Bölgə müəllimlərinin imtahan verəcəyi vaxt məlum oldu | Təhsil Elanları
Bölgə müəllimlərinin imtahan verəcəyi vaxt məlum oldu
Bölmə:Təhsil Nazirliyi 692 dəfə oxunub
20.11.2015

Bundan sonra müəllimlərin maaşlarında artım gözlənilir

 
Yaxın günlərdə bölgələrdə fəaliyyət göstərən müəllimlərinin diqnostik qiymətləndirilməsi keçiriləcək. Bu barədə Təhsil Nazirliyinin QHT və KİV-lə iş şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib. 
 
"Noyabrın axırı Azərbaycan Respublikasının 12 bölgəsində, ümumilikdə, təxminən 30 min müəllimin diqnostik qiymətləndirilməsi həyata keçiriləcək", - deyə şöbə müdiri əlavə etdi.
 
İndiyə qədər Bakıda fəaliyyət göstərən müəllimlərin qiymətləndirilməsi aparılıb. Artıq müəllimlərin 95 faizi imtahanlarda iştirak edib. Qiymətləndirilmə 4 gün ərzində aparılıb.
 
Paytaxtda fəaliyyət göstərən məktəb müəllimlərinin sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin 30 072 nəfər müəllim iştirak edib.
 
Diaqnostik qiymətləndirilmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarmaq, müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasını, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin etməkdir.
 
Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilmədən keçmiş müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur.
 
Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər iş yerini qiymətləndirilmə həyata keçirilməyən şəhər və rayona dəyişərlərsə, həmin müəllimlərə təkrar olaraq qiymətləndirilmədə iştirak etmək tələb olunmur.
 
Qiymətləndirilmə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə keçirilir.(ans)