Okfsforddan gəlmiş azərbaycanlı rektor: “Təhsildə rüşvət tərbiyəsizlik və əxlaqsızlığın son həddidir” - MÜSAHİBƏ | Təhsil Elanları
Okfsforddan gəlmiş azərbaycanlı rektor: “Təhsildə rüşvət tərbiyəsizlik və əxlaqsızlığın son həddidir” - MÜSAHİBƏ
Bölmə:Xəbərlər Müsahibələr 2196 dəfə oxunub
10.01.2016

Modern.az  saytı “Danışır rektor” layihəsini davam etdirir. Layihənin budəfəki müsahibi Azərbaycan Universitetinin rektoru, hüquq elmləri üzrə fəlsəfə doktoru FəridƏhmədovdur.

stərdik öncə özünüz haqda qısa məlumat verəsiniz. Çünki məhz tanışlıqdan sonra şəxsin həyata baxış bucağını da müəyyənləşdirmək olur.

-Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq hüquq fakültəsinin məzunuyam. Bakalavr pilləsindən sonra magistr təhsilimi də BDU-da almışam. Təhsilimin hər iki pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. Daha sonra ikinci magistr təhsilimi almaq üçün Böyük Britaniya Xarici İşlər Nazirliyinin “Chevening” təqaüdünü qazanıb, İngiltərədə Essex Universitetinə getmişəm. Orada beynəlxalq insan hüquqları sahəsində ixtisaslaşmışam. Həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişəm. Sonra Azərbaycana qayıtmışam. Əslində ilk iş yerim “Ədalət” hüquq firması olub. İngiltərəyə gedib-qayıtdıqdan sonra Konstitusiya Məhkəməsində çalışmışam. Paralel olaraq da BDU-nun Beynəlxalq hüquq kafedrasında müəllim işləmişəm. Konstitusiya Məhkəməsindən sonra Milli Məclis Aparatının İnzibati hərbi qanunvericilik şöbəsində çalışdım. Eyni zamanda AMEA-nın Hüquq və Fəlsəfə İnstitutunda mövzu götürüb işləmişəm. 

2008-ci ildə doktoranturanı xaricdə də oxumaq üçün Böyük Britaniyaya getmişəm. 2009-cu ildə isə Azərbaycana qayıdıb Dövlət İdarəçilik Akademiyasında elmi iş müdafiə edərək, hüquq elmləri üzrə fəlsəfə doktoru olmuşam. Daha sonra isə yenidən İngiltərəyə qayıtdım. Orada faktiki olaraq 4 ilə yaxın doktoranturada olmuşam. 2009-2011-ci illərdə İngiltərədə - Oksfordda Xarici İşlər Nazirliyinin əməkdaşları üçün “Foreign Service Program”ına qatılaraq, dünyanın müxtəlif yerlərindən gələn diplomatlara magistr pilləsində 2 il dərs demişəm. Beynəlxalq ümumi hüquqdan dərs deyirdim. Bu proqramda məndən öncə dərs deyən adamlar kifayət qədər ciddi simalar, professorlar olub. Oksford Universitetində dünyanın nüfuzlu “Weidenfeld” təqaüdçüsü olmuşam(http://whtrust.org/scholarships-profiles/farid-ahmadov/).

Bu təqaüdü hər il dünyada cəmi 5 faiz adam qazana bilir. Dünyanın bir çox ölkələrindən gələn diplomatlara, xüsusən də yaşca özündən böyük, hazırıqlı insanlara dərs demək çox çətin idi. Bəziləri baxıdılar ki, qarşılarında cavan oğlan dayanıb, azərbaycanlıdır..

Hazırda Türkiyənin Çinin Şanxay şəhərindəki baş konsulu Özcan Şahin Oksford Universitetində mənim tələbəm olub. Daha sonra isə Azərbaycana qayıdıb “ADA” Universitetində dərs dedim. 

Məhkəmələrə də çıxmışam, xarici şirkətlərə hüquq məsləhətləri də vermişəm.



-Artıq 1 ilə yaxındır ki, rektor vəzifəsində çalışırsınız. Sizə görə, Azərbaycanda aili məktəb rektorları
 işini düzgünmü qurub? Əslində necə olmalıdır?

-Mən universitetə rektor vəzifəsinə dəvət olunanda bu ali məktəbin təsisçiləri tərəfindən qarşıma vəzifə qoyuldu ki, tədrisin keyfiyyəti və gələcəkdəki elmi araşdırmalar məsələsində Azərbaycandakı qabaqcıl universitetlərdən birinə çevrilək. 

Biz anlayırıq ki, təhsildə keyfiyyət əldə etmək üçün illərlə zaman lazımdır. Hesab edirəm ki, ilk növbədə universitetlər inkişaf strategiyaların hazırlamalıdır. Bunun üçün ciddi bazar araşdırması aparıb və universitetlərdə mövcud olan ixtisasların bazarın tələblərinə uyğun olub-olmadıqları sualı cavablandırılmalıdır. Resursların məhdud olduğunu nəzərə alaraq,  universitetlər anlamalıdır ki, bütün sahələrdə ən yaxşı ola bilməzlər. Bu səbəbdən prioritet ixtisasları özləri üçün müəyyən etməlidirlər ki, məhz həmin ixtisaslara maliyyə resursların istiqamətləndirə bilsinlər. Bazarda tələbat olan ixtisaslar yaradılmalı, tələbat  olmayan ixtisaslar isə sadəcə ləğv edilməlidir. Burada əsas prinsip kəmiyyət deyil, keyfiyyət olmalıdır.  

Bu gün Azərbaycan təhsil bazarında ən məhdud resurs peşəkar müəllimdir. Bunu həm məktəb, həm də universitet təhsilinə aid etmək olar. Bu resursun məhdud olması nəticəsində universitetlərimizdə çalışan müəllimlər bir neçə ali məktəbdə eyni fənlərdən dərs deyir və belə olan halda maraqların toqquşması yaranır. Problemi təsvir etmək asan olsa da, onun həlli kifayət qədər çətindir. Universitet müəlliminin yetişdirilməsi uzun illər və ciddi investisiya tələb edir. Əslində bu sahədə dövlətin siyasəti ilə yanaşı, hər bir universitetin özünün uzun müddətli strategiyası olmalıdır. Hər bir universit təhsil bazarında uzun müddətli inkişaf perspektivini düşünürsə, özünün müəllim bazasını necə yaradaçağı haqqında düşünməlidir. Çünki hər hansı yeni ixtisasın açılması məhz bu sahədə akademik potensialın olmasından birbaşa asılıdır. Bu da universitetlərimizin uzun müddətli strategiyalarında əks olunmalı olan əsas məsələdir.
Azərbaycanda universitetlərin idarə edilməsinə gəldikdə hesab edirəm ki, mərkəzi idarə etmə prinsipindən kənarlaşmaq lazımdır. Rektor cari rəhbərliyi həyata keçirən şəxs olmasına baxmayaraq,  mikromenecmentdən uzaq durmalıdır.

Bütün inzibatçılar, rektorlar müəllimə, müəllimlər də tələbələrə xidmət etməlidirlər. 

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu gün bizim universitetlərdə rektorlar hətta mikromenecment yox, nanomenecmentlə məşğul olurlar. Ancaq əslində rektorlar makromenecmentlə məşğul olmalıdırlar. Rektorlar universitetlərin qlobal məsələləri, beynəlxalq əlaqələri, hədəf və strategiyaları, ciddi partnyorları ilə məşğul olmalıdırlar. 

Mən Oksfordda oxuduğum müddətdə rektorun üzünü görməmişəm. Çünki buna ehtiyac yox idi. Yalnız prorektoru bir dəfə partidə görmüşəm. Doktorant olduğum üçün də bir neçə dəfə dekanımı görmüşəm.

Fikrimcə, universitetin idarə olunmasında hər bir dekan öz fakültəsinin rektoru olmalıdır.  Bununla rektorlar öz işlərini azaltmış və asanlaşdırmış oluralar. Səlahiyyət məsuliyyət gətirir. Məsuliyyətsizliyə çağırmıram. İş bölgüsünə çağırıram. Aşağının məsuliyyəti yuxarıya, yuxarının məsuliyyəti aşağıya ötürülməli deyil. İdarəetmənin effektivliyi baxımından bu gün universitetlərimizdə ən böyük problem rektorların çox səlahiyyətli olması və universitetdə demək olar ki, bütün proseslərə müdaxilə edə bilmələridir. Hər şeylə məşğul olan rektorlar sonra deyirlər ki, nəyəsə vaxtım çatmadı. 
Hesab edirəm ki, bu nəticədə universitetin qeyri-effektiv idarə edilməsinə gətirib çıxarır. Universitetdə dekanlıqlara və digər struktur bölmələrinə, daha çox müstəqillik verilməlidir. Bu həm işəgötürmə, həm də maliyyə müstəqilliyini əhatə edir. Belə olduqda, qərarvermə prosesi daha da çevik və əngəlsiz baş vermiş olur. Heç şübhəsiz ki, dediklərim yalnız o halda mümkündür ki, struktur bölmələri rəhbərlərinin peşəkarlıq səviyyəsi onların işlərinə müstəqil olaraq rəhbərlik etmələrinə imkan versin. Yəni, bir daha ən məhdud resurs olan peşəkar kadr məsələsinə qayıtmalı oluruq.

-Sizin kimi fərqli baxış bucağı ilə müasir təhsil sisteminə yanaşan insanların ölkəmizdə az olması Azərbaycan təhsilinə hansı minusları gətirəcək?

-Önəmlisi odur ki, hərəkət edək, irəliyə doğru addımlar ataq. Bu gün əslində iqtisadi böhran yox, insan böhranıdır. Bu, bəlli müddətdə çətinliklər yaradacaq. Ölkə rəhbərinin xaricdə təhsillə bağlı sərəncamı ilə bir çox gənclər xaricə təhsil almağa göndərilib və bu proses davam edir. Bu adamların ölkəyə qayıtması vacibdir. O insanlar dəyişikliklərin agentləri olmalıdırlar. Yeni adamları tapmaq və bura cəlb etməyi bacarmalıyam. İmperik olaraq bu nə qədər vaxt alacaq, demək çətindir. Artıq vəziyyətin ümumi olaraq düzəlməsi o zaman baş verəcək ki, universitetlərdə müəllim işinə 2-ci dərəcəli iş kimi baxılmasın. 

-Sizcə, bu gün təhsil sistemindəki metod aclığına səbəb nədir?

-Hədəfin aydın olmaması metod aclığına gətirib çıxarıb. Universitetlərimiz nəyi əldə etmək istəyir? Nə olmaq istəyir?..

<p">Yəni, universitetlərimiz ilk növbədə əsas hədəflərinin nədən ibarət olması sualını cavablandırmalıdır. Burada iki seçim ola bilər və bu seçim universitetin maliyyə strategiyasını müəyyən edən əsas faktorlardan biridir. Seçim dedikdə, universitetlər ya elmi araşdırma (tədqiqat) və ya tədris yönümlü universitet olacaqlarına dair strateji qərar verməlidir. Bu qərar müəllimlərin qiymətləndirilməsi, maliyyə məsələləri və universitetin infrastrukturu kimi məsələlərə ciddi təsir göstərə biləcəyindən ilk növbədə cavablandırılan suallardan olmalıdır

Hər universitet özünün hədəflərinə uyğun olaraq (yəni universitetin elmi araşdırma və ya tədris yönümlü olmasından asılı olaraq) elmi araşdırmanın keyfiyyət meyarlarını müəyyən etməli və universitetin akademik heyəti bu meyarlara uyğun olaraq qiymətləndirilməlidir. Elmi araşdırma yönümlü universitetlər uçün prioritet elmi araşdırma nəticələrinin nüfuzlu elmi nəşrlərdə çap edilməsi olmalıdır. Bu gün Azərbaycanda universitetlərin sistemli şəkildəki bu tələbini müəllimlərin qarşısında qoymaq çox çətindir. Universitetlərimiz buna hələ hazır deyil. Bunun üçün biz uzun yol keçməliyik və ilk olaraq universitetlərimizdə tədrisin keyfiyyətinin qaldırılması istiqamətində əməli tədbirlər görməliyik. Elmi araşdırma isə ciddi investisiya və zaman tələb edir.

Dünyanın Harvard, Okford və digər məhşur universitetləri belə, keyfiyyətli elmi araşdırma aparmaq üçün uzun yol keçiblər. Bu universitetlər yarandıqda ilk növbədə tədrisin keyfiyyət səviyyəsini təmin edib və sonra elmi araşdırma istiqamətində öz işlərini qura bilib. 

Təbii ki, mən bizim universitetləri Harvardın yeni yarandığı dövrlə müqayisə etmək istəmirəm. Bizim sovetdənqalma təhsil bazamız var. 
Lakin nə qədər sağlam, əmək bazarının müasir tələblərinə uyğun olub-olmadığı sual doğurur. Universitetlərimiz yeni ixtisaslar açdıqda ciddi bazar araşdırması aparmalı və bazardakı tələbə uygun təklif hazırlamalıdır. Şübhəsiz ki, bu baxımdan ixtısasların çevik acıla bilməsi nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılması zərurəti də var. 
Universitetdə tədrisə gəldikdə, hesab edirəm ki, burada tədris, ustad-şagird prinsipi uzərində qurulmalıdır.

Ali məktəblərimizdəki müəllim və tələbələr yalnız müəllim-tələbə deyil, ən əsası ustad-şagird münasibətlərində olmalıdırlar. Bu, Oksfordda da, Kembricdə də belədir. Qədim zamanlarda ustad yalnız ixtisası öyrətməyib, həm də həyatda yol göstərib. 
Biz bu üsula keçməliyik. Avropada tyutorun əsl mahiyyəti budur. O həm dərs deyir, həm də yol göstərir. Nüfuzlu professorlar tyutorluqla məşğuldurlar. Tyutorluğu bizdə təəssüf ki tamamən konteksdən çıxarıblar. Tyutor fərdi dərs deyir, tələbəni şəxsən tanıyır, içini bilir. Bizim qanunvericilikdə zatən audotoriyadan kənar işin təşkili nəzərdə tutulub.  Amma bu, tətbiq olunmur. Yəni auditoriyadankənar dərslər əslində bu metodla tədris olunmalıdır. 
Biz öz universitetimizdə bunu ciddi şəkildə tətbiq etmək niyyətindəyik. Ayrıca otaqlar ayıracağıq ki, tələbələr müəllimlərlə daha çox vaxt, zaman keçirə bilsinlər.



-Oksford məzunu Fərid Əhmədovun (<p">https://www.law.ox.ac.uk/people/farid-ahmadovdüşüncəsindəki elmi araşdırma ilə bugünkü Azərbaycan Milli Elmlər Akademiyasındakı alimlərin elmi araşdırmaları arasında hansı fərqlər var?

- Burada önəmli məqam ondan ibarətdir ki, Azərbaycanda sistem olaraq elmi araşdırma yoxdur, amma ağıllı fərdlərimiz var. Mahiyyət ondan ibarətdir ki, sistem bu elmi araşdırmaları necə təşviq edir... 
<p">Ümumiyyətlə, hesab edirəm ki, elm və təhsil vəhdət təşkil etməlidir. Bilik və elm yalnız paylaşdıqda əhəmiyyətin artırmış olur. Bu baxımdan Milli Elmlər Akademiyasında bu istiqamətdə ciddi şəkildə islahatlar aparılmalıdır. Həmçinin, Milli Elmlər Akademiyası və ali təhsil müəssisələri elm xatirinə elm (yəni nəzəri elm) prinsipindən kənarlaşmalıdır. Şübhəsiz ki, nəzəri elm vacibdir, lakin bu gün onu maliyyələşdirən təsisatlar demək olar ki, yoxdur. Bu baxımdan elm və biznes arasında sinerji yaradılmalıdır. Elm və təhsilin vakuumda inkişafı mümkünsüzdür. O, yalnız industriyayla əl-ələ tutub inkişaf edə bilər. Bu baxımdan Oksford və digər qabaqcıl elm və təhsil müəssisələrindən çox şey öyrənə bilərik.

- Siz universitetə rektor təyin olunduqdan sonra ən çox nələrə təəccübləndiniz?

- Məni ən çox təəccübləndirən bu universitetdə müəllim heyətinin çox hissəsinin tam ştatda olmaması idi. Yəni müəllimlərin əksəriyyətinin saat hesabı ilə işləmələri... 
<p">Müəllimlərə bildirildi ki, universitetə ikinci dərəcəli iş yeri kimi münasibət bəslənməsi bu universitetdə qəbul edilməzdir. Onlara təklif edildi ki, əsas iş yerlərindən çıxıb tam ştata bizim universitetə işləməyə gəlsinlər. Buna razı olmayan müəllimlərə universitetin müəyyən etdiyi şərtlər çərçivəsində əməkdaşlıq təklif edildi. Vacib məqam ondan ibarətdir ki, saathesabı müəllimlər universitetə həftədə bir və ya iki dəfə gəlir və şübhəsiz ki, onlar universitetə xidmət göstərmiş olur. Xidmət isə Mülki Məcəllənin tələblərinə uyğun olaraq tərəflərin razılığı əsasında həyata keçirilir. Vergitutma da bu razılaşmanın tərkib hissəsidir. Qanunvericilikdə təhsil xidmətlərini sadələşdirilmiş vergitutmaya cəlb edilməsinə dair qadağa nəzərdə tutulmadığından, saathesabı işləyən müəllimlərin VÖEN əsasında çalışmasına qərar verildi. Universitet uçün VÖEN-lə işləmənin üstün cəhəti ondan ibarətdir ki, universitet vergi ödəmələrində və əlavə sosial ödənişlərdə qənaət etmiş olur. Şübhəsiz ki, biz bunu tam ştat və ya yarımştatda işləyən müəllimlərimizə tətbiq etmirik. Əksinə, qənaət olunmuş vəsait hesabına biz tam ştatda olan müəllimlərin əmək haqqlarını qaldıra bilmişik. Beləliklə, bizim təhsil bazarına göndərdiyimiz mesaj ondan ibarətdir ki, əgər müəllim sosial və ya digər imtiyazlardan faydalanmaq istəyirsə, universitetlə daha sıx, yəni əmək münasibətlərində olmalıdır. Müəllimlər universitetə sadəcə həftədə bir və ya iki dəfə gəldikdə biz bu münasibətləri xidmət kimi dəyərləndirib və xidmət münasibətlərinin mahiyyətinə uyğun olaraq onlarla münasibət quracağıq. Bu yanaşma ölkə rəhbərliyinin ölkədə maliyyə vəsaitlərinin xərclənməsinin optimalaşdırılması siyasətinə uyğun olaraq həyata keçirilir.

Daha sonra isə məni təəccübləndirən bir faktor tələbələrin imtahan zamanı bir-birindən köçürmələri oldu. Buna adi yanaşılırdı. Mən bunu görəndə, çox təəcüblənmişdim. Mən Oksford Universitetindəki  imtahanda nəzarətçi də olmuşam. Bu işə görə saatıma 15 funt sterlinq alırdım. Mən imtahan zalında nəzarətçi idim, heç kim də heç kimdən köçürmürdü, hamı başını aşağı salıb işini görürdü. Mən də notbukum qarşımda öz işlərimi görürdüm. Həm işlərimi həll edirdim, həm də saatıma 15 funt qazanırdım (gülür).
Ona görə də həyatımda əziyyət çəkmədən pul qazandığım anlar da olub. Ağlıma belə, gətirə bilmirdim ki, kimsə köçürsün. 
Ona görə də intizam qaydalarını gücləndirdim, belə qərar verdim ki, 2 dəfə köçürən tələbə 3-cü dəfə də köçürərsə, universitetdən xaric ediləcək.



- Fərid müəllim, Azərbaycan Universiteti ölkədəki universitetlər arasında rüşvətsiz ali məktəblərdən biri hesab olunur. Siz universitetə rektor təyin olunduqdan sonra bu muhitin qorunub saxlanılmasına nail ola bilmisinizmi?
Yəni bu sahəyə nəzarət əvvəlki kimidirmi?

- Təəssüf doğuracaq haldır ki, korrupsiyanın olmamasını biz universitetlərimizin təhsil sistemindəki uğuru kimi qələmə veririk. Əslində onsuz da təhsildə rüşvət olmalı deyil. Bunu uğur kimi necə təqdim edə bilərsən... Mən bunun uğur kimi təqdim olunmansını istəmirəm. 
Təhsildə rüşvət ağılasığmaz bir şeydir, bu tərbiyəsizlik, əxlaqsızlığın son həddidir. Müəllim tələbədən pul aldısa, bundan o yana əxlaqsızlıq yoxdur, bu son həddir. Bizim universitetdə o heç müzakirə predmeti deyil. Sadəcə olaraq vurğulamaq istəyirəm ki, biz bunu nailiyyət hesab etmirik. Biz rüşvətsizliyi məcburi, labüd, cari bir şey hesab edirik.

 -Bəs rektor vəzifəsinə təyin olunduqdan sonra müəllimlər arasında rüşvətxorluğuna görə  şübələndiyiniz oldumu və belə hallara görə işdən uzaqlaşdırılanlar varmı?

Ümumiyyətlə, Amerika kimi ölkədə şirkətlər var ki, korrupsiyaya görə dağılır. Kim deyirsə ki, İngiltərədə, Amerikada rüşvət yoxdur, bu absurddur. Söhbət ondan gedir ki, rüşvət sistematik halda yayılmayıb. Universitetin 25 illik tarixində tək-tük hal olub, lakin həmi adamlar universitetdən dərhal kənarlaşdırılıb. Tək-tük adamlar hər bir halda, hər bir sistemdə olacaq. 
Söhbət sistemin buna reaksiyasından gedir. Ən vacibi budur. Sistem ona dərhal reaksiya verib kəsirsə, deməli sistem sağlamdır. Nəfs isə həmişə olacaq. 



-Fərid müəllim, bu günlərdə sizin və universitetiniz haqqında mətbuatda gedən bir yazıda Ziya Şimiyev adlı şəxsin adı hallanıb. 
Orada bildirilir ki, siz onunla çox yaxın münasibətdəsiniz və o, universitetdə özbaşınalıqlar edir. Bu barədə nə deyə bilərsiniz?

-Ziya Şimiyev artıq xeyli vaxtdır ki, bizim unviversitetdə müəllim işləmir. O adamı mən burada tanımışam. Əmək müqaviləsinə də baxsaq, o adam məndən qabaq işə götürülüb. Və mən rektor təyin olunduqdan sonra bir semestr işləyib, çıxıb gedib. Mən bilirəm ki, o məqaləni kim yazıb. Əvvəllər Biznes fakültəsinin dekanı olmuş Elçin Rəşidovu işdə buraxdığı ciddi nöqsanlara görə əmr verib, çıxarmışam. İndi də məhkəməyə müraciət edib. Bu, onun haqqıdır. Biz də məhkəmənin hər bir qərarına hörmətlə yanaşacağıq. Amma məqalədə yazılır ki, biz yalnız onu (Elçin Rəşidovu) yoxlamaq üçün komissiya təşkil etmişik. Bu komissiya mən bura təyin olunmazdan qabaq yaranıb. Bu komissiya əvvəlki rektorun əmri ilə yaradılıb. 
Həmin komissiya bütün fakültə və kafedraların fəaliyyətini yoxlayıb. Və nəticədə sənədlərində problemləri olan Akif Əlizadə, Mahir Talışlı dekan vəzifəsindən azad olunub. Yəni bu müəllimlər dekan işini bilmirlər, ancaq çox gözəl müəllim və savadlı insanlardır. Amma Mahir Talışlı bu universitetdə böyük xidmətləri olan adamdır. Biz də onu universitetdən kənarlaşdırmadıq. Universitetdə şöbə müdiri vəzifəsinə təyin etdik. 
O baxımdan burada faəliyyət bütünlükdə yoxlanılıb. Əvvəlcə özləri dəvət olunub ki, gəlin ərizənizi yazın, nöqsanlarınız var. Kimlərsə gəlib yazıb, kimlərsə yazmayıb. Mən də ərizəsini yazmayanlardan birini - Elçin Rəşidovu əmrlə işdən azad etmişəm. Bu kənarlaşdırma komissiyanın və həmkarlar ittifaqının rəyi ilə həyata keçirilib. Əgər əmək qanunvericiliyində işdən azad etmək kimi maddə nəzərdə tutulubsa, deməli kimlərsə işdən azad edilə bilər. Bəzi insanlar hələ də anlamırlar ki, vəzifə daimi deyil. 

-Məlum məqalədə həmçinin qeyd olunur ki, universitetdə tələbələrdən qeyri-qanuni ödənişlər tələb edilir. Məsələn, kəsir səbəbi ilə dövlət imtahanına buraxılmayan, kəsirlərini ödəmək üçün əlavə dərslərə cəlb edilən tələbələrdən dövlət imtahanına buraxılmaları üçün 750-800 manat pul istənilir. Üstəlik, bu, kəsirlərin pulundan əlavə olaraq istənilir. Tələbələrə isə bildirilir ki, bu vəsait Nazirlər Kabinetinin yeni qaydalarına əsasən ödənilməlidir. Maraqlı burasıdır ki, tələbələr və valideynlər universitet yetkililərindən NK-nın sözügedən qərarının özünü, yaxud tarixini, nömrəsini soruşsalar da, onlara bu barədə heç bir məlumat verilməyib. Həmçinin, valideynlər onu da öyrəniblər ki, əvvəlki illərdə bu cür ödəniş tələb olunmayıb. Yazıda öz əksini tapan bu fikirlər haqqında nə deyə bilərsiniz?

-Öncə onu qeyd edim ki, Nazirlər Kabinetinin qərarına əsasən, universitetlərdə təhsil müddəti 4 ildir. Biz də hərbi xidmətə gedəcək tələbələrə forma N10 verdikdə, orada da qeyd olunur ki, təhsil müddəti 4 ildir. Ancaq təshil proqramını vaxtında mənimsəyə bilməyən, yəni vaxtında dərslərini oxumayıb imtahandan kəsirə qalanlar hərbi xidmətdən, yaxud 4 illik təhsil müddətindən sonra kəsirlərini imtahan verib düzəltməklə diplomlarını almaq istəyirlər. Bu proses də qanunvericilikdə Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə öz əksini tapıb. Yəni 4 illik təhsilini başa vura bilməyən tələbə, artıq 4-cü ildən sonra kəsirlərini düzəldib diplomu almaq istəyirsə, keçiriləcək hər dərsin  müvafiq kredit saatına görə müəyyən məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada və miqdarda ödəməlidir. Təhsil standartında nəzərdə tutulub ki, hər semestr üçün 30 kredit götürmək olar, 4 il ərzində bu kreditlər toplam 240-a gəlib çıxır. Nazirlər Kabinetinin qərarında isə açıq şəkildə göstərilir ki, təhsil müddəti başa çatmış şəxslər təhsillərini yanız ödənişli əsaslarla davam etdirə bilər. 

Başqa bir məsələ də var. Məlum məqalədə qeyd olunur ki, guya, mən univesritetin indiki tədris hissə müdiri Ədalət Əliyevi tədris işləri üzrə prorektor vəzifəsinə təyin edərək ona 5000 manat əmək haqqı təyin etmək niyyətindəyəm (gülür). 5000 manat maaşı mən burada kimə versəm,  gərək mən o adamı məcbur edim ki, universitetin çox işlərini görsün. Maaş üzrə ştat cədvəli var. Ştat cədvəlində təsdiq olunmuş maaş miqdarı var. Bu universitetdə tədris işləri üzrə prorektor vəzifəsi yoxdur. O insan həm prorektorun, həm də tədris hissə müdirinin işlərini görür. Həm də yazıda çox vicdansızcasına yazıblar ki, guya tələbələr tərəfindən Ədalət müəllim dərsdən qovulub. Bunların hamısı yalandır. Ədalət müəllim 18 il Bakı Slavyan Universitetində şöbə müdiri işləyib. Moskva Dövlət Universitetinin Riyaziyyat fakültəsini SSRİ vaxtında fərqlənmə diplomu ilə bitirib. Sovetlər  zamanı o fakültə çox ciddi yer idi. On görə də belə bir adama qarşı bu cür ifadələr səsləndirmək tərbiyəsizlikdir.



-Özünüz İngiltərədə təhsil almışınız. Amerika və Avropa təhsil sistemi təcrübəsi ilə yaxından tanışsınız. Təhsilimizin mövcud təməl problemlərini də bilirsiniz. Bəs sizcə nəyə görə bu günə qədər Azərbaycanın ali təhsil sistemində Təhsil 
menecmenti (Education Manager) fakültəsi yox dərəcəsindədir?

-Çox sevindirici haldır ki, artıq bu fakültə “ADA” Universitetində açılıb. Bu, həm məktəb və həm də universitet sahəsində menecerlərin hazırlanmasına yönəlmiş proqramdır. Dövlət universitetlərində həmin fakültənin yaranmamasının müxtəlif səbəbləri ola bilər.
Məsələn, universitetlər bəlkə bu sahəni prioritet hesab etmir. Universitet fikirləşir ki, bu, onlara lazım deyil. Mən böyük məmnuniyyətlə o fakültəni açardım. Sadəcə olaraq, bürokratik əngəllər buna imkan vermir. Təhsildə çox böyük problem və məqam aşırı inzibatçılğın, aşırı tənzimlənmənin olamasıdır. Amma aşırı nəzarətsizlik, boş buraxmaq da olmaz. 

Çox vacibdir ki, rektorlar arasında dialoq olsun. Amma bu dialoq yoxdur. Biz gərə müxtəlif sahələr üzrə problemləri müzakirə edə bilək. Aktual problemlər nədirsə, onları araşdıraq.  Bu problemlərə konseptual olaraq yanaşmalıyıq. Heç olmasa iki ayda bir dəfə yığışa və promlemlərin həll olunması yolunda müzakirələr apara bilərik . Mən düşünmürəm ki, Avropanı birdən-birə bura gətirsək, hər şey düzələcək. Özümüz öz problemlıərimizi müzakirə və təhlil edib, aradan qaldırmalıyıq. Bizim təhsildəki problemlərlə əlaqədar çox zaman insanlar Təhsil Nazirliyini günahlandırırlar. Amma əslində belə deyil. Təhsil sahəsindəki bir çox qanunvericilik aktları Təhsil Nazirliyinin deyil, məhz Nazirlər Kabinetinin səviyyəsindədir. Təhsil Nazirliyi də Nazirlər Kabinetinin bəzi qərarlarının dəyişdirilməsində çox böyük çətiniklər çəkir. Sistemli dəyişikliyə hazır olmalıyıq.

-Sizinlə bir vaxtda, sizdən əvvəl və ya sonra xaricdə təhsil alan, hazırda orada işləyən, universitetiniz üçün potensial kadr kimi gördüyünüz  dostlarınız, tandığınız insanlar varmı? Gələcəkdə həmin insanları işləmək üçün bura dəvət etməyi düşünürsünüzmü ?

-Təbii ki, yaxından tanıdığım və ünsiyyətdə olduğum elə peşəkar kadrlar çoxdur. Onları universitetə dəvət etməyi bu gün də, gələcəkdə də düşünürəm. Lakin ortada maliyyə məsələləri var. Həm də həmin insanların çoxu, yaxşıları “ADA” Universitetinə yığışıb. Azərbaycan Diplomatik Akademiyasının bu günkü əsas potensialı və gücü oranın gözəl binasında yox, peşəkar müəllim heyyətindədir. Mən “ADA”nın rektoru Hafiz Paşayevlə söhbətimdə də demişəm ki, əgər bu müəllimləri işdən çıxarsanız, onlar getsələr, həmin bina sadəcə olaraq muzey kimi qalacaq. Universitetin əsas mənbəyi müəllim və təbii ki tələbələrdir. Tələbə və müəllimlər universitetlərin onurğa və bel sütunlarıdırlar. Universitet haqqında fikir formalaşdıran müəllimlərlə yanaşı, həm də tələblərdir. 



-Universitetinizdəki digər yenilik olaraq nəyi misal göstərə bilərsiniz?

- Bu gün ölkədə 3-cü universitetik ki, bütün tələbələrin elektron ünvanları  “Microsoft Office 365” adlı proqramına qoşulub. Bu sistem Qafqaz  Universiteti və “ADA” Universitetində də var. Hazırda hər bri tələbənin adı ilə au.edu.az elektron ünvanı var. Bu sistemlə biz 10 min nəfərlik videokonfrans imkanına malikdir. Artıq bizdə mail.ru, yandex.ru kimi ünvanlar yoxdur. 
Biz universitetimizdə Microsoft Akademiyasının açılması istiqamətində işlərimizi davam etdiririk. Artıq bundan sonra İnformatika fakültəsinin tələbələri Microsoft şikətinin sertifikat imtahanlarını verə biləcəklər. 
Bu yaxınlarda daha bir iş gördük:  universitetimizin ilk yarandığı 1991-ci ildən 2000-ci ilə kimi buraxılan məzunlarıyla görüşümüz oldu. Artıq planlarımızda var ki, bütün məzunlara universitetin adı ilə electron ünvanlar açaq. Biz öz məzunlarımızla geniş əlaqə şəbəkəsinə maliklik. 
Bu il Azərbaycan Univesitetinin 25 illiyini qeyd edəcəyik. Məzunların bir-birilə əlaqə qurması üşün də ciddi addımlar atırıq. Məzunların təqaüdlər təsis etməsini də planlaşdırırq.  Yəni məzunların təsis etdiyi bu təqaüdlər imkansız tələbələrə kömək olacaq. Məzunlarımızdan təkcə 15 nəfəri məhkəmə sistemində hakim işləyir. 
Universiteti tanıdan məzundur.

- Söhbətimizin sonunda istərdik soruşaq: bədii və elmi ədəbiyyatlardan daha çox hansıları oxumağı xoşlayırsınız?

-Dünya ədəbiyyatından daha çox elmi-fəlsəfi ədəbiyyata meyilliyəm. Ədəbiyyatda ən çox sevdiyim ədib yazıçı-dramaturq Hüseyn Caviddir. Hüseyn Cavid mənim üçün 20-ci əsrin Nizami və Füzulisidir. Cavidin “İblis” əsərində insanın nəfsinə uyması kimi məsələlər həqiqətən insanı dərindən tanımağın yollarını göstərir. 
Elmi ədəbiyyata gəldikdə isə daha çox Şərq fəlsəfəsini oxuyuram. İbn Rüşd, Əl-Qəzali kimi filosofları...  Hələ o zamanlarda bu şəxsiyyətlər fikir plüralizminin yayılmasında, təbliğində geniş işlər görüblər. Əl-Qəzalinin “Fəlsəfəçilərin məntiqsizliyi” adlı bir əsəri var. Ona cavab olaraq da İbn Rüşdün “Mənqisizliyin məntiqsizliyi” adlı əsər yazıb. İbn Rüşd Əflatun və Aristotelə bərabər şəxs olub. Avropa zatən İbn Rüşd və Əl-Xərabi vasitəsilə Şərq fəlsəfəsinə yiyələniblər.