İyunun 21-də keçirilən buraxılış imtahanlarının nəticələri açıqlandı | Təhsil Elanları
İyunun 21-də keçirilən buraxılış imtahanlarının nəticələri açıqlandı
Bölmə:Tələbə qəbulu 506 dəfə oxunub
23.06.2016

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ( TQDK) 2015/2016-cı tədris ili üçün ümumtəhsil və ilk peşəixtisas təhsili müəssisələrinin məzunları üçün iyunun 21-də  keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-dan Tehsil.im-ə verilən məlumata görə, imtahan vermiş hər bir şagird imtahanın nəticələri haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, imtahanlar Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Abşeron, Sumqayıt şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.

IX sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 26072 şagirddən 969 nəfəri imtahana gəlməyib. 4 nəfər qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirtməyə cəhd, sual kitabçaları və cavab kartlarının dəyişdirilməsi, nizam-intizam qaydalarının pozulması)  imtahandan xaric edilib, 1 nəfərin isə cavab kartını imtahan binasından çıxartmağa cəhd göstərdiyi üçün imtahan nəticələri ləğv olunub. İştirakçılardan 37 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.

XI sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanında  isə iştirakı nəzərdə tutulan 21188 şagirddən 753 nəfəri imtahana gəlməyib. 30 nəfər qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirtməyə cəhd, sual kitabçaları və cavab kartlarının dəyişdirilməsi, nizam-intizam qaydalarının pozulması) imtahandan xaric edilib. İştirakçılardan 59 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.