Dövlət qulluqçuları nə qədər maaş alır? | Təhsil Elanları
Dövlət qulluqçuları nə qədər maaş alır?
Bölmə:Dövlət qulluğu 1638 dəfə oxunub
25.05.2015

2015-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 30,1 min nəfər olmuş və onların 28,5 faizini qadınlar təşkil etmişdir.

Tehsil.im xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, dövlət qulluqçularının orta aylıq əmək haqqı 2014-cü ildə 617,6 manat təşkil etmişdir. Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 449,5 manat, əhalinin orta aylıq gəliri isə 333,3 manat təşkil etmişdir.

Dövlət qulluqçularının 3,8 faizi inzibati vəzifələrin ali-3-cü təsnifatları üzrə, 76,5 faizi 4-7-ci təsnifatları üzrə və 19,7 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləmişdir. 

Dövlət qulluqçularının 8,7 faizi 1 ilə qədər, 26,9 faizi 1 ildən 5 ilə qədər, 22,0 faizi 5 ildən 10 ilə qədər, 16,0 faizi 10 ildən 15 ilə qədər, 26,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir. 

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 16,7 faiz, 30-34 yaşda 14,5 faiz, 35-44 yaşda 22,3 faiz, 45-54 yaşda 25,8 faiz, 55-62 yaşda 16,9 faiz, 63 və yuxarı yaşda olan dövlət qulluqçuları dövlət qulluqçularının ümumi sayının 3,8 faizini təşkil etmişdir. 

4-7-ci təsnifatlar üzrə inzibatı vəzifələrdə çalışanların 1,3 faizini yerli icra başçısının müavinləri, 14,9 faizini şöbə müdirləri, 10,7 faizini şöbə müdirinin müavinləri, 8,5 faizini sektor müdirləri, 26,5 faizini baş məsləhətçilər, 4,7 faizini böyük məsləhətçilər, 12,7 faizini aparıcı məsləhətçilər və 20,7 faizini məsləhətçilər təşkil etmişdir. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91,6 faiz komplektləşdirilmişdir.