Bölmə:Xəbərlər 210 dəfə oxunub
Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində “Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsinin növbəti fazasına start verilib.
“Forest School Azərbaycan” və Azərbaycan Maarifçilər Assosiasiyasının dəstəyi ilə icra olunan layihə İsmayıllı, Mingəçevir, Bərdə, Lənkəran, Sabirabad və Quba olmaqla ümumilikdə 6 regionu əhatə edir. Hər regionda 5 həftə ardıcıl davam edəcək atalar məktəblərindən ümumilikdə 150-dən çox gənc ata və ata olmağa hazırlaşan şəxs faydalanacaq.
2020-ci ildən etibarən icra edilən layihənin növbəti fazası çərçivəsində atalar məktəbləri formatında baş tutacaq görüşlərin əsas məqsədi gənc ataları və ata olmağa hazırlaşan şəxsləri övladlarının inkişafı prosesində fəal iştiraka cəlb etməklə ailələrdə oturuşmuş gender-əsaslı stereotipik davranış normalarının dəyişdirilməsinə töhfə verməkdən ibarətdir.
5-7 iyul 2024-cü il tarixlərində Quba rayonunda layihənin əhatə etdiyi regionlardan seçilmiş fasilitatorların bilik, bacarıq və məlumatlılığının artırılması məqsədilə təlim sessiyaları təşkil edilib. Sessiyalar gender bərabərliyinin təmin olunmasında ataların rolunun əhəmiyyəti, gənc ata və ata olmağa hazırlaşan şəxslərin maarifləndirilməsi yolu ilə gender əsaslı cins seçimi və digər zərərli təcrübələrlə mübarizə, məsuliyyətli atalığın düzgün aşılanmasını təmin etmək üçün təlim metodologiyalarının hazırlanması kimi mövzular üzərində qurulub.
Atalar məktəblərində keçiriləcək seminarlar ailə planlanmasının sağlam cəmiyyətin formalaşdırılmasındakı rolu, sağlam ailə modeli və gender bərabərliyi prinsiplərinə əsaslanan dəyərlər, qız övladının dəyərinin təşviqi yolu ilə ailələrdə oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması, uşaqlara qulluq və qayğı, eləcə də digər məişət öhdəliklərinin kişi və qadın arasında bərabər bölgüsü, ataların icmaları daxilində şəbəkələşməsinin əhəmiyyəti kimi mövzuları əhatə edəcək.
İyul - Sentyabr ayları ərzində davam edəcək atalar məktəblərində keçiriləcək seminarlar ailə planlanmasının sağlam cəmiyyətin formalaşdırılmasındakı rolu, sağlam ailə modeli və gender bərabərliyi prinsiplərinə əsaslanan dəyərlər, qız övladının dəyərinin təşviqi yolu ilə ailələrdə oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması, uşaqlara qulluq və qayğı, eləcə də digər məişət öhdəliklərinin kişi və qadın arasında bərabər bölgüsü, ataların icmaları daxilində şəbəkələşməsinin əhəmiyyəti kimi mövzuları əhatə edəcək.
Layihədə İsmayıllı, Mingəçevir, Bərdə, Lənkəran, Sabirabad və Qubada yaşayan, məsuliyyətli atalıq mövzusu ilə yaxından tanış olmağa həvəsli olan gənc atalar və ata olmağa hazırlaşan şəxslər iştirak edə bilər.
Layihə iyul-avqust aylarında Lənkəran, Sabirabad və Qubada, avqust-sentyabr aylarında isə Mingəçevir, Bərdə və İsmayıllıda həftədə 1 dəfə olmaqla keçiriləcəkdir. Layihədə iştirak ödənişsizdir, görüşlərin 80%-də iştirak edən iştirakçılara sonda iştirakçı sertifikatı veriləcək. Layihədə iştirak etmək üçün https://bit.ly/AtalarMəktəbiİştirakçılar2024 qeydiyyat formunu doldurmağınız tələb olunur.