Nazirə daha çox müəllimlərin işə qəbulu ilə bağlı müraciət ediblər | Təhsil Elanları
Nazirə daha çox müəllimlərin işə qəbulu ilə bağlı müraciət ediblər
Bölmə:Təhsil Nazirliyi 1170 dəfə oxunub
06.03.2017

Martın 6-da təhsil naziri Mikayıl Cabbarov Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, tələbə köçürülməsi, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər. Əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.