Embawood şirkəti tələbələr üçün müsabiqə elan etmişdir | Təhsil Elanları
Embawood şirkəti tələbələr üçün müsabiqə elan etmişdir
Bölmə:Elanlar 1386 dəfə oxunub
10.03.2016

19 fevral tarixində universitetdə memarlıq fakültəsinin tələbələri üçün Embawood şirkəti tərəfindən “Ən yaxşı interyer və mebel dizaynı” adlı müsabiqənin elan olunması ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Strateji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarova, Dizayn kafedrasının müdiri Təranə Bəkirova, Embawood şirkətinin Tədqiqat və Təkminləşdirmə Departamentinin direktoru Zöhrab Mehdixanov eləcə də memarlıq fakültəsinin müəllimləri və tələbələr iştirak etmişdir. 
       İlk öncə fakültə dekanı tədbiri açıq elan edərək qeyd etdi ki, Embawood şirkəti ilə universitetimiz arasında olan partnyorluq əlaqələrinin uğurla davam etdirilməsi bizi sevindirir  və tezliklə universitetdə Embawood şirkəti tərəfindən yaradılacaq taxta emalatxanası şirkətin mütəxəssis hazırlığına verdiyi böyük önəm və qayğının təzahürüdür.
         Daha sonra şirkət nümayəndəsi Zöhrab Mehdixanov elan olunan “Ən yaxşı interyer və mebel dizaynı” müsabiqəsi haqqında geniş prezentasiya ilə çıxış etdi və müsabiqə şərtləri haqqında tədbir iştiraçılarına ətraflı informasiya verdi. Bildirdi ki, müsabiqə memarlıq fakültəsinin II-IV kurs memarlıq və dizayn ixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulmuşdur. Yaşayış evinin istənilən otağının interyer və mebel dizaynını yaratmaq müsabiqə tapşırığının əsas şərtidir. Müsabiqənin nəticələri interyer və mebel üzrə ayrı-ayrı qiymətləndiriləcək. Müsabiqənin başlanması və yekunlaşması 16 fevral- 15  aprel 2016 tarixlərində baş tutacaq və  iştirakçılar AzMİU-nun “Dizayn” kafedrasında qeydiyyatdan keçməlidirlər.
          Eyni zamanda, qalib iştirakçının dizayn etdiyi mebel istehsal olunacaq və ilk prototipi qalib iştirakçının özünə hədiyyə olunacaq.