Xaricdə təhsil alanlara “nostrifikasiya labirinti” | Təhsil Elanları
Xaricdə təhsil alanlara “nostrifikasiya labirinti”
Bölmə:Xaricdə Təhsil 1053 dəfə oxunub
29.12.2015

Təhsil Nazirliyində qrup yoldaşının olmuş iki məzunun diplomunu müxtəlif səbəblə tanımayıblar
 
Tiflis Humanitar Universitetinin hüquq fakültəsinin məzunu Valeh Əliyev "Bizim Yol" qəzetinə müraciət edib, diplomunun Təhsil Nazirliyi (TN) tərəfindən tanınmadığından şikayətlidir. V.Əliyev bildirib ki, o, 1999-cu ildə adıçəkilən universitetin hüquq fakültəsinə daxil olub. Hər altı aydan bir universitetdə təhsil aldığı ilə bağlı müvafiq arayışı TN-nə təqdim edib. Arayış nazirlikdə təsdiqlənib, uçotda olduğu Ucar rayon Hərbi Komissarlığına təqdim olunub. 2004-cü ildə təhsilini başa vuraraq diplom alıb. Sonra hərbi xidmətə çağırılıb və 1 il xidmət keçib. 
 
3 günə 55 fənni necə "mənimsəməli"?
 
2013-cü ilin may ayında xarici dövlətin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı TN-ə müraciət edib. V.Əliyev: "Nazirlikdən məktubla müvafiq sənədlərin toplanması və notarial qaydada təsdiqlənməsinin zəruriliyi bildirildi. Mən də həmin sənədləri toplayaraq nazirliyə təqdim etmişəm. Gürcüstanın Təhsil Nazirliyindən diplomuma apostil də vurulub. Sənədlərlə tanışlıqdan sonra TN tərəfindən qəbul edilib. Lakin keçən ilin dekabr ayının 19-da mənim təhsil aldığım müəssisədən verilmiş diplomun ölkə ərazisində tanınmadığı barədə məktubla məlumat verildi. Bildirildi ki, guya mən "3 gün ərzində 55 fənni mənimsədiyim" üçün diplomumun tanınması mümkün deyil. Necə yəni 3 gün ərzində 55 fənn mənimsəmişəm? Yəni o boyda nazirlikdə hələ müəyyənləşdirməyib ki, 55 fənn mənim təhsil aldığım 5 il ərzində mənimsənilib. Məsələyə aydınlıq gətirmək məqsədilə dəfələrlə nazirliyə müraciət etmişəm, imtinanın dəqiq səbəbləri barədə yazılı məlumat istəmişəm. Nazirliyin səlahiyyətli əməkdaşı Nəzakət Hacıyevanın qəbulunda da oldum, lakin etinasızlıqla qarşılandım. Bu gün də diplomumun hansı səbəblərdən dolayı tanınmadığı barədə nazirliyin rəsmi rəyi, keçirilmiş ekspertiza və yaxud araşdırma barədə məlumatı ala bilmirəm. Halbuki mən bir vətəndaş olaraq bilməliyəm ki, diplomum hansı səbəblərdən Azərbaycanda tanınmır. Müsbət, ya da mənfi, mənim üçün fərqi yoxdur, bir tək istədiyim o ekspert komissiyasının rəyini almaqdır. Mənə deyiblər ki, Gürcüstan TN-dən orda təhsil aldığım barədə təsdiqləyici cavab gəlib. Mənim oxuduğum universitetin diplomu Fransa kimi ölkədə keçərlidir, Azərbaycanda qəbul etmirlər". 
 
Qeyd: Apostil vurulması, sənədin lazımlı şəkildə təsdiqi (rəsmiləşdirmə, leqallaşdırma) deməkdir və bir dövlət ərazisində verilmiş sənədin başqa dövlətlərdə istifadə edilə bilməsi üçündür. Sənəd təsdiqinin ən çox istifadə edilən iki üsulu var - konsulluq rəsmiləşdirməsi və apostil vurulması. Onların fərqi yalnız konsulluq rəsmiləşdirməsinin daha uzun sürən bir proses olmasıdır. Beynəlxalq sazişlər tələbində sənədlərin təsdiqi üçün daha sadə işləm təklif edilir. 5 Oktyabr Haaqa Beynəlxalq Sazişi konsulluq rəsmiləşdirməsi tələblərini ləğv edərək Haaqa Sazişinə qatılan ölkələr arasında sənəd dövriyyəsinin yeni qaydalarını təsdiqləyib. Sənədin qüvvədə olması üçün onun üzərinə mənşəy ölkəsinin məlum bir səlahiyyətli dövlət qurumu tərəfindən apostil vurulması lazımdır.  
Maraqlıdır ki, V.Əliyevlə eyni qrupda təhsil alan Xəndan Tahirova nazirlikdən belə bir cavab gəlib: "Araşdırma zamanı müəyyən edilib ki, Tbilisi Humanitar Universitetinin adı Gürcüstan Elm və Təhsil Nazirliyi tərəfindən akkreditə olunan ali təhsil müəssisələrinin siyahısında göstərilməyib. Bununla da sizin akkreditə olunmayan təhsil müəssisəsində təhsil aldığınız müəyyən edilib. Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin təqdim edilməsi üçün sənədi verən ölkədə və Azərbaycanda təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Göründüyü kimi, nə Gürcüstan, nə də Azərbaycanın təhsil normativlərinin tələblərinə riayət edilib. Qaydaların 3.7-ci bəndini rəhbər tutaraq, sizin adınıza Tbilisi Humanitar Universiteti tərəfindən verilmiş 14.06.2004-cü il tarixli AA0071657 nömrəli diplomun ölkə ərazisində tanınması mümkün hesab edilmir". 
 
Diplomuna rəy verilmir, amma 1 il hərbi xidmət keçib 
 
Valehi də təəccübləndirən elə budur. Deyir, bu, bəhanə deyilsə eyni universitet, eyni fakültə və bir qrupda təhsil almış məzunlara nazirlikdən niyə fərqli cavab gəlir? V.Əliyev: "Mənə də deyərdilər ki, təhsil aldığım universitet akkreditasiyadan keçməyib. Amma absurd cavab veriblər. Maraqlıdır ki, bunları bizə təhsil aldığımız vaxt, hər 6 aydan bir ərazi üzrə hərbi komissarlığa səfirlikdən, TN-dən ali təhsil almağımız barədə arayışlar təqdim etdiyimiz zaman demirdilər. Yeri gəlmişkən mən ali təhsilim olduğu üçün 1 il hərbi xidmət keçmişəm, belə olmasaydı hərbi xidmətim 1.5 il sürərdi. Dedikləri həm də ona görə bəhanədir ki, Gürcüstan TN diplomlara apostil vurub, universitet akkreditasiyadan necə keçməyib ki, ölkənin müvafiq qurumu bunu edir. Hazırda nazirlikdən diplomunun təsdiqlənməsini gözləyən onlarla tələbə var. Əlavə yazdığımız məktubları da lazımsız kağız kimi zibil qabına atırlar. Sonradan öyrəndim ki, nazirliyin "nostrifikasiya labirinti"nə düşən təkcə mən deyiləm, xaricdə, xüsusilə Gürcüstanın ali təhsil müəssisələrindən məzun olanların çoxunun aqibəti mənimki kimidir. İmtinalara bəhanə tapmaq üçün Sərhəd Xidmətinə də sorğular göndərirlər. Dövlət başçısı, nazirliklərə göndərdiyim şikayət və ərizələr yığılsa bir qovluq edər".
 
Prosedur belədir 
 
"Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na görə ixtisasların tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənəd, diplom, yaxud başqa bir şəhadətnamənin Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. İxtisasların ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycanda verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Sənəd keçirilən ekspertizadan sonra TN tərəfindən təqdim edilir. Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələr və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 
 
Ali təhsil sahəsində ixtisasların tanınmasının prosedur qaydalarına görə ixtisasın tanınması barədə ərizəyə ali təhsil haqqında sənəd, tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri, tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə edilir. Ərizəçi öz hazırlıq səviyyəsinin müvafiq peşə fəaliyyətinə icazə verməsini və praktik təcrübəsini təsdiq edən sənədlər də təqdim edə bilər. Ali təhsil sahəsində ixtisasların tanınması üçün ali təhsil haqqında sənədin verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycanın imzaladığı beynəlxalq müqavilələrdə nəzərdə tutulması zəruridir. Ərizəçi tərəfindən təqdim olunan sənədlərə bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır. Ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycanda qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun ölkəmizdə təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Ekspertiza zamanı tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri, öyrənilmiş fənlərin həcmi, fənlər üzrə attestasiyanın nəticələri, istehsalat təcrübəsi və onun müddəti, yekun attestasiyanın nəticəsi nəzərə alınır. 
 
Nostrifikasiyadan nə zaman imtina olunur?
 
Xarici ölkələrdə alınmış təhsilin məzmununun ölkəmizdə təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi TN-ə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ var. Ekvivalentlik haqqında Şəhadətnamə təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycanın müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və ölkəmizdə təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğuna əsasən verilir. Qaydalara görə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycanda təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar ölkəmizdə müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətləri (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycanda hamin ixtisas üzrə belə təhsil forması olmadıqda mənfi rəy verilə bilər. Tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla ölkəmizdə qüvvədə olan mütəxəssis hazırlığının məzmunu və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycanda qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin, ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları da aparılır. Zəruri olduğu halda və özünün istəyi əsasında ərizəçi sınaq yoxlamaları verəcəyi fənlər üzrə ali məktəblərdə mühazirələrdə iştirak edə biər. 
Müsahibimiz deyir ki, qaydalarda tələb olunan bütün sənədləri təqdim edib. Onlardan biri çatışmasaydı, sənədlər geri qaytarılardı. V.Əliyev hazırda özəl hüquq firmasını vəkil olaraq deyil, nümayəndə kimi təmsil edir. Diplomunun tanınmaması səbəbindən dövlət qulluğuna da gedə bilmir. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən də bildirilir ki, dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı elan edilən müsabiqə və müsahibələrdə iştirak üçün müraciət edən vətəndaşlar TN tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq olunmuş şəkildə komissiyaya təqdim etməlidirlər...