ADİU-nun rektoru: “Kim istəyirsə, universitetdə imtahan sessiyasını izləyə bilər” - MÜSAHİBƏ | Təhsil Elanları
ADİU-nun rektoru: “Kim istəyirsə, universitetdə imtahan sessiyasını izləyə bilər” - MÜSAHİBƏ
Bölmə:Xəbərlər Müsahibələr 1009 dəfə oxunub
02.07.2015

Ədalət Muradov: “Tələbələrin vəzifələrini icra edə biləcək səviyyədə hazırlanması üçün onlara sərbəstlik verilməlidir

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun apa-ya müsahibəsi

- Ədalət müəllim, 2014-2015-ci tədris ilinin yekunlarını necə qiymətləndirirsiniz?

- Bir neçə gün əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının son iclası keçirildi və 2014-2015-ci tədris ilinin yekunlarını müzakirə etdik. Təhsilin inkişafı üzrə Dövlət Strategiyası var və onun icrasına dair Fəaliyyət Planı təsdiq olunub. Bizim və şəxsən mənim qarşımda qoyulan vəzifə Azərbaycan Dövlət İqtisad Universitetini dünya səviyyəli universitetlərin sırasına çıxarmaqdır. Burada təhsil verən və təhsil alanlar dünyanın ən nüfuzlu universitetlərində təhsil verən və təhsil alanlarla rəqabət aparacaq səviyyədə olmalıdırlar. İlk növbədə tədrisin keyfiyyəti artırılmalıdır. Bu vəzifənin icrasında üç əsas amil dayanıb. Birinci vacib amil müəllimlərdir. Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün biz tədbirlər sistemi həyata keçiririk. Onların ixtisaslarının artırılması, yenidən ixtisaslaşması istiqamətində işlər görürük və gənc kadrları universitetimizə cəlb etməyə çalışırıq. Son bir il ərzində universitetə cəlb etdiyimiz Amerika, Avropa və Kanada universitetlərinin məzunlarının sayı 68 nəfərdir. Bunlar Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alaraq Azərbaycana qayıdıblar. Mən hələ Rusiya, Ukrayna və Türkiyə universitetlərinin məzunları olan azərbaycanlı tələbələri demirəm. Biz “Gənc professorlar” layihəsinə start verdik. Yaşı 40-a qədər olan iqtisadiyyat üzrə fəlsəfə doktorlarını elmlər doktoru üzrə doktoranturaya qəbul etdik. Onların sayı 6 nəfərdir. Biz onları bir ay müddətinə Türkiyənin müxtəlif universitetlərinə göndərmişik. Hazırda onlar öz tədqiqatlarını aparırlar. Eyni zamanda, biz “Gənc müəllimlər” layihəsinə başladıq və artıq bu layihə iyunun 17-də başa çatıb. Azərbaycan Dövlət İqtisad Universitetində işləmək arzusunda olan 411 gənc bizə müraciət edib. Onların təqribən dörddə biri xaricdə təhsil alanlardır. Bu, bizi sevindirir. Mən onların hər biri ilə şəxsən görüşürəm, söhbətlər aparırıq. Onların potensialını müəyyən edərək biz qərarımızı verəcəyik. Bizim universitetimizdə “SABAH” qrupları fəaliyyət göstərir. “SABAH” qruplarındakı müəllimlərin təqribən yarısı kənardan gələnlərdir.

- Universitetdə London İqtisadiyyat Məktəbinin diplomunu almaq mümkün olacaq. Bu layihənin icrası ilə bağlı məlumat verərdiniz.

- Hazırda universitetin demək olar ki, bütün fakültələrində ingilis dili tədris olunur. Orada tədrisi aparan müəllimlərin əksəriyyəti gənclərdir. Biz həmçinin Elmi Şuranın iclasında Beynəlxalq Magistratura Doktorantura Mərkəzinin yaradılması haqda qərar vermişik. Bunun özəlliyi ondan ibarət olacaq ki, orada təhsil alan magistrantlara Azərbaycan Dövlət İqtisad Universitetinin və Türkiyənin Qazi Universitetinin diplomları veriləcək. Onun idarəetməsini də birgə keçirəcəyik. Mən əminəm ki, Azərbaycan Dövlət İqtisad Universitetinin pedaqoji potensialı kifayət qədər yüksəkdir. Bu potensialdan uğurla istifadə etmək artıq rəhbərliyin məharətindən asılıdır. Biz də çalışırıq ki, hər bir şəxsin malik olduğu potensialdan maksimal dərəcədə səmərəli istifadə edək və növbəti nəsil pedaqoqların hazırlanması işini də paralel olaraq həyata keçirək. Bizim bu gün fəxrlə dediyimiz London İqtisadiyyat Məktəbi ilə əməkdaşlığımız başlayıb. Biz artıq elanlarımızı vermişik. Azərbaycan Dövlət İqtisad Universitetinin birinci kursunu bitirən tələbələr London İqtisadiyyat Məktəbinin birinci kursuna qəbul ola bilərlər. Təhsil ingilis dilində bizim universitetimizdə aparılacaq. London İqtisadiyyat Məktəbinə aid olan fənləri həmin məktəbin müəllimləri tədris edəcək. Biz bu il bu layihə üçüm maksimum 50 nəfər nəzərdə tutmuşuq.

- Bəs Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti, Fransanın Monpelye, Yunanıstanın Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu ilə birgə həyata keçirdiyiniz layihələr hansı mərhələdədir?

- Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti kifayət qədər nüfuzlu bir təhsil ocağıdır. Həmin universitetin rektoru Yaroslav Kuzminov Bakıya gələcək və bizim dəvətimizlə universitetimizdə qonaq olacaq. Biz aprelin 17-də Moskvada onunla görüşərkən bu razılığı əldə etmişik. Universitetimizdə 20 faiz tələbə rus dilində təhsil alır. Biz düşünürük ki, həmin tələbələri Ali İqtisadiyyat Məktəbi ilə birgə hazırlayaq və onlara da ikinci diplom verək. Digər tərəfdən, biz Fransanın ən nüfuzlu ali təhsil müəssisəsi Monpelye universiteti ilə əməkdaşlıq edirik. Monpelye universiteti ilə əldə etdiyimiz razılığa əsasən, tələbələrimiz bir il dördüncü kursu Monpelye universitetində ingilis dilində oxumaqla həmin universitetin diplomunu əldə edə biləcəklər. Biz son bir il ərzində 3 nüfuzlu universitetlə ikili diplom proqramına nail olmuşuq. Artıq tam əminliklə deyə bilərəm ki, Azərbaycan Dövlət İqtisad Universiteti xaricdə təhsil hazırlığı prosesinə qoşulub. Biz Yunanıstanın Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu ilə də müqavilə imzalamışıq və orada 120 kreditlik magistr proqramının 30 krediti Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri tərəfindən təmin ediləcək. Biz proqramın açılışını bu il həyata keçirəcəyik. Düşünürəm ki, avqustda olacaq. Azərbaycan Dövlət İqtisad Universitetinin ilk dəfə Avropa İttifaqının üzvü olan Yunanıstanda akkreditasiyadan keçib. Biz həmçinin MBA proqramını yenidən qurmuşuq. Bu gün bizim MBA proqramı dünyanın ən nüfuzlu universitetlərinin standartlarına cavab verir. Dünyanın ən nüfuzlu 5 universiteti proqramın beynəlxalq standartlara uyğunluğu baxımından bizə müsbət rəy verib. Biz indi yeni-yeni ixtisaslar yaratmaq haqda düşünürük. Hazırda əmək bazarının təhlilini aparırıq ki, görək bizim hazırladığımız kadrlar nə dərəcədə əmək bazarının tələblərinə cavab verir. Düşünürəm ki, burada ciddi dəyişikliklər olacaq. Biz yeni ixtisaslar yaratmaq iddiasındayıq. Bizim prioritet hesab etdiyimiz ixtisaslardan biri iqtisadi mühəndislikdir. Bu sahədə Azərbaycanda kadr hazırlığı sahəsində yeniliklərə ehtiyac var. Biz bunu yaxşı anlayırıq. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik.

- Universitet əməkdaşlarının sosial rifahının yüksəldilməsi istiqamətində hansı işlər aparılır?

- Universitet əməkdaşlarının sosial vəziyyətini də daim nəzarətdə saxlayırıq. İki dəfə əmək haqlarını artırmışıq. Elmi Şuranın sonuncu qərarından sonra Azərbaycan Dövlət İqtisad Universitetinin pedaqoji heyətin orta aylıq əmək haqqı 985 manat təşkil edəcək. Mən hesab edirəm ki, bu, kifayət qədər yüksək rəqəmdir. Bizim dekanlarımızın vəzifə maaşı 2000, kafedra müdirlərinin 1500, professorların isə 1300 manatdır. Bu, bizim prioritetlərdən biridir. Düşünürəm ki, universitetimizin imici yaxşılaşdıqca və maliyyə mənbələri genişləndikcə işçilərimizin də sosial durumunun yaxşılaşdırması istiqamətində əlavə işlər görüləcək.

- Tələbələrin dərslərdə aktivliyi, imtahanlarda göstərdiyi nəticələr sizi qane edirmi?

- Bizim universitetdə apardığımız işlərin ən vacib, ən birinci istiqaməti tələbələrlə işdir. Tələbələr işimizin mənası, işimizin nəticəsidir. Ona görə də düşünürük ki, tələbələrin vəzifələrini icra edə biləcək səviyyədə hazırlanması üçün onlara sərbəstlik verilməlidir. Biz belə də elədik. Tələbələrin və universitet əməkdaşlarının daxili intizam qaydalarını qəbul etdik və dedik ki, bu oyun qaydaları çərçivəsində hər bir şəxs - tələbələr də, müəllimlər də sərbəstdir. Əgər bu qaydaları kimsə pozarsa, buna müvafiq olaraq, cəza tədbirləri tətbiq ediləcək. Biz tələbə-rektor layihəsini həyata keçirdik. Tələbə-rektor layihəsi əvvəlcə keçən il aprel, may, iyun ayında bir ay-bir gün ərzində oldu. Amma bu ilin fevralından 1 illik tələbə-rektor seçmişik. Məqsəd ondan ibarətdir ki, tələbələr özləri-özlərini idarə etmək təcrübəsini əldə edə bilsinlər. Növbədə bizim tələbə-parlament, tələbə-auditi layihələrimiz var. Düşünürük ki, tələbələr həm özlərini mükafatlandırmalı, həm də özlərini ehtiyac olduğu təqdirdə cəzalandırmalıdırlar. Biz “İqtisadçı tələbələrə dəstək” İctimai Birliyini yaratdıq. Bu tələbələrlə iş istiqamətində ən vacib strukturlardan biridir. Layihə çox uğurla həyata keçirilir. Birlik tərəfindən bir neçə sosial çarxlar hazırlanıb. Tələbələrin elmi işlərə cəlb olunması istiqamətində də işlərimiz uğurla davam edir.

- 600-dən yuxarı bal toplayan tələbələrə öz hesabınıza verəcəyiniz 100 manat təqaüd stimul kimi nə dərəcədə effektli olacaq?

- İstəyirik ki, Azərbaycan Dövlət İqtisad Universitetini seçən tələbələr daha savadlı olsun. Onun üçün də biz stimullaşdırıcı tədbirlər həyata keçiririk. Sizin də qeyd etdiyiniz kimi, universitetimizin birinci kursuna daxil olan, 600-dən çox bal toplayan tələbələrə biz 100 manat təqaüd vermək haqda qərar qəbul etdik. İlk imtahan sessiyalarının nəticələrinə görə isə ən çox bal yığan tələbələrə universitetin imkanları hesabına ikinci əlaçı təqaüdü verəcəyik. Sonra biz savadlı tələblərin universitetə qəbulunu stimullaşdırmaq üçün sonuncu Elmi Şurada qərar qəbul etdik ki, tələbə təhsil haqqını iki dəfəyə ödəsin. Əvvəl belə idi ki, təhsil haqqı dərs başlayanda ödənməli idi. Bır sıra hallarda tələbələr maddi imkanlarının məhdud olmasını əsas gətirərək kütləvi sürətdə müraciət edirdilər. Biz qərara gəldik ki, tələbə təhsil haqqını iki dəfəyə - yarısını dərs ilinin başlanğıcında, yarısını da ikinci semestrin başlanğıcında ödəsin.

- Tələbələr Apelyasiya Komissiyasına daha çox hansı məsələlərlə bağlı müraciət edirlər?

- Mən ümumilikdə tələbələrin narazılığını təbii qarşılayıram. Hər bir tələbə imtahana yüksək qiymət əldə etmək arzusu ilə gedir. Amma bir çox hallarda bu özünü təsdiqləmir. Ona görə də tələbələr apelyasiya müraciəti edirlər. Bizdə hər il imtahan sessiyası zamanı Apelyasiya Komissiyası yaradılır. Biz bu il apelyasiya müraciətlərinin elektron variantda tətbiq olunmasını təmin etdik. Elektron müraciət yaradıldı və nəticələr də elektron qaydada verildi. Bu operativlik baxımından uğurludur. Biz statistikaya baxdıq. İnanın apelyasiya ilə müraciət edən tələbələrin sayı təqribən 50 faiz artdı. Universitetin şəhərin müxtəlif yerlərində 4 korpusu var. Amma apelyasiya ərizəsi bir yerdə verilirdi. Tələbələrin hamısı müraciət edə bilmirdi. Apelyasiya müraciətlərinin elektron qaydada verilməsi layihəsini bizim tələbəmiz startap layihəsi əsasında hazırlayıb. Universitetdə İnnovativ Biznes-İnkubator yaradılıb. İnnovativ Biznes-İnkubatorun mahiyyəti ondan ibarətdir ki, bizim tələbələr öz ideyalarını ortaya qoysunlar və layihələrə çevirsinlər. Biz o layihələrin icrası üçün onlara şərait yaradırıq. Hazırda bizdə 7 tələbə layihəni uğurla həyata keçirir. Universitetdə tələbələrimizin hazırladığı startap layihələrindən biri ölkəmizdə həyata keçirilən NETTY müsabiqəsində ikinci yerə layiq görülüb. Bu “Özünü sına” layihəsidir. İmtahandan qabaq biz tələbələrə proqramda imtahan suallarını veririk. Tələbə özünü sınayır. Eynilə imtahan rejimində necədirsə tələbə ora girir, özünü sınayır və imtahana hazırlaşır. Düşünürəm ki, bu da tələbələrin imtahana hazırlığı baxımından müsbət təsir göstərir.

 

- İmtahan sessiyalarının tam şəffaflığını təmin etmək məqsədi ilə hansı işlər aparılır?

 

- Biz jurnalistləri imtahan sessiyasına dəvət etdik. Eyni zamanda, təhsil ekspertlərini, QHT koalisiyasını, Şahlar Əsgərovu, Etibar Əliyevi, Əliməmməd Nuriyev və digərlərini dəvət etdik. Onlarla görüşdüm. Dedim ki, imtahanları izləyin. Nə gördünüzsə, onu da deyin. Yaxşı varsa, yaxşını, pis varsa pisi. Biz demirik ki, bizdə hər şey idealdır. Şübhəsiz ki, taktiki gedişlərdə yanlışlıqlar ola bilər. Əgər yanlışlıq varsa, biz ona reaksiya veririk və operativ qaydada düzəliş etməyə hazırıq. Başqa yolumuz da yoxdur. Kimsə problemi görürsə, bizə desin. Mən hər həftənin altıncı gününü “Açıq qapı” elan etmişəm. Kim istəyirsə, imtahan sessiyasını izləsin.