Peşə liseyini bitirənlərin 31%-i ana dilini bilmir | Təhsil Elanları
Peşə liseyini bitirənlərin 31%-i ana dilini bilmir
Bölmə:Tələbə qəbulu 500 dəfə oxunub
18.03.2015

2700-dən çox şagirdin riyaziyyat fənnindən heç bir anlayışı yoxdur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanlarının statistik nəticələrini və şagirdlərin aldıqları qiymətləri açıqlayıb.

Tehsil.im qurumun hazırladığı cədvələ istinadən xəbər verir ki, ümumilikdə 4821 nəfər ana dili üzrə imtahan verib.

Onların yalnız 9 nəfəri yaxud 0,19%-i “əla” nəticə göstərib. İmtahanda iştirak edənlərin 3118 nəfəri yaxud 64,68% ana dilindən “3”, cəmi 175 nəfəri yaxud 3,63%-i isə “4” qiyməti alıb.

Riyaziyyat fənnindən imtahanın nəticələri də o qədər ürəkaçan deyil.

Belə ki, imtahanda iştirak edən 4821 lisey şagirdinin cəmi 9 nəfəri yaxud 0,19%-i riyaziyyatı “əla” bilir, “5” qiyməti alıb.

Şagirdlərin 2797 nəfəri yaxud imtahanda iştirak edənlərin 58,02%-i “2”, 1885 nəfəri yaxud 39,10%-i “3”, və cəmi 130 nəfəri yaxud 2,70%-i “4” qiyməti alıblar.

İngilis dilindən imtahan verən 4307 şagirddən yalnız 1-i (0,02%) imtahandan “5” alıb. 1801 şagird (41,82%) imtahanlardan “2”, 2464 şagird (57,21%) “3”, 41 şagird (0,95%) “4” qiymət alıb.

Rus dili üzrə 502 nəfər imtahan versə də, onlardan yalnız 14 nəfəri (2,79%) “əla” nəticə göstərib. 191 şagird (38,05%) imtahanlardan “2”, 269 şagird (53,59%) “3”, 28 şagird isə (5,58%) “4” qiyməti alıb.

Alman dili üzrə 12 lisey şagirdi imtahan verib. Onlardan 4-ü (33,3%) imtahanlardan “2”, 8-i isə (66,67%) “3” alıb.