40 minə yaxın azərbaycanlı xaricdə təhsil alır | Təhsil Elanları
40 minə yaxın azərbaycanlı xaricdə təhsil alır
Bölmə:Xaricdə Təhsil 690 dəfə oxunub
01.09.2018

Təhsil Nazirliyi: “2018-19-cu tədris ili üzrə xaricdə dövlət hesabına təhsil alanların sayı 1100-dən çoxdur

Təhsil Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, 2018-19-cu tədris ili üzrə xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin sayı 1100-dən çoxdur. Onlardan 500-ə yaxını “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində, 600-dan çoxu isə hökumətlərarası təqaüd proqramı çərçivəsində təhsil alanlardır.

Maraqlıdır, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr hansı ixtisaslara üstünlük verirlər?

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a bildirir ki, xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar: “Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları ballar burada ali məktəblərə qəbul olmağa imkan verməyənlərdir ki, bunların sayı hədsiz dərəcədə çoxdur. Bu kateqoriyaya aid olan şəxslər daha çox Ukrayna, Rusiya, Dərbənd, Dağıstan, Gürcüstan kimi ölkələrin universitetlərində təhsil almağa üstünlük verirlər. Səbəb isə odur ki, bu universitetlərdə hətta prestijli ixtisaslarda təhsil alsalar belə, qeyri-qanuni yollarla təhsillərini başa vura biləcəklər. Bu ölkələrdə təhsil almağa gedənlərin əksəriyyəti hüquq, maliyyə-iqtisadiyyat kimi ixtisaslara daha çox üstünlük verirlər.

İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Müəyyən şəxslər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər. Bu şəxslər daha çox Türkiyə, Macarıstan, və digər Avropa ölkələrinin universitetlərinə üz tuturlar və seçdikləri ixtisaslar tibb, kompüter və ya informasiya texnologiyaları, nano texnologiya kimi ixtisaslar olur.

Üçüncü kateqoriyanı isə Azərbaycan Respublikası Prezidentinin 2007-2015-ci illəri əhatə edən Xaricdə təhsil Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil almağa gedənlər təşkil edir. Bu proqram çərçivəsində daha çox azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi güdülür. Xaricdə Təhsil proqramı ilə gəncləri daha çox müəyyən edilmiş prioritet ixtisaslar – beynəlxalq münasibətlər, tibb, baytarlıq, kənd təsərrüfatı, mühəndislik, yüksək texnologiyalar, qədim dillər cəlb edir. Dövlət proqramının əsas məqsədinin rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın inkişaf etmiş ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olduğunu nəzərə alsaq, qeyd olunun ixtisaslar çox vacibdir”.

Təhsil eksperti hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayının 40 minə yaxın olduğunu qeyd edir: “Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır”.