Dövlət İmtahan Mərkəzində buraxılış imtahanı qaydalarına həsr olunan brifinq keçirilmişdir | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzində buraxılış imtahanı qaydalarına həsr olunan brifinq keçirilmişdir
Bölmə:Tələbə qəbulu 1156 dəfə oxunub
15.12.2016

2016-cı il dekabrın 14-də Dövlət İmtahan Mərkəzində “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”na həsr olunan brifinq keçirilmişdir.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd etmişdir ki, 2008‑ci ildən başlayaraq res­pub­likanın ümum­təhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərslik­lərdən istifadə edilir.

Yeni təhsil proqramlarının tətbiqi ilə qiymət­ləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yaranmışdı. Bu istiqamətdə görü­lən işlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Əsas­naməsində dəyi­şiklik edilməsi barədə Azərbaycan Res­pub­likası Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli Fərmanı güclü təkan verdi. Həmin Fərmanla TQDK-ya yekun qiymət­lən­dirmənin (attestasiyanın) təşkili məqsədilə, respub­likanın ümumtəhsil müəssisələrinin V-XI sinif şa­girdləri arasında monitorinq imtahanlarını keçirmək vəzifəsi həvalə olundu. TQDK 2013-cü ildən başlayaraq respublikanın bütün bölgələrini əhatə edən ümum­təhsil müəs­­sisə­lərində (2013-cü ildə V, 2014-cü ildə V və VI, 2015-ci ildə VI və VII, 2016-cı ildə VII və VIII siniflərdə) mo­nitorinq imtahanları ke­çirdi. Bu il 9-cu sinif üzrə buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin 85000-dən çoxu qeyd olunan monitorinq imtahanlarında iştirak edib.

Bu imtahanların nəticələrinə əsasən, yazı işlərinin (eləcə də esselərin) yoxlanılması pro­sesini həyata ke­çirmək üçün yeni qiymət­ləndirmə mexanizmi işlənib ha­zırlanıb. Qəbul edilən mexanizm yeni bir metod olaraq 4 ildir ki, respublikamızda qiymətləndirmə sahə­sində tətbiq edilir.

Bundan əlavə imtahanda yazılı cavab vermək tələb olunan açıq tipli sualları yoxlayan markerlər bazası formalaşdırılıb. Hal-hazırda bu bazada Azərbaycan dili fənni üzrə 700-ə, riyaziyyat fənni üzrə 550-ə, rus dili fənni üzrə isə 30-a yaxın ekspert-marker var.

Yeni qaydalar haqqında məlumat verən M. Abbaszadə bildirmişdir ki, 9-cu sinifdə buraxılış imtahanı iki mərhələdə keçiriləcəkdir. Birinci mərhələdə şagirdlərə Azərbaycan dili (rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli (cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı), 10 qapalı tipli (verilən cavab variantlarından doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı), riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzulardan birini seçməklə könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədini almaq üçün inşanın (essenin) qiyməti nəzərə alınacaq.

İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim edilir.

İştirakçıların nəzərinə çatdırılmışdır ki, IX sinif üzrə buraxılış imtahanının yeni qaydaları, V‑IX siniflər üzrə bilik və bacarıqlar yoxlanılacaq alt standartlar, proqramlar, test tapşırığı nümunələri, qiymətləndirmə meyarları, cavab vərəqi nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışında çap edilmişdir. Həmçinin ümumi orta təhsil bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanlarına hazırlaşanlar Azərbaycan dili və riyaziyyat fənləri üzrə test tapşırığı nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışları olan V-VIII siniflər üzrə test kitablarında nəşr edilib. IX siniflər üzrə kitablar isə dekabrın sonlarında çap ediləcəkdir.

Buraxılış imtahanının yeni qaydalarına dair respublikanın bölgələrində  bütün təhsil ictimaiyyətinin iştirakı ilə DİM əməkdaşları və fənn ekspertləri tərəfindən seminarlar  keçirilir. 22 oktyabrda Gəncədə, 29 oktyabrda Şirvanda, 6 noyabrda Şəkidə, 12 noyabrda Naxçıvanda, 19 noyabrda Lənkəranda, 27 noyabrda Ağcabədidə, 3 dekabrda Göyçayda, 10 dekabrda Xaçmazda artıq seminarlar keçirilmişdir. Növbəti seminar  19 dekabrda Bakı şəhərində Azərbaycan Dövlət Pedaqoji Universitetində keçiriləcəkdir. 2017‑ci ilin yanvarında isə Dövlət İmtahan Mərkəzi valideyn və müəllimlərlə görüşlər keçirəcək. Bu görüşlərdə valideynlər, müəllimlər IX siniflər üzrə buraxılış imtahanları ilə bağlı yeni qaydalar, onlara aydın olmayan məsələlərlə bağlı suallara cavab ala biləcəklər.

Tam orta təhsil (11-ci sinif) səviyyəsi üzrə buraxılış imtahanı qaydalarında dəyişiklik edilməyib. Təsdiq olunmuş qaydalara əsasən, imtahan ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili fənni), riyaziyyat və xarici dil fənləri üzrə keçiriləcək. Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

Brifinqdə, həmçinin IX sinif şagirdlərinin buraxılış imtahanının I mərhələsi üzrə http://imtahan.az/ saytına daxil olub online sınaq imtahanında iştirak imkanlarının yaradılması haqqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, açıq tipli test tapşırıqlarına yazılı cavab vermək tələb olunduğundan nəticələr markerlər tərəfindən 24 saat ərzində yoxlanılır və sistemə daxil edilir.

M. Abbaszadə sonda KİV nümayəndələrinin suallarını cavablandırmışdır./tqdk.gov.az