DQMK-dan deputatın iradlarına CAVAB: “Zahid Orucun nəzərinə çatdırırıq ki...” | Təhsil Elanları
DQMK-dan deputatın iradlarına CAVAB: “Zahid Orucun nəzərinə çatdırırıq ki...”
Bölmə:Dövlət qulluğu 1037 dəfə oxunub
11.03.2015

4 mart 2015-ci il tarixdə Modern.az xəbər portalında (http://tehsil.im/?m=yazi&id=989) “Deputatdan dövlət qurumunun rəhbərinə İTTİHAM: “Onu imtahana çəkmək lazımdır” başlıqlı məqalə dərc olunub. Qeyd olunan məqalə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zahid Orucun Modern.az saytına verdiyi açıqlaması əsasında hazırlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya deputatın ittihamına cavab verib. Komissiyanın mətbuat xidmətindən Modern.az-a təqdim olunan cavabda bildirilir:

- Yazıda millət vəkili dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqənin müsahibə mərhələsi, ehtiyat kadrlar siyahısı, ümumilikdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ləğvi kimi məsələlərə toxunub. Bununla Zahid Oruc Komissiya haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirib və onun fəaliyyətinə kölgə salmağa cəhd edib.

Məqalədə qeyd olunan yanlışlıqlara aydınlıq gətirmək və oxucularda Komissiyanın fəaliyyəti ilə bağlı düzgün olmayan təəssürat yaradılmasının qarşısını almaq üçün Komissiya bəzi məqamları vətəndaşların diqqətinə çatdırmağı lazım bildi.

1. Qeyd edək ki, 2006-cı ilin oktyabrından fəaliyyətə başlayan Komissiya dövlətimizin inkişafına, xalqımızın istək və arzularının daha çevik və səmərəli şəkildə həyata keçirilməsinə xidmət edən dövlət idarəçiliyi sistemini müasir tələblərə cavab verən kadrlarla təmin edir. Biz əminliklə deyə bilərik ki, dövlət qulluğuna qəbulda neqativ halların qarşısı alınmışdır. Bu fakt ölkə ictimaiyyəti, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və ölkə mətbuatı tərəfindən dəfələrlə qeyd olunmuşdur.

2. Dövlət qulluğuna qəbulla bağlı təşkil olunan müsabiqənin test imtahanı mərhələsinin obyektiv keçirildiyini bildirən Zahid Oruc müsahibə mərhələsində qeyri-obyektivlikdən danışır. Məntiqsizlikdir. Müsabiqənin birinci mərhələsi olan test imtahanının təşkilatçısı yalnız Komissiyadır. Bu mərhələnin obyektivliyini Zahid Oruc qəbul edir. Nəzərə çatdırırıq ki, test imtahanı Komissiyanın test mərkəzlərində kompüter vasitəsilə keçirilir və hər bir namizədə test imtahanını bitirdiyi an onun nəticələrini özündə əks etdirən “Test imtahanının nəticəsi barədə” arayış təqdim edilir. Müsahibə mərhələsindəisə Komissiyanın nümayəndəsindən başqa, vakant vəzifənin aid olduğu dövlət orqanının nümayəndəsi və müstəqil ekspert də iştirak edir. Müstəqil ekspertlər həm ali təhsil və elmi-tədqiqat müəssisələrində çalışan saf və yüksək reputasiyalı pedaqoq və alimlər, həm də QHT nümayəndələridir.

Komissiya müsabiqə və müsahibələrin şəffaf, obyektiv və aşkar keçirilməsi, dövlət qulluğuna qəbul sahəsinə ictimai nəzarətin və etimadın yüksəldilməsi, namizədlərin potensialının, bilik və bacarıqlarının hərtərəfli qiymətləndirilməsi məqsədilə aşağıdakı tədbirləri həyata keçirir:

müsabiqə və müsahibələrin gedişi barədə məlumatlar (elan, qeydiyyat, vakant vəzifələrin rəqabətlilik dərəcələri, test imtahanı tarixləri və nəticələri, müsahibə aparılması qrafikləri və nəticələri, digər statistik göstəricilər) Komissiyanın rəsmi saytında yerləşdirilməsi;
- onlayn qeydiyyatın aparılması;
- test imtahanının onlaynizlənilməsi;
- müsahibələrin videoçəkilişinin aparılması;
- müsahibə komissiyası üzvlərinin müsabibəninqiymətləndirilməsi zamanı verdiyi ümumi ballar arasında müsahibə nəticəsinə təsir edən fərq (3 və daha çox bal) olduqda onun araşdırılması və müvafiq qərarın qəbul edilməsi;
- test imtahanı və ya müsahibənin nəticəsindən narazı qalan namizədin apelyasiya şikayətinə baxılması və müvafiq qərarın çıxarılması;
- Apelyasiya komissiyası tərəfindən müsahibənin nəticəsi ilə bağlı aparılan araşdırmalarda müsahibələrin video çəkilişindən istifadə olunması.

Komissiya öz fəaliyyətində aşkarlıq və şəffaflıq prinsiplərinə sadiq qalaraq dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqə və müsahibə proseslərini cəmiyyət üçün açıq elan etmişdir. Belə ki, QHT və KİV nümayəndələri, həmçinin, istənilən vətəndaş dövlət qulluğuna qəbulla bağlı Komissiya tərəfindən keçirilən müsabiqələrin hər iki mərhələsində müşahidəçi qismində iştirak edə bilər. Müsahibə mərhələsi barədə dediyi fikirlərin yanlış olduğunu görmək üçün Zahid Orucun özü də müsahibə mərhələsində müşahidəçi kimi iştirak edə bilər.

Bundan başqa vətəndaşların test imtahanına daha yaxşı hazırlaşmasına imkan vermək və bütün namizədlər üçün bərabər başlanğıc vəziyyət yaratmaq, habelə şəffaflığı təmin etmək məqsədilə test tapşırıqlarının tərtibində istifadə edilən mövzular və müvafiq ədəbiyyat siyahısından ibarət test imtahanı proqramları Komissiyanın internet saytında yerləşdirilmişdir. Müsabiqənin elan olunub-olunmamasından asılı olmayaraq, vətəndaşlarımız istənilən zaman Komissiyanın saytından test imtahanı proqramlarını əldə edə bilərlər.

3. Məqalədə millət vəkili Komissiyanın keçirdiyi müsabiqələrin statistikası barədə təhrif edilmiş məlumat vermişdir. Yazıda qeyd olunmuşdur ki, birinci mərhələni keçən 45 min şəxsdən 41 mini ikinci mərhələdə kəsilmiş və cəmi 4 min nəfər dövlət qulluqçusu adını qazanmışdır. Zahid Oruc Komissiyanın illik hesabatı ilə yaxından tanış olsaydı düzgün və dolğun statistika ilə qarşılaşardı.

Belə ki, 2007-2014-cü illərdə Komissiya tərəfindən elan edilmiş müsabiqələrdə

  • · qeydiyyatdan keçənlərin sayı - 55546 nəfər,
    · test imtahanı mərhələsində iştirak etməyənlərin sayı - 13352(24.04%) nəfər,
    · test imtahanı mərhələsində iştirak edənlərin sayı - 42194 nəfər,
    · test imtahanı mərhələsində uğur əldə edənlərin sayı - 13170(test mərhələsində iştirak edən namizədlərin 31.21%-i) nəfər,
    · müsahibə mərhələsində iştirak etməyənlərin sayı - 895(6.8%) nəfər,
    · müsahibə mərhələsində iştirak edənlərin sayı - 12275nəfər,
    · vəzifəyə uyğun hesab edilənlərin sayı - 3848 (müsahibə mərhələsində iştirak edən namizədlərin 31.35%-i) nəfər,
    · vakant dövlət qulluğu vəzifələrinə təyin olunanların sayı - 3235(müsahibə mərhələsindən uğurla keçən namizədlərin 84.1%-i) nəfər,
    · ehtiyat kadrlar siyahısından vakant dövlət qulluğu vəzifələrinə təyin olunanların sayı –441nəfər.

Ümumiyyətlə, müsabiqə, ümumi müsahibə və müsahibələr nəticəsində vakant dövlət qulluğu vəzifələrinə təyin olunanların sayı isə 4357 nəfər olmuşdur.

4. Zahid Orucun “Əminliklə deyirəm ki, bu dövlət komissiyasının rəhbəri daxil olmaqla heç biri mövcud şərtlər altında dövlət qulluğuna qəbul oluna bilməz” fikrinə gəlincə isə bildirmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hər bir əməkdaşı müsabiqədə iştirak etmiş, test imtahanı və müsahibə mərhələsindən uğurla keçərək dövlət qulluğu vəzifəsinə təyin olunmuşdur. Komissiyanın sədr və sədr müavinin müsabiqədən keçmək məsələsinə gəldikdə isə millət vəkilinin nəzərinə çatdırmaq istərdik ki, dövlət orqanlarının rəhbər vəzifəli şəxsləri Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə vəzifəyə təyin olunurlar.

5. Yazıda millət vəkili müsabiqənin müsahibə mərhələsinin ləğv edilməsi və müsabiqədə ümumiyyətlə insan faktorunun olmaması ilə bağlı təkliflə çıxış etmişdir. Həmin təklifə cavab olaraq bildiririk ki,dövlət orqanlarında çalışan dövlət qulluqçuları vətəndaşlara xidmət etdiyi üçün onlarla daim qarşılıqlı ünsiyyətdə olur. Buna görə də, müsahibə mərhələsində namizədin ixtisas üzrə bilikləri, müsahibə proqramları üzrə bilikləri, vəzifənin tutulma şərtlərinə uyğun olaraq xarici dil və informasiya texnologiyaları üzrə bilikləri, nəzəri və qanunvericilik biliklərinin tətbiqi bacarığı, ümumi dünyagörüşü ilə yanaşı onun emosional stabillik, məsuliyyətlilik, dürüstlük, özünütənqid, nüfuzetmə, təhlil etmə, ünsiyyət qurmaq kimi keyfiyyətlərinin,danışıq, özünü ifadə etmək, təşkilatçılıq, yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə qabiliyyətinin, eləcə də dövlət qulluqçusu üçün vacib məsələlərdən olan etik davranış qabiliyyətinə malik olub olmaması yoxlanılır. Qeyd edilən keyfiyyət və qabiliyyəti isə test imtahanı vasitəsilə nə müşahidə etmək, nə də qiymətləndirmək mümkün deyil.

Hazırda sonuncu müsabiqənin müsahibə mərhələsi davam edir. Zahid Orucu aprelin 7‑nə kimi keçiriləcək müsahibələrdə müşahidəçi kimi iştirak etməyə dəvət edirik. Onda özü müsahibə mərhələsinin vacibliyinə şahid olar.

Namizədlərin müsahibə mərhələsinə daha yaxşı hazırlaşmasını təmin etmək və onları düzgün vəzifə seçiminə yönəltmək məqsədilə Komissiya müsahibə zamanı namizədlərə veriləcək sualları əhatə edən mövzular və bu mövzular üzrə ədəbiyyat siyahısı olan müsahibə proqramlarını müsabiqə və ya ümumi müsahibə elan olunan andan özünün internet saytında yerləşdirir.

Diqqətə çatdırırıq ki, dünyanın inkişaf etmiş ölkələlərin əksəriyyətində müsahibə dövlət qulluğuna qəbul prosesinin çox mühüm mərhələsi sayılır.

6. Ehtiyat kadrlar siyahısına gəlincə, Zahid Orucun nəzərinə çatdırırıq ki, “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul qaydaları”na edilmiş dəyişikliyə əsasən vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində tək Komissiyada yox, həm də dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifələr olduqda, namizədlər onların razılığı ilə bu vəzifələrə təyin edilir. Ehtiyat kadrlar siyahısında olan vətəndaşlarımız illərlə növbə gözləmir. Əgər millət vəkili Komissiyanın rəsmi internet saytının (www.dqmk.gov.az) “Dövlət qulluğuna qəbul” bölməsinin “Ehtiyat kadrlar” altbölməsinə baxsa idi, onda “Ehtiyat kadrların formalaşdırılması qaydaları” və ehtiyat kadrlara dair qərarlarla tanış ola bilərdi. 2007-ci ildən indiyə kimi keçirilən müsabiqələr nəticəsində ehtiyat kadrlar siyahısına daxil edilmiş 1055 nəfərdən 441-i dövlət orqanlarında analoji vakant vəzifələrə təyin edilmişdir. Digərlərinin isə analoji vakant vəzifələrə təyinatı üzrə işlər davam etdirilir.

Nəzərə çatdırırıq ki, Komissiyanın təşkil etdiyi müsabiqələr nəticəsində qalib olan namizədlərə dövlət orqanları çox yüksək qiymət verir və etimad göstərir. Belə olmasaydı gənc olmalarına baxmayaraq, bir müddətdən sonra, onlara şöbə müdiri vəzifəsini və hətta dövlət orqanlarında ən yüksək dövlət qulluğu vəzifəsi olan aparat rəhbəri vəzifəsini etibar etməzdilər.

Komissiyanın fəaliyyətindəki aşkarlıq və şəffaflıq, vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə və obyektivlik əsasında keçirildiyi ölkə ictimaiyyəti, vətəndaş cəmiyyəti, dövlət orqanları və beynəlxalq təşkilatlar tərəfindən də həmişə yüksək qiymətləndirilmişdir:

- Avropa İttifaqının və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə təşəbbüsü  ilə yaradılmış SİGMA proqramı ekspertləri tərəfindən 2014-cü ildə hazırlanmış “Şərq Tərəfdaşlığı çərçivəsində dövlət qulluğu üzrə aparılmış müqayisəli təhlil”i əks etdirən hesabatda dövlət qulluğuna qəbul üzrə müsabiqə və müsahibələrin mərkəzləşdirilmiş qaydada şəffaf və obyektiv həyata keçirildiyinə görə Şərq Tərəfdaşlığı ölkələri (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Belarus) arasında Azərbaycan birinci yerə layiq görülmüşdür.

- Dünya Ana və Uşaq İctimai Birliyi ilə Dunyaxeber.com İnformasiya Agentliyinin “Hökumət orqanlarının vətəndaşlarla əlaqə və xalqa xidmət sahəsində gördüyü işlər” mövzusunda birlikdə apardığı monitorinqin nəticəsinə görə 2014-cü ildəişəgötürmə sahəsində ən şəffaf fəaliyyət göstərən qurum Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya olmuşdur.

- 2012 və 2013-cü illərdə BMT-nin Dövlət Qulluğu Mükafatı Proqramına Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu, “Şəffaflıq Azərbaycan” tərəfindən Komissiyanın namizədliyi təqdim edilmişdir. Hər iki ildə də Komissiya “Dövlət xidmətlərinin çatdırılmasınıntəkmilləşdirilməsi” nominasiyası üzrə birinci mərhələni uğurla keçmiş, ikinci mərhələlərdə isə ilk onluqda yer almışdır. Qeyd edək ki, BMT-nin Dövlət Qulluğu Mükafatı illik müsabiqə yolu ilə dünyanın bütün ölkələrində daha səmərəli və məsuliyyətli dövlət idarəçiliyini həyata keçirən dövlət qurumlarının yaradıcı nailiyyətlərini və fəaliyyətlərini mükafatlandırır.

- 2010-cu il. Komissiyanın fəaliyyətindəki obyektivlik, aşkarlıq və şəffaflığı digər dövlətlərdə olan analoji qurumlara göstərmək üçün Mərakeş Krallığında Mərakeş Krallığı hökumətinin, Fransa Respublikasının Xarici İşlər Nazirliyinin, Avropa İşləri üzrə Nazirliyinin və BMT-nin İnkişaf Proqramının (UNDP) birlikdə təşkil etdikləri Qlobal Tədbirdə UNDP tərəfindən çəkilən və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın UNDP ilə birlikdə “Dövlət Qulluğu Sistemində İslahatların aparılması vasitəsilə Yaxşı İdarəçilik” layihəsinin uğurla həyata keçirilməsi barədə filmin nümayişi olmuşdur.

Komissiyanın rəsmi www.dqmk.gov.az internet saytı informasiya açıqlığına və şəffaflığa görə Media Hüququ İnstitutu və Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən aparılan monitorinqlərin nəticəsinə əsasən dəfələrlə yüksək yerlərə layiq görülmüşdür:

  • · Media Hüququ İnstitutu tərəfindən aparılan monitorinqlərin nəticəsinə əsasən 2010, 2011 və 2013-cü illərdə müvafiq olaraq 45, 47 və 67 dövlət qurumunun internet saytları arasındabirinci,
    · Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən aparılan monitorinqlərin nəticəsinə əsasən 2009, 2012 və 2014-cü illərdə müvafiq olaraq 60, 131 və 141 dövlət qurumu və bələdiyyənin internet saytları arasında üçüncü olmuşdur.

Sonda qeyd etmək istərdik ki, Komissiya öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və digər qanunvericilik aktlarına uyğun olaraq qurur və Azərbaycan Respublikasının Prezidentinin dövlət qulluğu sahəsindəki siyasətini həyata keçirir.