Müəllimlər üçün kitab tövsiyəsi - SİYAHI | Təhsil Elanları
Müəllimlər üçün kitab tövsiyəsi - SİYAHI
Bölmə:Xəbərlər 58 dəfə oxunub
03.11.2024

Müəllimlərin oxuduğu kitablar onların pedaqoji biliklərini artırmaqla yanaşı, dərsdə daha effektli olmağa kömək edən bələdçi rolunu oynayır.

“Azərbaycan müəllimi” xəbər verir ki, “Azərbaycan Məktəbi” jurnalının saytında mütaliənin şagird və tələbələrin dünyagörüşünün formalaşmasında, maraq dairəsinin genişlənməsində və şəxsi inkişafında rolu ilə bağlı məqalələr dərc olunub. Bu dəfəki məqalə və təqdim olunan ədəbiyyat siyahısı isə müəllimlər və müəllimliyə namizədlər üçün nəzərdə tutulub. Şagirdlərin motivasiyası, zorakılığa qarşı mübarizə, müəllim-şagird münasibətləri kimi mövzulara toxunan kitablar şagird və tələbələrlə uğurlu ünsiyyət qurulmasında əhəmiyyətli rol oynayır.

“Dergipark” jurnalında yayımlanan məqalədə qeyd olunur ki, pedaqoqların öz biliklərini möhkəmləndirməklə yanaşı, onları ruhlandıran kitablar oxuması da vacibdir. Pedaqoqlar üçün mütaliə ilk növbədə öz peşəkar inkişafları üçün lazımdır. Onlar kitablardakı innovativ tədris strategiyalarından və tədqiqata əsaslanan yanaşmalardan yararlana və uğurlu sinif idarəçiliyi haqqında ətraflı məlumat əldə edə bilərlər. Təcrübəli və gələcək müəllimlərin oxumalı olduğu kitablar təhsil, fəlsəfə, öyrənmə müxtəlifliyi ilə bağlı fərqli perspektivlər təklif edir. Bu kitablardan öyrənməklə müəllimlər öz meyar və tətbiq üsullarına yenidən baxa bilərlər. Tənqidi düşüncəni öyrədən kitablar sayəsində alternativ yanaşmalarla sinifdə fasiləsiz və daha uğurlu təhsil prosesi yaratmaq mümkündür. Bütün bu üstünlüklərdən əlavə, mütaliə edən müəllimlər şagirdlərə gözəl nümunə olurlar. Bu yolla onlar şagirdlərinin də mütaliə vərdişinin formalaşmasına, oxuduqları kitabların müzakirələri ilə sinifdə intellektual mühitin yaranmasına töhfə verə bilərlər.

Müəllimlər üçün faydalı sayılan kitablardan bəzilərini təqdim edirik:

  • Uilyam Qlasserin “Uğursuz məktəb” kitabının hədəfi uğurlu əlaqələr qurmaqla şagirdlərin təfəkkürünü inkişaf etdirməkdir. Bu kitab sayəsində müəllimlər uşaqların ehtiyac duyduğu təhsili onlara daha asan yollarla çatdırmaq vasitələrini öyrənirlər.
  • ABŞ-nin Virciniya Universitetinin professoru Patrisiya A. Cenninqsin “Müəllimlər üçün bilik” kitabında neyrologiya, psixologiya və təhsil məsələlərini birləşdirən bir çox tövsiyələr tapmaq mümkündür.
  • Məşhur yazıçı Qüstav Floberin “Emosional təhsil” kitabı 1849-cu ildə yazılsa da ümumi peşə mədəniyyətini artıracaq qaynaqlardan sayılır. Kitabda romantik cəmiyyətdən sənaye mədəniyyətinə keçidin yaratdığı problemlər ürək ağrısı ilə təsvir edilib.
  • Başqa bir tarixi kitab Jan Jak Russonun “Emil və ya təhsil haqqında”əsəridir. Russonun bu əsərində uşaqların fəlsəfi baxımdan daha maraqlı və dolğun həyat yaşaya bilməsi üçün onların tərbiyəsinə yönələn təkliflərə yer ayrılıb.
  • İmmanuel Kantın “Təhsil haqqında” kitabı əbədi aktuallığa malik əsərlərdəndir. Kitab təkcə pedaqoqların deyil, həm də valideynlərin mütləq oxumalı olduğu ədəbiyyat siyahısında ilk yerlərdədir.
  • “Dünya Məktəbi” Khan Academy-nin qurucusu Salman Xanın uğurundan bəhs edir. Kitabdan texnologiya və təhsilin bir məcraya gətirilməsi və onun insan mərkəzli qurulması ilə bağlı uğur hekayəsini oxumaq olar.
  • Qriqori Petrovun “Ağ zanbaqlar ölkəsi” əsəri yüz ilə yaxındır ki, oxunmalı ədəbiyyat siyahılarının onluğuna daxil edilir. 1928-ci ildə Mustafa Kamal Atatürkün göstərişi ilə türkcəyə çevrilən kitab həmin dövrün tədris proqramına daxil edilib.
  • Türkiyəli mütəxəssis Çağlayan Babacan “Müəllimlər üçün bədən dili” kitabında pedaqoqlara fərqli tövsiyələr verir. Onun fikrincə, müəllimlər bilik, təcrübə və peşəkarlıqla yanaşı, həm də bədən dilindən istifadə etməklə daha uğurlu təhsil verə bilərlər.
  • Məşhur psixoloq Doğan Cücəlioğlunun “Müəllim, baxa bilərsənmi?” əsəri müəllimlərin gücündən bəhs edir. Hansı təhsil sistemində olmağından, texnologiyaların nə qədər inkişaf etməsindən asılı olmayaraq müəllimin şagirdlə üz-üzə gəldiyi anın gücünü təsvir edir.
  • Paulo Freyenin “Məzlumların pedaqogikası” da insanlara dünya ilə münasibətlərini tanımağa kömək edir.
  • “Dünyanı dəyişdirən beş tənlik” kitabında Harvard Universitetinin müəllimi olan, “bestseller”lər müəllifi Maykl Guillen beş böyük alimin həyat mübarizəsindən və onların uğur qazanmaq iddialarından bəhs edir.

Dünyanın bir çox ölkələrində müəllimlərin mütaliə bacarıqlarının genişləndirilməsi üçün xüsusi təlim və ustad dərsləri keçirilir. Bu təlimlərdə müəllimlərin mütaliə bacarıqlarının inkişafı sahəsində innovativ ideyaların tətbiqinə fikir verilir.