Sumqayıtda əmək yarmarkası keçirilib | Təhsil Elanları
Sumqayıtda əmək yarmarkası keçirilib
Bölmə:Xəbərlər 459 dəfə oxunub
27.11.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti noyabrın 27-də Sumqayıtda əmək yarmarkası keçirib.

AZƏRTAC xəbər verir ki, ənənəvi olaraq tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə keçirilən əmək yarmarkası Sumqayıt Dövlət Universitetinin (SDU) foyesində təşkil edilib.

Universitetin rektoru, professor Elxan Hüseynov müsahibəsində bildirib ki, məzun tələbələrimizin işlə təmin olunması üçün belə yarmakaların təşkili vacibdir. Gənclərin əmək bazarına inteqrasiyası baxımından universitetimizdə Karyera Mərkəzi yaradılıb. Əminəm ki, belə yarmarkalar tez-tez təşkil ediləcək, məzun tələbələrimiz də ixtisaslarına uyğun işlə təmin olunacaqlar.

Əmək yarmarkasında 9-u dövlət, 24-i qeyri-dövlət olmaqla, 423 vakant iş yeri təqdim olunub. İki minə yaxın işsiz və işaxtaran vətəndaşın iştirak etdiyi yarmarkada 65 nəfər işaxtaran vətəndaşa göndəriş verilib. Bundan əlavə, 22 nəfər peşə hazırlığı kurslarına və 11 nəfər isə ictimai işlərə cəlb olunub.