12 illik təhsilə keçid nə zaman olacaq? | Təhsil Elanları
12 illik təhsilə keçid nə zaman olacaq?
Bölmə:Təhsil Nazirliyi 447 dəfə oxunub
01.10.2015

“12 illik təhsil sisteminə keçid üçün bır sıra məsələlər öz həllini tapmalıdır. Bunun üçün həm təhsilin məzmunu təhlil edilməli, həm də təmayüllləşmənin tətbiqi genişləndirilməlidir”.
 
Tehsil.im xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramovun Trend-ə müsahibəsində deyib. Onun sözlərinə görə, icbari təhsili başa vuran və tam orta təhsil səviyyəsi üzrə təhsil almayacaq şagirdlər üçün alternativ təhsil imkanlarının yaradılması imkanları analiz edilməlidir:
 
“Artıq bu istiqamətdə təhlillər başlayıb, təhsil sistemi daxilində işlər aparılır. Belə böyük bir islahatın aparılması üçün müəyyən pilot layihələrə ehtiyac var. Pilot layihələrə misal olaraq, artıq bu ildən təmayülləşmə tətbiq edilən məktəb şəbəkəsinin genişləndirilməsi layihəsini misal göstərə bilərik. Bu layihə əsasında 50 məktəb şəbəkəyə əlavə edildi və tam orta təhsil pilləsində – son iki sinifdə 4 istiqamət üzrə təmayülləşmə tətbiq olunur. İxtisas seçiminə uyğun olaraq, keçirilən fənlərin sayının azaldılması, fənlərin daha dərindən keçirilməsi və bu yanaşmanın ümumilikdə təhsil göstəricilərinə təsiri proses getdikcə təhlil ediləcək”.
 
O, qeyd edib ki, hazırda hesablamalar aparılır ki, təmayülləşmənin daha geniş tətbiqi məktəblərdə dərs yükünə, şagirdlərin nailiyyətlərinə, digər fənn müəllimlərinin dərs yükünə necə təsir edəcək:
 
“Bütün məsələlər ölçülüb biçilməli, təhlillər aparılmalıdır. Biz yalnız artıq açıq məsələlərin qalmadığına əmin olduqdan sonra Təhsil Nazirliyi olaraq, müvafiq dövlət qurumları qarşısında bu təkliflə bağlı vəsatət qaldıracağıq”.