Məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirmə prosesinə başlanılıb | Təhsil Elanları
Məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirmə prosesinə başlanılıb
Bölmə:Xəbərlər 59 dəfə oxunub
19.10.2024

Oktyabrın 19-da ölkə üzrə məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi prosesinə start verilib. 
 

Prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunub. 
 

İki gün davam edəcək bu imtahanlarda ümumilikdə 13 minə yaxın tərbiyəçi-müəllim və metodistin iştirakı nəzərdə tutulur.
 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, müstəqil ekspertlər və digər maraqlı tərəflər də  qiymətləndirmə prosesinin ilk gününü izləyiblər.
 

Müşahidəçilərə məlumat verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova bildirib ki, diaqnostik qiymətləndirmə əsasən tərbiyəçi-müəllimlərin peşəkar inkişafına dəstək məqsədi daşıyır. Sözügedən proses növbəti illərdə keçiriləcək sertifikatlaşdırma imtahanlarına hazırlıq xarakterlidir. 
 

İctimai Şuranın üzvləri, eləcə də digər infotur iştirakçıları öz növbələrində  prosesin şəffaf şəkildə təşkilini, məktəbəqədər təhsilin uşaqların gələcək həyatında böyük rol oynadığını və bu qiymətləndirmə prosesinin tərbiyəçi-müəllimlər üçün çox vacib olduğunu vurğulayıblar. Bildirilib ki, bu proses həm də tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarını müəyyənləşdirmək imkanı verəcək. 
 

Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirmə sabah da davam edəcək.