4 universitetin rektoru dəyişəcək | Təhsil Elanları
4 universitetin rektoru dəyişəcək
Bölmə:Xəbərlər 716 dəfə oxunub
02.11.2015

Azərbaycanda 4 universitetin rektoru tezliklə dəyişəcək.

Deputatlığa namizədliyini irəli sürən 4 rektorun - Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) deputat seçildiyi artıq bəllidir.

Belə ki, Aqiyə Naxçıvanlı - 117 saylı Oğuz – Qəbələ Seçki Dairəsindən, Səməd Seyidov - 36 saylı Xətai Dördüncü Seçki Dairəsindən, Əhliman Əmiraslanov 65 saylı Saatlı - Sabirabad – Kürdəmir Seçki Dairəsindən, Ağacan Abıyev isə 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputat seçiliblər.

Bu ilin sentyabr ayında verilən qərara əsasən Yeni Azərbaycan Partiyasından (YAP) namizədliyi irəli sürülmüş rektorlar deputat seçilsələr, vəzifədən gedəcəklər.

Bu barədə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov məlumat verib. Onun sözlərinə görə, bu şərt namizəd rektorların ərizələrində də öz əksini tapıb.

Sayt həmin millət vəkillərinin rektor olduğu təhsil ocaqları ilə əlaqə saxlayıb.Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən bildiriblər ki, hələ heç bir dəyişiklik yoxdur. "Rektor Əhliman Əmiraslanov iş başındadır. Amma yaxın vaxtlarda dəyişiklik olacağını gözləyirik."

Digər universitetlərdə də rektorlar hələ ki, öz vəzifələrini icra edirlər.

Bəzi universitetlərin rəhbərləri isə deputatlıqdan imtina edərək, rektor kimi qalmağa üstünlük verdilər. Adları bu il namizədlik siyahısında olmayanlar Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) rektoru Gülçöhrə Məmmədovadır.

Mənbə: Anspress