AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINA VİZA ALINMASI, MİQRASİYA VASİTƏLƏRİ VƏ VƏTƏNDAŞLIĞA QƏBUL QAYDALARINA DAİR MƏLUMAT | Təhsil Elanları
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINA VİZA ALINMASI, MİQRASİYA VASİTƏLƏRİ VƏ VƏTƏNDAŞLIĞA QƏBUL QAYDALARINA DAİR MƏLUMAT
Bölmə:Xəbərlər 2865 dəfə oxunub
19.10.2016

Giriş vizası, müvəqqəti qeydiyyat vəsiqəsinin alınması, daimi yaşayış və vətəndaşlıq

ABŞ-da daşınmaz əmlaka sahib olmaq xarici vətəndaşa ölkədə yaşamaq üçün heç bir üstünlük vermir. Lakin giriş vizasının alınması üçün müsahibə aparılarkən ABŞ-da şəxsi mənzilin olması maliyyə sabitliyinin zəmanəti kimi üstünlük təşkil edəcək.
Giriş vizası
ABŞ-a daxil olmağın bir neçə yolu var. Birincisi, dəvət (çağırış) əsasında. Bunu ABŞ-da yaşayan qohum və ya tanışlar rəsmiləşdirə bilər. Bundan başqa, sövdələşməni yerinə yetirəcək Amerika agentliyi də belə çağırışı həyata keçirə bilər.
Ölkəyə turist vizası ilə daxil olmaq yolu daha çox yayıl­mışdır. İki il ərzində bir neçə dəfəlik turist vizası rəsmiləşdirmək olar – bu, hər yarım il ərzində ölkədə 90 gün qalmaq hüququ verir (B1 tipli viza).
ABŞ-a viza almaq istəyən hər bir kəs konsulluqda müsahibədən keçir. Bu zaman daşınmaz əmlakının sonradan ABŞ-da yaşamaq məqsədi ilə alınmasını qeyd etmək lazım deyil, əks halda viza verilməyə bilər. Əksinə, ərizəçi doğma ölkə ilə kifayət qədər sıx əlaqədə olduğu (daimi iş yeri, yaşamaq üçün vəsaitlər, mülkiyyətin olması və s.) gələcəkdə ABŞ-a köçmək niyyətində olmamağı sübut edərsə, onun viza almaq şansı artır.
B1 vizasının alınması üçün zəruri olan sənədlər:
· etibarlı olan xarici pasport;
· köhnə xarici pasport (və onun surəti) - əgər orada ABŞ, Kanada, Şengen ölkələri, Böyük Britaniyanın vizaları varsa;
· iki ədəd rəngli 5x5 sm ölçülü fotoşəkil;
· DS-156 forması üzrə şəxsi imzalı ərizə;
· 16-45 yaşlı kişilər üçün DS-157 forması;
· qəbul edən tərəfin dəvəti (əgər gediş turizm deyil, başqa məqsəd daşıyırsa);
· vəzifə, əməkhaqqı, iş stajı göstərilməklə ərizəçinin iş yerindən arayışı;
· ərizəçinin maddi vəziyyətini sübut edən sənədlər: bank he­sablarından çıxarışlar, vergi bəyannamələrinin surətləri və s.;
· ərizəçinin vətəndaşı olduğu ölkə ilə sosial, iqtisadi və (və ya) ailə əlaqələrini təsdiq edən sənədlər (mülkiyyət sahibliyini təsdiq edən sənədlər, nikah, uşaqların doğumu haqqında, xüsusi müəssisə qeydiyyatı haqqında şəhadətna­mələr və s.);
· yaxın qohumlar haqqında məlumatlar və qohumluq dərəcəsini təsdiq edən sənədlərin surətləri;
· tələbə və şagirdlər üçün doğum haqqında şəhadət­na­mə (surəti), təhsil müəssisəsindən arayış, tələbə biletinin surəti;
· bütün səyahət boyu etibarlı olan sığorta vəsiqəsinin surəti (olmaya da bilər);
· valideynlərdən birinin və ya üçüncü şəxslərin müşayiəti ilə səyahət edən uşaqlar üçün onunla getməyən valideynin (valideynlərin) notarial qaydada təsdiq olunmuş razılığı.
Qeyri-immiqrasiya vizası üzrə sənədlərinin alınması üçün zəruri olan sənədlər, nəzərdə tutulan səyahətdən dörd-altı həftə, yay vaxtı isə daha çox müddət qabaqcadan təqdim edilməlidir. Vizanın müddəti bir ildir; müddət iki ilədək uzadıla bilər, lakin bu məsələ konsulun mülahizəsinə görə həll olunur.
 
ABŞ-da daimi yaşayış
ABŞ-da daimi yaşayış hüququnu iki yolla əldə etmək olar: “Qrin kard” (Green Card) lotereyasını udmaqla və ya vəsait investisiyaları proqramlarından birinə daxil olmaqla.
“Qrin kard” (Green Card) dedikdə I-151 saylı forma, əcnəbinin ABŞ-da daimi yaşamaq hüququ haqqında şəhadətnamə nəzərdə tutulur. Bu, kredit kartı ölçüsündə olan plastik kartdır və orada sahibinin şəxsi məlumatları – fotoşəkli, immiqrasiya nöm­rəsi, sağ əlinin baş barmağının izi, eləcə də kartın etibarlılıq müddəti və ştrix-kodu qeyd olunur.
“Qrin kard” (Green Card) sahibi istənilən vaxt ölkədən çıxa və daxil ola bilər, o, həmçinin ABŞ vətəndaşlarının malik olduğu bütün hüquqlara (seçki hüququ istisna olmaqla) malikdir. Sənəd on il müddətinə verilir. Beşillik daimi yaşayışdan sonra (altı aydan çox olmamaqla ölkədən çıxmağa icazə verilir) siz vətəndaşlıq almaq imkanına malik olursunuz.
“Qrin kard” (Green Card) almaq hüququ eləcə də ABŞ vətəndaşı ilə nikaha daxil olmaq imkanı verir.
ABŞ iqtisadiyyatına investisiya proqramı bir qismi daşınmaz əmlakla təmin olunan müxtəlif layihələrə vəsaitlərin qoyuluşunu nəzərdə tutur. İnvestisiyanın həcmi ştat və ya şəhərdən asılı olaraq 500 min dollardan 1 milyon dollara kimi olmalıdır. Bununla ya­naşı, iki il ərzində ən azı 10 nəfəri işlə təmin etmək tələb olunur.
Bəzi hallarda sərmayənin məbləği 350 min dollar da təşkil edə bilər. Bununla yanaşı, investor iki ildən az olmamaq şərtilə 15 nəfərin çalışdığı təşkilata rəhbərlik etməlidir. Əgər o bunu sübut edə bilmirsə investisiyanın səviyyəsinə qoyulan tələb 500 min dollara qədər artır və üstəgəl əməkhaqlarının verilməsinə görə də 80-100 min dollar məbləğ. Bir ildən və ya 18 aydan sonra biznesi satmaq mümkün olacaq.
Kənd təsərrüfatına bərabərləşdirilmiş yerdə işçilərinin sayı on nəfərdən çox olan 500 min və ya 1 milyon dollarlıq biznesin əldə olunması “Qrin kard” (Green Card) almaq hüququnu qazan­dırır.
Bundan başqa xarici ölkənin ABŞ-dakı şirkətinin sahibi biz­nes-vizasını tələb edə bilər. Bu viza beynəlxalq statuslu top-menecer üçün açılır və bir ildən sonra iş yerlərinin və real biznes fəaliy­yətinin yaradılması şərti ilə “Qrin kard” (Green Card) konversiya edilə bilər. Tələb olunan işçi sayı biznesin növündən asılıdır.
Vətəndaşlıq
Xarici vətəndaş aşağıdakı şərtlərə əməl etməklə ABŞ vətəndaşlığı hüququnu əldə edir:
· 18 yaşı tamam olubsa;
· ölkəyə qanuni qaydada daxil olubsa və ölkədə ən azı beş il daimi sakin statusu ilə olubsa;
· “yüksək əxlaqlı” adamdırsa;
· yüksək səviyyədə ingilis dilinə yiyələnirsə;
· ABŞ-ın tarixi və dövlət institutları ilə tanışdırsa;
· Sədaqət andını içməyə hazırdırsa.
ABŞ vətəndaşı ilə ailə qurmuş şəxs üç il ABŞ-da daimi yaşadıqdan sonra Amerika vətəndaşlığını ala bilər. Boşanma, ayrı yaşama və ya həyat yoldaşının vəfat etməsi kimi hallarda təyin edilmiş beş ili gözləmək lazımdır.
ABŞ vətəndaşlığının rəsmiləşdirilmə müddəti ərizəçilərin ümumi sayından asılıdır, hazırda proses minimum bir il təşkil edir. Bunun üçün ərizəçi ştatın təhlükəsizliyi üzrə departamentə müraciət edir və burada o, müəyyən forma doldurur. Onun ev ünvanına müraciətinin təsdiq olunması haqqında məktub gəldikdən sonra FİB-də yoxlamaq üçün barmaq izləri götürülür. Bundan sonra elə orada da müsahibə təyin olunur. Müsahibə uğurla başa çatarsa, andiçmə mərasiminin tarixi təyin olunur. Andiçmədən sonra ərizəçi vətəndaşlıq haqqında şəhadətnamə - naturalizasiya haqqında sertifikat (Naturalization Certificate) alır, bundan sonra ABŞ pasportunun alınması ərizəsi ilə müraciət etmək olar.
ABŞ vətəndaşlığının alınmasında müəyyən məhdudiyyətlər var. Beş il ərzində (ABŞ vətəndaşı ilə nikaha daxil olma əsasında “Qrin kard” (Green Card) almış şəxslər üçün üç il) hüquq pozun­tusuna yol vermiş şəxslər vətəndaşlıq almaq hüququndan məhrum olurlar. Müddətindən asılı olmayaraq ağır cinayətlər törətmək (qətl, zorakılığın tətbiqi ilə cinayət, narkotiklərin gətirilməsi və yayılması, qeyri-qanuni silah ticarəti) həmişəlik vətəndaşlıq hüqu­qundan məhrum edə bilər.
Ərizəçi ABŞ ərazisində yaşamaqla “Qrin kard” (Green Card) almaq üçün yalan informasiya verərsə, yaxud ABŞ rezidenti kimi şəxsi vergi bəyannamələrini təqdim etməzsə, vətəndaşlıq almağı ümumiyyətlə, unutmaq lazımdır.
Elm, incəsənət, təhsil, biznes və ya idman sahəsində xüsusi qabiliyyətləri olan şəxslər
“Xüsusi qabiliyyətləri olan şəxslər” kateqoriyası üzrə daimi yaşayış
“Xüsusi qabiliyyətləri olan şəxs” kateqoriyasına aid edilmək üçün beynəlxalq və ya milli etiraf, eləcə də öz peşə sahəsində əldə etdiyi mühüm nailiyyətləri nümayiş etdirmək lazımdır.
Bunun üçün böyük beynəlxalq mükafatlardan birinin (Nobel mükafatı, Oskar mükafatı və ya qızıl olimpiada medalı) sahibi olmaq, yaxud aşağıda sadalanan istiqamətlərdən istənilən üçü üzrə kifayət qədər nailiyyətlər nümayiş etdirmək qabiliyyətində olmaq lazımdır:
· öz sahəsində nisbətən kiçik milli və ya beynəlxalq mükafatın alınması;
· üzvlüyə qəbul olunmaq üçün xüsusi qabiliyyətlər tələb edən peşə təşkilatlarına üzvlük;
· ərizəçi haqqında çap nəşriyyatında, KİV-də dərc olunmuş məlumatlar;
· hakim, yəni digərlərin işini qiymətləndirmək hüququna malik olan şəxs qismində öz sahəsi və ya qarışıq sahələr üzrə elmi şuraların və ya digər təşkilatların işində iştirak;
· öz sahəsinə istənilən sənədlərlə təsdiq olunmuş mühüm töhfə;
· müəllif məqalələri;
· bədii sərgilərdə, tamaşalarda, müsabiqələrdə iştirak, birdən çox ölkədə işlərin sərgiyə çıxarılması;
· mühüm töhfələr vermiş şəxs qismində məşhur təşkilatlarda iş;
· ərizəçinin xidmətlərinə görə ödənilən və sənədlərlə təsdiq­lənən yüksək əməkhaqqı və ya digər mükafat;
· kommersiya uğurunun əldə olunması haqqında şəhadətnamə;
· yuxarıda sadalananlarla müqayisə olunan istənilən xüsusi qabiliyyət şəhadətnamələri (əgər bu meyarlar ərizəçiyə tətbiq oluna bilməzsə).
Ümumilikdə bu, o deməkdir ki, öz sahəsində məşhur olan insan­ların, elita nümayəndələrinin (söhbət elitanın 1-2%-dən gedir) sırasına daxil olmaq lazımdır.
Proses nə qədər davam edir?
Əvvəlcə ərizə ABŞ İmmiqrasiya və Naturalizasiya Xid­mətinə verilir, sonra yaşayış yeri üzrə ABŞ səfirliyi tərəfindən ona baxılır, bütün proses təqribən bir il davam edir.
 
ABŞ-a leqal immiqrasiya vasitələri
ABŞ-a immiqrasiya etməyin üç yolu var:
·        İnvestisiya vasitəsi ilə daşınmaz əmlakın leqallaş­dı­rılması. ABŞ-da daşınmaz əmlak əldə etməkləsiz özünüz və ailəniz üçün daimi yaşayış hüququ, sonradan “Qrin kard” (Green Card) və vətən­daşlıq ala bilərsiniz. Bundan başqa, bu zaman siz 100%-lik zəmanətlə öz kapitalınızı artıraraq aylıq gəlir alırsınız.
·        Birbaşa immiqrasiya. ABŞ-ın müvafiq ölkədəki səfir­liyində immiqrasiya vizasını almaq. İmmiqrasiya vizaları çətinliklə verilir. Bu vizalar bir qayda olaraq, ABŞ vətəndaşı olan qohum­ların ərizəsinə əsasən (birləşdirilmiş ailə proqramı) verilir. İkinci kateqoriya – “Qrin kard” (Green Card)lotereyasını udmuş şəxslər üçün immiqrasiya vizalarıdır.
·        Birbaşa olmayan immiqrasiya. Qeyri-immiqrasiya vizası üzrə ABŞ-a gəlmək və orada olarkən statusu immiqrasiya vizası statusuna dəyişmək. Bu üsul daha çox vaxt və pul tələb edir, lakin təəssüflər olsun ki, bir çoxları üçün bu, yeganə mümkün üsuldur.
ABŞ-a real immiqrasiya vasitələrinin siyahısı:
· “Qrin kard” (Green Card) lotereyası vasitəsi ilə immiqrasiya;
·        nişanlinin vizası vasitəsi ilə immiqrasiya;
·        ABŞ-da işə düzəlmə vasitəsi ilə immiqrasiya;
·        biznesmenlər üçün L1 vizası vasitəsi ilə immiqrasiya;
·        qaçqin statusunun alınması vasitəsi ilə immiqrasiya;
·        “Qrin kard” (Green Card) lotereyası vasitəsi ilə ABŞ-a birbaşa immiqrasiya;
Əgər siz “Qrin kard” (Green Card) lotereyasını udmusu­nuzsa ...
O zaman bu, sizin avtomatik olaraq immiqrasiya vizasını almağınıza zəmanət vermir. Siz hələ ABŞ səfirliyində sübut etməlisiniz ki, siz:
·        kifayət qədər savada və ya iş təcrübəsinə maliksiniz;
·        ABŞ-da ilk günlər yaşamaq üçün pulunuz var;
·        amerikali işəgötürəndən iş təklifi almısınız.
Birbaşa olmayan immiqrasiya vasitələri
Nişanlının vizası vasitəsi ilə immiqrasiya
Əgər siz ABŞ-a nişanlınızın vizasına əsasən gəlmisinizsə, o zaman vizanın qüvvədə olduğu üç ay ərzində evlənməlisiniz. Bundan sonra siz ərizə verib şərti daimi sakin statusunu alırsınız. Amerikalı nişanlınız ilə iki il birgə yaşadıqdan sonra siz ərizə verir, nişanlınızla birlikdə müsahibədən keçir və əgər müsahibə zamanı hər şey normal keçər, heç bir şübhə yaranmazsa, siz ABŞ-ın daimi sakin statusunu alırsınız.
H1B işçi vizası vasitəsi ilə immiqrasiya
Əgər əcnəbi ABŞ-da H1B işçi vizası üzrə işləyirsə və yaxşı işləyirsə, o zaman bir neçə il belə fəaliyyətdən sonra amerikalı işə­götürən H1B vizasının qüvvədə olduğu üçillik müddətin bitməsi üzrə həmin işçinin vətəninə qayıtmayıb, daimi yaşayış yeri olaraq ABŞ-da qalmasını istəyər. Bu halda amerikalı işəgötürən öz işçisinə sponsorluq edərək bunu qanuni qaydada rəsmiləşdirə bilər. Bütün rəsmi prosedur­lardan keçdikdən sonra belə əcnəbi işçi işədüzəltmə vasitəsi ilə daimi sakin statusu alır. O, “Qrin kard” (Green Card) alır və daimi olaraq ABŞ-da yaşayır, onun ailə üzv­ləri də, həmçinin, daimi olaraq ABŞ-da yaşamaq hüququna malik olur.
İş adamları üçün L1 vizası vasitəsi ilə immiqrasiya
Əgər siz sahibkarsınızsa və sizin yaşadığınız ölkədə müəs­sisəniz varsa, o zaman siz ABŞ-da bu müəssisənin filialını aça bi­lər­siniz. Bu filiala rəhbərlik etmək üçün, ABŞ-da olarkən Siz özünüz üçün L1 və ailə üzvləriniz üçün L2 vizasını ala bilərsiniz. Siz həmçinin, artıq ABŞ-da olmaqla qeyri-immiqrasiya statusunu L statusuna dəyişə bilərsiniz, yəni bunun üçün konsulluqda L vizasını almaq vacib deyil. Əvvəlcə viza və ya L tipli status bir il müddətinə verilir. Əgər bir ildən sonra hər şey qaydasında olarsa, filial uğurla fəaliyyət göstərərsə, üçillik L vizasını almaq üçün ərizə vermək olar. Belə viza və ya L statusu artıq “Qrin kard” (Green Card) almaq üçün müraciət etmək, yəni ABŞ-ın daimi sa­kini kimi qeydiyyata alınmaq imkanı verir. Prosedur amerikalı işəgötürənin onun işçisinin daimi sakin olması üçün etdiyi müra­ciətlə təqribən eynidir.
ABŞ-da qaçqın statusunun alınması vasitəsi ilə immiq­rasiya (Asylum)
ABŞ Cenevrə Konvensiyasını imzalayan dövlətlərdən biridir və bu konvensiya üzrə götürdüyü öhdəlikləri yerinə yetirir. İmmiqrasiya və vətəndaşlıq haqqında ABŞ qanununun qaçqınlara dair hissəsində qaçqının tam tərifi verilmişdir. Əgər siz öz vətə­ninizdə sıxışdırılır və ya belə bir halın qorxusunu yaşayır­sınızsa, o zaman siz qaçqın statusunun verilməsi haqqında müraciət etmək hüququna malik olursunuz.
 
diaspora.gov.az