Müəllimlərin 40 faizinin əməkhaqqı artacaq – nazir | Təhsil Elanları
Müəllimlərin 40 faizinin əməkhaqqı artacaq – nazir
Bölmə:Təhsil Nazirliyi 547 dəfə oxunub
29.10.2015

Bu gün Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, mərasimdə təhsil naziri Mikayıl Cabbarov, rəhbər təhsil işçiləri və təltif olunmuş müəllimlər iştirak edib. Təhsil naziri Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə fəxri ad və medallara layiq görülənlərlə bağlı statistik rəqəmləri nəzərə çatdırıb. Nazirin sözlərinə görə, 60 nəfər “Əməkdar müəllim” fəxri adı, 63 nəfər “Tərəqqi” medalı, 2 nəfər fərqlənmə medalı ilə təltif olunub. Bundan başqa, elmin inkişafında xidmətlərinə görə 3 nəfər” Əməkdar elm xadimi” mükafatına layiq görülüb.

M. Cabbarov prezident İlham Əliyevin gənc nəslin tərbiyəsi, milli mənəvi ruhda böyüməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin təhsil işçilərinin qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb.

Müəllimlərin diaqnostik qiymətləndirilməsini təhsil sahəsində səmərəli meyar kimi qiymətləndirən M. Cabbarov bildirib ki, daha 3 şəhər və 9 rayonda bu prosesin keçirilməsi üçün hazırlıq işləri başa çatdırılır. İlin sonuna kimi bu prosesin başa çatması nəzərdə tutulur: “Əgər hər şey istədiyimiz kimi davam etsə, 2016-cı ilin yanvarın birindən müəllimlərin təxminən 40 faizi bu prosesdən keçəcək və artırılmış əməkhaqqı ilə maaş alacaqlar”.