Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib | Təhsil Elanları
Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib
Bölmə:Xəbərlər 307 dəfə oxunub
28.01.2017

Yanvarın 28-də Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarında işə qəbulla bağlı test imtahanı keçirib və ərazi vergi orqanlarında vakant vəzifələrə işə qəbul üzrə növbəti müsabiqə elan edib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə sənəd qəbulu 2017-ci ilin yanvarın 5-dən 18-dək elektron ərizə formasında aparılıb. Müsabiqə elanı KİV-də, o cümlədən Vergilər Nazirliyinin rəsmi internet saytında, habelə “Facebook” və digər sosial səhifələrdə yerləşdirilərək ictimaiyyətə açıq elan edilib.

Elanda sənəd qəbulu, müsabiqənin keçirilməsi şərtləri və qaydaları barədə ətraflı məlumat öz əksini tapıb. Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmasına imkan yaratmaq məqsədilə istifadə olunan sualların tərtib edildiyi ədəbiyyat siyahısı nazirliyin internet saytı vasitəsilə namizədlərə çatdırılıb.

Müsabiqədə iştirakla bağlı 3531 nəfər müraciət edib, onlardan vakant vəzifələrin tələblərinə uyğun olan 2889 nəfəri namizəd qismində müsabiqədə iştiraka buraxılıb. İndiyədək keçirilmiş müsabiqələr sırasında ən çox müraciət edənlərin sayı məhz bu müsabiqədədir.

Qeyd olunub ki, müsabiqənin test imtahanı və müsahibə olmaqla iki mərhələdən ibarət keçirilməsi nəzərdə tutulub. Qanunvericiliyə uyğun olaraq, test imtahanında uğur qazanmış namizədlər müsahibənin ikinci mərhələsinə – müsahibəyə buraxılırlar. Burada namizədlərin ümumi dünyagörüşü, müvafiq sahədə bilikləri və onları tətbiq etmək bacarıqları yoxlanılır. Müsahibələr şəffaflığın təmin edilməsi üçün kollegial şəkildə – Müsabiqə Komissiyası tərəfindən aparılır, audio-videoçəkilişdən istifadə edilir. Müsahibənin nəticələri nazirliyin internet saytı vasitəsilə ictimaiyyətə açıqlanacaq.

Müsahibədə uğur qazanan namizədlər dövlət vergi orqanlarının ehtiyat kadrlar siyahısına daxil ediləcək və onların vakant vəzifələrə təyinatı üzrə müvafiq tədbirlər görüləcək. İmtahanın nəticələri nazirliyin internet saytı vasitəsilə ictimaiyyətə açıq elan ediləcək.

Diqqətə çatdırılıb ki, Vergilər Nazirliyi insan resurslarının idarə edilməsi sahəsində qabaqcıl təcrübəni və yenilikləri tətbiq edən dövlət orqanlarından biridir. Belə ki, 2005-ci ildən dövlət vergi orqanlarına işə qəbul müsabiqə əsasında həyata keçirilir. İndiyədək keçirilən 10 müsabiqədə 1300 nəfər uğur qazanıb, onlardan 1200-ü vergi orqanlarında artıq işlə təmin edilib. Bu isə hazırda vergi orqanlarında çalışanların yarısından çoxunu təşkil edir. Qeyd edilən əməkdaşların bir qismi artıq vergi orqanlarında daha yuxarı vəzifələrdə çalışırlar.