Elmlər Akademiyası ləğv olunur - yeni nazirlik yoldadır? | Təhsil Elanları
Elmlər Akademiyası ləğv olunur - yeni nazirlik yoldadır?
Bölmə:AMEA 6534 dəfə oxunub
19.09.2015

Bir müddət əvvəl Azərbaycanda müxtəlif nazirliklərin, paralel fəaliyyət göstərən qurumların birləşdiriləcəyi müzakirə obyektinə çevrilmişdi. Ölkədəki iqtisadi proseslər məsələni yenidən gündəmə gətirir.

Qaynar.info xəbər verir ki, bu yaxınlarda Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc da mətbuata açıqlamasında demişdi ki, hökumətdə belə birləşdirmələr nəzərdə tutulur. Sitat: “Azərbaycan Avropada mövcud olan məlum mexanizmləri ölkəyə gətirməkdə maraqlıdır. Bu baxımdan, bir-birini təkrarlayan qurumlar birləşdirməlidir. Bunu ölkə başçısının ideyalarına söykənərək deyirik. Bəziləri bir çox hallarda hansı səbəbdən bu qədər insanın işsiz qalmasına, məmurların fəaliyyətinin üzərindən xətt çəkilməsinə getmək istədiyimizlə maraqlanır. Nəzərinizə çatdırım ki, məmurun sayının daha çox olması bizi qabağa aparmır. Məndə olan məlumatlara görə, seçkidən sonra məhz bu cür paralel qurumların birləşdirilməsinə gediləcək. Hazırda Azərbaycanda ən azı 6-8 qurumun birləşdirilməsi vacibdir və hökumət səviyyəsində bu qurumlar araşdırılır. Əminəm ki, prezident tərəfindən seçkidən sonra bu cür dövlət qurumları arasında birləşmələrin həyata keçirilməsi və daha dəqiq nazirliklərin formalaşması prosesi sürətlənəcək”.

Ortada dolaşan iddialara görə isə Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi də müzakirə edilir. Bundan başqa, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi nəzəırdə tutulur. Həmçinin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin də ləğv ediləcəyi, səlahiyyətlərinin isə Maliyyə Nazirliyinə veriləcəyi deyilir. 

Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin ləğvi nəzərdə tutulur. “Bu proses isə təkcə lazımsız ştatların ləğvi ilə dövlət büdcəsinə qənaət deyil, həm də illərdir kreslolarından qopmayan korrupsiyaya bulaşmış böyük bir məmur ordusunun getməsi ilə nəticələnəcək” – bir müddət əvvəl istiqlal.az saytı yazmışdı.

Qaynar.info-nun əldə etdiyi məlumata görə ləğvi gözlənilən qurumlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasıdır (AMEA). Məlumatda bildirilir ki, parlament seçkilərindən sonra Azərbaycanda Elm və Təhsil Nazirliyinin yaradılması, hökumətin elm siyasətinin bu nazirlik tərəfindən həyata keçirilməsi planlaşdırılır: “Bu zaman AMEA-nın səlahiyyətlərinin önəmli qismi də həmin nazirliyin əlində cəmləşdirilə bilər. Akademiyanın elmi-tədqiqat inistutlarının isə universitetlərin balansına keçirilməsi gözlənilir. Akademiyanın bəzi səlahiyyətlərinin isə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fonduna verilməsi müzakirə mövzusudur”.

Qeyd edək ki, hələ bir müddət əvvəl AMEA işçilərinin sayının azaldılması təklif olunurdu. Hətta ixtisarlar barədə Akademiya dəhlizlərində də danışırdılar. Amma sonradan bu söz-söhbətlər səngidi. Məlumatı verən mənbəmiz hesab edir ki, bu məhz AMEA-nın ləğvi ilə bağlı təklifin müzakirəsi ilə əlaqədar olub: “Görünür, ixtisarların çoxsaylı narazılıqlar yaradacağını nəzərə alıb, bu məsələni AMEA-nın gələcəyi ilə bağlı daha konkret qərar qəbul edənədək ertələyiblər”.

Onu da deyək ki, AMEA-nın Sovetdən qalma struktur olması və yeni dövrün tələbləri baxımından öz funksionallığını itirməsi barədə çoxları danışırlar. Hesab olunur ki, Azərbaycan elminin böhranlı vəziyyətdən çıxarılması üçün hökumətin fərqli yanaşma sərgiləməsi vacibdir. AMEA-nın ləğvi və Elm və Təhsil Nazirliyinin yaradılması, universitetlərin isə müasir dünya təcrübəsindən çıxış edərək, yalnız təhsil yox, həm də elmi-tədqiqat ocaqları kimi fəaliyyət göstərməsinə “yaşıl işıq” yandırılması bu istiqamətdə ilk addım olardı.