Martın 15-i imtahandır | Təhsil Elanları
Martın 15-i imtahandır
Bölmə:Tələbə qəbulu 625 dəfə oxunub
11.03.2015

Rezidentura səviyyəsinə qəbul imtahanı olacaq

Rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini martın 15-də keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, imtahan Bakı şəhərində 3 binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binaları və Bakı Qızlar Universitetində, eləcə də Naxçıvan şəhərində 1 binada – Naxçıvan Dövlət Universitetinin Hüquq korpusunda keçirilir və bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. 

Namizədlər martın 4-dən etibarən öz elektron ərizələrinə daxil olaraq "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edirlər. 

İmtahanda iştirak etmək üçün namizədlər aşağıdakı sənədləri mütləq təqdim etməlidirlər: 
- "Namizədin imtahana buraxılış vərəqəsi"ni 
- şəxsiyyəti təsdiq edən sənədin əslini 
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Birinci mərhələdə namizədlərə baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 27-də keçiriləcək və ikinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar. 

Məlumat üçün bildirək ki, imtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə 2015-ci il fevralın 16-dan 23-dək aparılıb və 1245 nəfər namizəd elektron ərizə doldurub təsdiq edib. Onlardan 913 nəfəri qız, 332 nəfəri isə oğlanlardır. 1050 namizəd Azərbaycan bölməsinin, 195 namizəd rus bölməsinin, 552 namizəd cari ilin, 693 namizəd isə əvvəlki illərin məzunudur.

Bakı şəhərində 1213, Naxçıvan şəhərində isə 32 namizədin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 18 imtahan rəhbəri, 132 zal nəzarətçisi ayrılıb.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının hər iki mərhələsi 2015-ci ilin iyul ayında keçiriləcək.