Rus bölməsinin abituriyentlərinin nəzərinə! | Təhsil Elanları
Rus bölməsinin abituriyentlərinin nəzərinə!
Bölmə:Tələbə qəbulu 519 dəfə oxunub
22.04.2015

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il aprelin 26-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirəcək.

Qeyd olunan şəhərlər üzrə ümumilikdə 20 mərkəzdə təşkil olunacaq imtahan saat 13:00-da başlanır və 45 dəqiqə ərzində aparılır.

İmtahanda iştirak etmək üçün abituriyentlər TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada abituriyentin imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Abituriyentlər imtahana gələrkən aşağıdakı sənədləri özləri ilə gətirməlidirlər: 
• “İmtahana buraxılış vərəqəsini”; 
• Şəxsiyyəti təsdiq edən sənədin əslini.

Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, abituriyentlər imtahana buraxılmayacaq.

Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Məlumat üçün bildirək ki, imtahanda 8426 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. Onlardan 4041 nəfərini oğlanlar, 4385 nəfərini qızlar təşkil edir.

Bakıda 5525 , Naxçıvanda 26 , Gəncədə 821, Sumqayıtda 587, Şəkidə 374, Ağcabədidə 109, Göyçayda 224, Şirvanda 144, Lənkəranda 160, Xaçmazda 456 nəfər abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunması üçün 63 imtahan rəhbəri, 670 nəzarətçi müəllim ayrılıb.

Qeyd edək ki, aprelin 26-da keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2015-ci il iyulun 7-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.