Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib | Təhsil Elanları
Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib
Bölmə:Xəbərlər 769 dəfə oxunub
15.04.2017

Bu gün Vergilər Nazirliyi (VN) Dövlət İmtahan Mərkəzi ilə birlikdə ərazi vergi orqanlarında və rayon vergilər şöbələrindəki vakant vəzifələrə işə qəbulla bağlı test imtahanı keçirib.

Bu barədə nazirlikdən bildirilib.
Məlumatda deyilir ki, müsabiqə elanı KİV-də, o cümlədən VN-nin rəsmi internet səhifəsində, habelə “Facebook” və digər sosial şəbəkələrdəki səhifələrində yerləşdirilərək ictimaiyyətə açıq elan edilib. Elanda sənəd qəbulu, müsabiqənin keçirilməsi şərtləri və qaydaları barədə ətraflı məlumat öz əksini tapıb. Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmağına imkan yaratmaq məqsədi ilə test imtahanında istifadə olunan sualların tərtib edildiyi ədəbiyyat siyahısı nazirliyin sayt vasitəsi ilə namizədlərə çatdırılıb. Müsabiqəyə sənəd qəbulu fevralın 27-dən martın 12-nə qədər elektron ərizə formasında aparılıb.
Müsabiqədə iştirakla bağlı 1 444 nəfər vətəndaş müraciət edib, onlardan vakant vəzifələrin tələblərinə uyğun olan 1 324 nəfəri namizəd qismində müsabiqədə iştiraka buraxılıb.
Müsabiqə test imtahanı və müsahibə olmaqla iki mərhələdə keçirilir. Qanunvericiliyə uyğun olaraq, test imtahanında uğur qazanmış namizədlər müsahibənin ikinci mərhələsinə – müsahibəyə buraxılırlar. Müsahibələrdə namizədlərin ümumi dünyagörüşü, onların müvafiq sahədə bilikləri və onları tətbiq etmək bacarıqları yoxlanılır. Şəffaflığın təmin edilməsi üçün müsahibə kollegial şəkildə – Müsabiqə Komissiyası tərəfindən aparılır, bu zaman audio-video çəkilişdən istifadə edilir.
Müsahibədə uğur qazanan namizədlər dövlət vergi orqanlarının ehtiyat kadrlar siyahısına daxil ediləcək və onların vakant vəzifələrə təyinatı üzrə müvafiq tədbirlər görüləcək. Müsahibənin nəticələri nazirliyin saytı vasitəsi ilə ictimaiyyətə açıqlanacaq.