“Qafqaz Universiteti"ndən XÜSUSİ REPORTAJ – “Universitetin adı başqa ölkələrdə yaxşı hallanmırdı” | Təhsil Elanları
“Qafqaz Universiteti"ndən XÜSUSİ REPORTAJ – “Universitetin adı başqa ölkələrdə yaxşı hallanmırdı”
Bölmə:Xəbərlər 1287 dəfə oxunub
22.01.2017

“Qafqaz” Universitetinin təsisçisinin 16 yanvar 2017-ci il tarixli qərarı ilə bu ali məktəbin ləğvi prosesinin başlanması və ləğvetmə komissiyası yaradılması haqqındakı Təhsil Nazirliyinin yaydığı məlumat böyük səs-küyə səbəb olub.

“A24.Az”ın əməkdaşları son günlər medianın gündəmindən düşməyən məsələ ilə bağlı ləğv edilən Qafqaz Universitetində olub. Universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza Qafqaz Universitetin statusunun dəyişdirilməsi və ya digər universitetlərə köçürülməsi, köçürüləcəksə tələbələrin təhsil haqlarında dəyişikliyin olub-olmayacağı, bağlanma səbəbləri haqqında geniş məlumat verib:

“Biz düşünmürdük ki, universitet bağlanacaq. Havar müəllimin fikri də o idi. Lakin fakt odur ki, universitetin müşahidə şurası onun fəaliyyətinin dayandırılması haqda qəti qərar verdi və rəsmi şəkildə nazirliyə müraciət etdi. Rəsmi müraciət nəticəsində də universitetin fəaliyyətinə xitam verildi”, – deyə fikirlərinə davam edən Rəcəb Rza universitetin bağlanmasında əsas səbəb kimi onun adının başqa ölkələrdə yaxşı hallanmamasının olduğunu deyib:

“Müəyyən səbəblərə görə Qafqaz Universitetini başqa ölkələrdə müsbət qarşılamırdılar. Qərar verilib, lakin hal-hazırda işçi heyət işləyir. Üzümüzə gələn həftənin ilk günlərində ictimaiyyətə bəzi açıqlamalar verəcəyik”.

Rəcəb Rza Qafqaz Universitetində təhsil alan tələbələrin aqibətindən də söz açıb. O, bildirib ki, burda oxuyan tələbələrin əksəriyyəti yüksək balla qəbul olanlardır. Həmin tələbələr bilik səviyyələrinə uyğun olan universitetlərə köçürüləcək, diplomlarda da problem yaşanmayacaq.

Əvvəllər Qafqaz Universitetinin Türkiyənin idarəçiliyində olduğunu, lakin Azərbaycan Respublikasının təhsil qanunları ilə idarə edildiyini deyən mətbuat katibi artıq təhsil müəssisəsinin SOCAR-ın tərkibindən çıxarıldığını da vuğulayıb.

Universitetin mətbuat xidmətinin rəhbəri “hazırda müəllimlər hara gedəcək, necə olacaq deyə bilmərəm. Təhsil müəsisəsində 5300-ə yaxın tələbə, 400-dən çox müəllimimiz var. Yəqin ki, gələn həftə onların aqibətinin necə olacağı, universitetin adının dəyişdirilib-dəyişdirilməməsi müəyyənləşəcək. Bu, bizdən asılı olan bir şey deyil, qərarı yalnız Təhsil Nazirliyi verir və 2-3 gün ərzində bu bilinəcək. Dövlətimiz böyük dövlətdir. Ümüd edirik ki, Təhsil Nazirliyi mövzu ilə bağlı tələbələr və müəllimlər haqqında münasib ölçü götürəcəkdir”, – deyə fikirlərini tamamlayıb.

Daha sonra “A24.Az” əməkdaşları imtahandan çıxan tələbələrə yaxınlaşaraq onların fikirlərini öyrənməyə çalışıb. Qafqaz Universitetinin bağlanması xəbərinə inanmasalar da,tələbələr imtahan sessiyasında alınan bu qərarın onlara mənfi təsir etdiyini söyləyib.

Hazırda universitetin bağlanmamasına ümüd bəsləyən tələbələr ikinci semestrin gəlməsini və nələrin baş verəcəyini gözləməkdədir.

“A24.Az” saytı Qafqaz Universitetindən hazırladığı videoreportajı sizə təqdim edir: