Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər | Təhsil Elanları
Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər
Bölmə:Tələbə qəbulu 586 dəfə oxunub
10.06.2016

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı il iyunun 12-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcəkdir.

İmtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 11:00 – da başlanacaq.

Cari ildə “Azərbaycan dili” fənni üzrə birinci imtahan 2016-cı il mayın 1-də keçirilib. Həmin imtahanda 7696 abituriyent iştirak edib, onlardan 6476 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb.

Qəbul qaydalarına əsasən, mayın 1-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilir.

Abituriyentlərin “İmtahana buraxılış vərəqəsi”  TQDK-nın internet saytında yerləşdirilib. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana gələrkən aşağıdakı sənədləri özləri ilə gətirməlidirlər:

• “İmtahana buraxılış vərəqəsi”;
• şəxsiyyəti təsdiq edən sənədin əsli.

Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, abituriyentlər imtahana buraxılmayacaq.

Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Məlumat üçün bildiririk ki, imtahanda 1486 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur.

İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 117 nəzarətçi müəllim ayrılıb. /tqdk.gov.az