunub
15.09.2018

Münasibətləri gərgin olan Azərbaycan Dillər və Slavyan universitetlərinin rəhbərləri arasında yeni qarşıdurma yaranıb.

“AzPolitika.info”ya daxil olan məlumata görə, Azərbaycan Dillər Universitetinin həyətində təmirdən sonra yaranan zibilin yığışdırılmaması qonşuluqdakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanı qəzəbləndirib.

N.Əliyeva dərs ilinin başlanmasını əsas gətirərək zibilin yığışdırılmasını tələb edib.Lakin bundan hirslənən Dillər Universitetinin rektoru Kamal Abdulla çəpərin 1 metr Slavyan Universitetinə tərəf çəkilməsi əmrini verib və istədiyinə də nail olub.

Mənbə bildirir ki, hadisə yerinə gələn Nurlana Əliyeva Administrasiyaya şikayət edəcəyini bildirib. Mənbənin bildirdiyinə görə, Dillər Universitetinin inzibatı binası və həyəti bu universitetə məxsus deyil, Slavyan Universitetinin balansındadır. “Lakin Kamal Abdulla bunu nəzərə almadan yer davası döyür” – mənbə bildirib.

Müşahidələr göstərir ki, iki rektor arasındakı münaqişə tarixi ənənəsi olan bu iki ali məktəbin işinə mənfi təsir edir.

Saytımıza daxil olan digər məlumata görə, bu ilin qəbul imtahanlarında Slavyan Universitetinin nəticələri Dillər Universitetinin nəticələrindən yaxşı olub.